AZ EN RU

Xalqımız öz nicatını Naxçıvandan başlanan qurtuluşda –

Ulu Öndər Heydər Əliyevin böyük siyasətə qayıdışında tapdı

    Ötən əsrin 90-cı illərinin əvvəllərində, yenicə müstəqillik qazandığımız bir dövrdə Azərbaycanda cərəyan edən ictimai-siyasi proseslər ölkəni uçurumun bir addımlığına gətirib çıxardı, baş verən siyasi hərc-mərclik xalqımızın sabaha olan ümidlərinin tükənməsinə səbəb oldu. Siyasi və iqtisadi böhran şəraitində yaşayan Azərbaycan xilas yolu gözləyirdi. Həmin vaxt ölkədən təcrid olunmuş, blokada şəraitində yaşayan Naxçıvanın vəziyyəti isə daha acınacaqlı idi.
    Azərbaycanın bu ağır vaxtında, 1990-cı ilin iyulun 20-də sovet imperiyasının Azərbaycan xalqına qarşı yönəldilmiş məkrli siyasətinə qarşı cəsarətli və qətiyyətli mübarizələrinə görə  davamlı təqib və təhdidlərə məruz qaldığı üçün, xalqının ağır və çətin günlərində onunla birgə olmaq məqsədilə Moskvadan Bakıya, 2 gün sonra isə Naxçıvana gələn Ulu Öndər Heydər Əliyev xalqın əsl xilaskarına çevrildi. Ümummilli Liderimizin Naxçıvana qayıdışı əhali tərəfindən böyük ümid və sevinc hissi ilə qarşılandı. Naxçıvana gəldikdən qısa müddət sonra – 1990-cı il sentyabrın 30-da Azərbaycan və Naxçıvan parlamentlərinə keçirilən seçkilərdə xalq Ümummilli Lider Heydər Əliyevin namizədliyini yekdilliklə irəli sürməklə muxtar respublikanın, ümumilikdə isə Azərbaycanın qurtuluşunu məhz Ulu Öndərimizin yenidən siyasi hakimiyyətə qayıdışında gördü. 1990-cı ilin 17 noyabrında Naxçıvan parlamentinin yeni tərkibdə keçirilən ilk sessiyası deputatların böyük təkidi və istəyi nəticəsində dahi şəxsiyyət Heydər Əliyevin sədrliyi ilə öz işinə başladı. Sessiyada gündəliyə çıxarılan məsələlər və qəbul edilən tarixi qərarlar, ümumilikdə, Azərbaycanın müstəqilliyinə və suverenliyinə hesablanmışdı.  
    Xalqa, Vətənə sədaqətin, qırılmaz tellərlə bağlılığın məntiqi nəticəsi olaraq 1991-ci il sentyabrın 3-də keçirilən Naxçıvan Muxtar Respublikası Ali Məclisinin fövqəladə sessiyasında deputatların və iclas zalının qarşısına toplaşan minlərlə insanın təkidi ilə Ulu Öndər Heydər Əliyev Ali Məclisin Sədri seçildi. Bununla da Azərbaycan tarixində Ümummilli Liderin adı ilə bağlı olan daha bir səhifə açıldı. 
    Ali Məclisin Sədri kimi yorulmaq bilmədən çalışan Ümummilli Liderimiz real düşmən təcavüzünə məruz qalan Naxçıvanın, ilk növbədə, müdafiə qabiliyyətini gücləndirməyə başladı. 1991-ci il sentyabrın 7-də Ali Məclis “Naxçıvan Muxtar Respublikası Dövlət Milli Müdafiə Komitəsinin yaradılması haqqında” Qərar qəbul etdi. Bu qərar Naxçıvanın müdafiə qabiliyyətinin gücləndirilməsi istiqamətində görülən işlərin başlanğıc nöqtəsi idi. 
    Həmin  dövrdə Naxçıvan Muxtar Respublikasında xarici iqtisadi əlaqələrin qurulması sahəsində də mühüm addımlar atılırdı. Ulu Öndər 1992-ci ildə qardaş Türkiyə Cümhuriyyətinə və qonşu İran İslam Respublikasına səfərlər etdi və bu zaman keçirilən görüşlərdə iqtisadi sahədə əməkdaşlığa dair mühüm  protokollar imzalandı. Protokollara əsasən hər iki dövlətlə iqtisadi, mədəni, təhsil və digər sahələrdə qarşılıqlı münasibətlər quruldu, Araz çayı üzərində “Ümid” körpüsü tikilib istifadəyə verildi. Eyni zamanda həmin vaxt enerji təhlükəsizliyinin təmin olunması istiqamətində də bir sıra layihələr reallaşdırıldı. Ümummilli Liderimiz Heydər Əliyev öz fəaliyyəti ilə təkcə muxtar respublikada yox, bütövlükdə, Azərbaycan miqyasında ölkə­mizin parlaq gələcəyinə olan inam hissini alovlandırmışdı. Azərbaycanın digər regionlarında yaşayan insanlar həmin dövrdə dahi siyasətçiyə teleqramlar, məktublar göndərir, xalqın üzləşdiyi bəlaların məhz Onun müdrik və uzaqgörən siyasəti nəticəsində həll olunacağına inamlarını ifadə edirdilər.
    Belə bir vaxtda dahi şəxsiyyətin Azərbaycanda siyasi hakimiyyətə qayıdışı getdikcə bir zərurətə çevrilirdi. Xalq qəti əmin idi ki, ölkəni düşdüyü ağır siyasi böhrandan çıxarmağın, torpaqların itirilməsi təhlükəsindən xilas etməyin yeganə yolu Ulu Öndər Heydər Əliyevin Azərbaycan rəhbərliyinə qayıdışındadır. 
    Azərbaycanın məhvə sürükləndiyi bir vaxtda xalq yeganə ümid və xilas yolunu Naxçıvandan başlanan qurtuluşda – Ümummilli Liderimiz Heydər Əliyevin böyük siyasətə qayıdışında tapdı. 1993-cü ilin 9 iyununda dahi siyasətçi xalqın təkidli tələbi ilə Bakıya gəldi. Böyük siyasətə yenidən qayıdış  yalnız bir amala – xalq və dövlətin üzləşdiyi bəladan qurtarmaq məramına xidmət edirdi. 
    Tarixə nəzər saldıqda bir daha görərik ki, görkəmli dövlət xadiminin Naxçıvana qayıdışı ölkəmizin həyatında yeni mərhələnin başlanğıcına çevrildi, Naxçıvanda müstəqil dövlət quruculuğu istiqamətində mühüm qərarlar qəbul olundu və ölkəmizin müstəqilliyi yolunda ilk addımlar məhz bu qədim Azərbaycan diyarında atıldı.
    Ümummilli Lider Heydər Əliyevin Naxçıvanda fəaliyyət göstərdiyi 1990-1993-cü illər Azərbaycanın müstəqil dövlət quruculuğu tarixində ən mühüm dövr sayılır. Həmin dövrdə Azərbaycanda baş verən hadisələr ölkəni faktiki olaraq müstəqilliyini itirmək həddinə gətirib çıxarmış, vətəndaş müharibəsi başlamışdı. 1993-cü il iyunun 4-də baş verən Gəncə hadisələri isə qardaş qırğını ilə bərabər, ölkəni real olaraq parçalanmaq təhlükəsi ilə də üz-üzə qoymuşdu. Görkəmli dövlət xadimi Heydər Əliyev məhz belə bir çətin dövrdə xalqın tələbi ilə 1993-cü il iyunun 15-də yenidən siyasi hakimiyyətə qayıtdı. Bununla da ölkəmizdə milli qurtuluş hərəkatının əsası qoyuldu və 15 iyun müstəqil Azərbaycan dövlətinin tarixinə “Milli Qurtuluş Günü” kimi daxil oldu. Azərbaycan Respublikasının Milli Məclisi 1997-ci il 27 iyun tarixli Qərarı ilə dahi şəxsiyyətin ölkə rəhbərliyinə qayıdışı gününü rəsmi olaraq Azərbaycan xalqının Milli Qurtuluş Günü elan etmişdir. 
    Dahi siyasətçi öz ideyalarını əməli işi ilə reallığa çevirərək qısa müddətdə ölkədə baş alıb gedən hərc-mərclik və anarxiyanı aradan qaldırdı, müasir idarəçilik sistemi yaradıldı, vətəndaş həmrəyliyi bərpa olundu, iqtisadi tərəqqini şərtləndirən qlobal layihələr reallaşdırıldı. Bakı-Tbilisi-Ceyhan, Baki-Tbilisi-Ərzurum kimi nəhəng neft-qaz layihələrinin əfsanədən reallığa çevrilməsi müstəqil Azərbaycanın gələcəyi, Azərbaycan xalqının xoşbəxtliyi uğrunda atılmış  mütərəqqi addımlar kimi tarixə düşdü. 
    Ulu Öndər Heydər Əliyev həm də müstəqil Azərbaycan dövlətçiliyinin xilaskarı və qurucusu kimi çağdaş tariximizə möhürünü vurmuşdur. Tale 1993-cü ildə Azərbaycanı növbəti dəfə çətin sınaqlarla üz-üzə qoyanda xalqın yeganə xilaskarı kimi Ümummilli Lideri hakimiyyətdə görmək istəyi də məhz bu gerçəklikdən qaynaqlanırdı. Xalqımızın dahi oğlunun hakimiyyətə qayıdışı gerçəkləşməsəydi, indi biz müstəqil, qüdrətli, tərəqqi edən, yeniləşən və demokratikləşən Azərbaycan dövlətindən danışa bilməzdik. 1991-1993-cü illərdəki başabəla iqtidarın siyasi uğursuzluqları bir daha təsdiqlədi ki, xalqın inam və etimadına söykənməyən, onun iradəsini, istəyini nəzərə almayan hər hansı siyasi qüvvə Azərbaycan cəmiyyətində uzun müddət duruş gətirə bilməz.  
    Görkəmli dövlət xadimi ilk olaraq siyasi sabitliyə, milli həmrəyliyə nail oldu, torpaqlarımızın işğalının qarşısı alındı və atəşkəs elan edildi. Azərbaycanda tarixi ənənələrin, dünyəvi dəyərlərin məcmusu olan modern dövlətçilik konsepsiyası həyata keçirildi. Bir vaxtlar Azərbaycanı tanımaq belə istəməyən dünyanın əksər böyük dövlətləri artıq Azərbaycanla, onun rəhbəri ilə hesablaşmalı oldu. Ümummilli Lider uğurlu daxili və xarici siyasət həyata keçirdi, Azərbaycançılıq ideologiyasını dövlət siyasəti kimi müəyyənləşdirdi. Ölkəmizdə dövlət quruculuğu prosesinə başlandı, güclü ordu yaradıldı, ölkənin demokratik prinsiplərini, insanların siyasi hüquq və azadlıqlarının toxunulmazlığını bəyan edən müstəqil Azərbaycan Respublikasının ilk milli Konstitusiyası qəbul olundu.  
    Qürurla demək olar ki, Ulu Öndərin bizə əmanət qoyub getdiyi Azərbaycan, onun əbədiyyət qazandığı dövlət müstəqilliyi bu gün etibarlı əllərdədir. Dünya dövlətləri sırasında layiqli yerini tutan Azərbaycanın Ulu Öndərimiz tərəfindən müəyyənləşdirilən inkişaf xəttini hazırda ölkə başçısı cənab İlham Əliyev uğurla davam etdirir. 2003-cü ildən ötən dövrdə Azərbaycan Respublikasının beynəlxalq aləmdə mövqeləri daha da möhkəmləndirilmiş, ölkəmizin dünya dövlətləri arasında nüfuzu artmışdır. Azərbaycanın tranzit ölkəyə çevrilməsi bu qədim diyarda siyasi düşüncələrin, elmi fikirlərin, mədəniyyətlərin, dini baxışların dialoqunun baş tutmasını şərtləndirmişdir. Bu gün Azərbaycan bir çox beynəlxalq əhəmiyyətli tədbirlərin nümunəvi ev sahibi və təşkilatçısıdır. Avropa Şurasında, İslam Əməkdaşlıq Təşkilatında, BMT-nin Təhlükəsizlik Şurasında, Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatında, Qoşulmama Hərəkatında, YUNESKO-da, digər nüfuzlu təşkilatlarda Azərbaycanın xüsusi yeri vardır. 
    Dahi öndər Azərbaycanda dövlət müstəqilliyinin möhkəm təməllərini yaratmış, ölkə başçısı cənab İlham Əliyev isə müstəqil Azərbaycan Respublikasını dünyanın inkişaf etmiş dövlətlərindən biri səviyyəsinə çatdırmışdır. Heydər Əliyev Azərbaycanın iqtisadi inkişafında müstəsna rolu olan “Əsrin müqaviləsi”ni imzalatmaqla respublikanın gələcək inkişafının möhkəm təməlini qoymuşdur. Haqlı olaraq bu müqaviləyə “Heydər Əliyev kontraktı” da deyilir. Prezident cənab İlham Əliyev isə Bakı-Tbilisi-Ceyhan neft magistralını, Bakı-Tbilisi-Ərzurum qaz kəmərini çəkdirməklə müstəqil Azərbaycan Respublikasının iqtisadi inkişafında inqilab yaratmağa nail olmuşdur. Həmin beynəlxalq neft-qaz kəmərlərinin çəkilməsi və işə salınması ilə Azərbaycan Respublikasının iqtisadi müstəqilliyinin taleyi həll edilmişdir. Bundan sonra Şahdəniz qaz yataqlarının kəşf edilməsi, TANAP və TAP beynəlxalq magistrallarının çəkilməsi, Azərbaycan qazının Türkiyədən keçməklə Avropaya nəql edilməsi ilə Azərbaycanın iqtisadi inkişafında yeni bir zirvə fəth edilmişdir. 
   Ulu Öndər müstəqil dövlətimizin ordu quruculuğunun təməllərini atmış, cənab  İlham Əliyev Azərbaycan Ordusunu dünyanın əlli ölkəsinin ordusundan biri səviyyəsinə qaldırmışdır. 
       Əgər Ümummilli Liderimiz 90-cı illərin başlanğıcında I Qarabağ müharibəsini uduzmuş, pərakəndə partizan dəstələrini ləğv edərək müstəqil dövlətin Müdafiə Nazirliyini və onun tabeliyində müxtəlif təyinatlı ordu sistemini yaratmışdırsa, Prezident cənab İlham Əliyev Azərbaycan Ordusunu ən yüksək hərbi texnologiya ilə və peşəkar hərbi kadrlarla təchiz olunmuş, vətənpərvərlik ruhunda tərbiyə edilmiş əsgərlərdən ibarət sivil bir ordu səviyyəsinə çatdırmışdır. 
    Ulu Öndərin Azərbaycan Respublikasına rəhbərliyi dövründə Horadiz şəhəri və ətrafı ordumuz tərəfindən yağı düşməndən təmizlənmişdir. Bu, Qarabağı hərbi yolla qaytarmağın ilk mühüm sınağı olmuşdur. Qalib Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə böyük uğurla həyata keçirilmiş “Dəmir yumruq” əməliyyatı ilə rəşadətli Azərbaycan Ordusu II Qarabağ müharibəsində Ermənistanın təcavüzü nəticəsində düşmənin əlinə keçmiş Azərbaycan torpaqları işğaldan azad edilmişdir. Lələtəpə-Cocuq Mərcanlı qalibiyyət yürüşünün başlanğıcı, Günnüt-Naxçıvan uğurlu davamı, Qarabağ – Şuşa zirvəsi olmuşdur. Müzəffər Ali Baş Komandan, Prezident cənab İlham Əliyev II Qarabağ Vətən müharibəsini Zəfərlə başa çatdırdıqdan sonra Qarabağ ərazisində Böyük Qayıdış hərəkatına start vermişdir. Prezident cənab İlham Əliyev deyib: “Mən son illər ərzində dəfələrlə demişdim ki, Azərbaycan xalqı bu vəziyyətlə heç vaxt barışmayacaq, nəyin bahasına olursa-olsun, öz doğma torpaqlarını işğalçılardan azad edəcək və belə də oldu. Dediyim sözlər həyatda öz yerini tutdu və Azərbaycan qurtuluş savaşına başlayaraq, öz tarixi torpaqlarını işğalçılardan azad etdi, tarixi ədaləti bərpa etdi, işğalçıları bizim torpaqlardan qovdu və öz ərazi bütövlüyünü, torpaq bütövlüyünü bərpa etdi”.
    Naxçıvan Muxtar Respublikası da bugünkü dinamik inkişafına məhz Milli Qurtuluş yolundan keçərək nail olmuşdur. Son illər aparılan genişmiqyaslı quruculuq prosesləri qədim Naxçıvanın hüsnünü daha da gözəlləşdirmişdir. Həyata keçirilən iqtisadi islahatlar qısa tarixi dövr ərzində muxtar respublikada makroiqtisadi sabitliyin bərqərar olunmasını təmin etmiş, iqtisadiyyatın dinamik inkişafına təkan vermiş və əhalinin həyat səviyyəsini əhəmiyyətli dərəcədə yaxşılaşdırmışdır. Naxçıvan Muxtar Respublikası müstəqil Azərbaycanın hərtərəfli inkişaf etmiş qabaqcıl diyarına çevrilmişdir. Əlbəttə, bütün bunlar Milli Qurtuluş Gününün bəhrələridir. Bu gün blokada şəraitində olsa da, Naxçıvan yaşayır və inkişaf edir. Bütün bunlar dahi Heydər Əliyev siyasətinin təntənəsidir. 
    Yaşadığımız, şahidi olduğumuz tarix özü sübut edir ki, Milli Qurtuluş Günü tərəqqi, intibah dövrünə aparan mərhələnin başlanğıcıdır. Xalqımız hər il bu günü ümumxalq bayramı kimi Ümummilli Liderə dərin minnətdarlıq hissi ilə qeyd edir. Elə bunun ifadəsidir ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 2022-ci il 29 sentyabr tarixli “Azərbaycan Respublikasında 2023-cü ilin “Heydər Əliyev İli” elan edilməsi haqqında” Sərəncamı bütün xalqımız və Türk dünyası tərəfindən sevinclə qarşılanıb. Bu münasibətlə silsilə tədbirlər keçirilir. Azərbaycanı, onun müstəqilliyini bizə ərməğan etmiş Ulu Öndər bu günümüzün müəllifidir. Ona görə də Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin də dediyi kimi: “Müasir tariximiz 1993-cü ildən başlayır. O ildən Azərbaycan böyük və uğurlu yol keçmişdir, dövlətçiliyin əsasları qoyulmuşdur. Ulu Öndərin xalq qarşısında göstərdiyi xidmətlər misilsizdir. Azərbaycan xalqı Heydər Əliyev siyasətini qəlbində yaşadır və yaşadacaqdır”.

Gülcamal TAHİROVA

Nəşr edilib : 14.06.2023 23:20