AZ EN RU

Xalqımız 1941-1945-ci illər müharibəsində göstərdiyi qəhrəmanlığı 44 günlük Vətən müharibəsində bir daha nümayiş etdirdi

    İkinci Dünya müharibəsində faşizm üzərində qazanılan qələbədən 77 il ötür. 1941-1945-ci illər müharibəsi miqyasına, vurulan maddi zərərin həcminə və həlak olmuş insanların sayına görə bəşər tarixində baş vermiş müharibələrin ən ağırı, ən dəhşətlisidir. Milyonlarla insanın həlak olduğu, yaralandığı və əsir düşdüyü bu müharibədə Azərbaycan xalqının mərd oğul və qızları da şücaət göstərmiş, faşizm üzərində qazanılmış qələbədə böyük rol oynamışlar. Belə ki, müharibədə 600 mindən çox azərbaycanlı cəbhədə vuruşmuş, onların 300 mindən çoxu döyüşlərdə qəhrəmanlıqla həlak olmuşdur. 170 mindən artıq əsgər və zabitimiz müxtəlif orden və medallarla təltif edilmişdir. Azərbaycandan 130 nəfər Sovet İttifaqı Qəhrəmanı kimi yüksək ada layiq görülmüşdür. 

    Müharibədə fədakarlıq göstərən azərbaycanlılardan təşkil edilmiş 416-cı “Taqanroq”, 402-ci “Azərbaycan”, 223-cü “Belqrad” və 77-ci “Simferopol” diviziyaları şərəfli döyüş yolu keçmiş, soydaşlarımızın, təxminən, yarısı ağır döyüşlərdə qəhrəmancasına həlak olmuşdur. Müharibənin taleyində muxtar respublikamız da böyük rol oynamış, 402-ci diviziya Naxçıvanda formalaşdırılaraq cəbhəyə yola salınmışdır. Həmyerlilərimiz 223-cü diviziyanın tərkibində Macarıstan və keçmiş Yuqoslaviyanın faşistlərdən təmizlənməsində igidlik göstərmişlər. Qürurvericidir ki, 416-cı diviziya Şimali Qafqazdan Berlinədək ağır döyüş yolu keçmiş, diviziyanın əsgərləri Berlində qələbə bayrağını ilk qaldıranların sırasında olmuşlar.
    Müharibənin başlandığı gün – 1941-ci il iyunun 22-də Naxçıvan Muxtar Respublikasından 6492 nəfər orduya yollanmışdır. Ümumilikdə, 29 min 500 muxtar respublika sakini 1941-1945-ci illər müharibəsində iştirak etmişdir. Müharibəyə könüllü gedənlərdən yüzə yaxını qadınlar idi. Cəbhəyə yollanan naxçıvanlıların hər iki nəfərindən biri – 16 minə yaxın insan həlak olmuşdur. Üç həmyerlimiz – Abbas Quliyev, Nəcəfqulu Rəfiyev və Qəzənfər Əkbərov SSRİ-nin ən yüksək mükafatına – Sovet İttifaqı Qəhrəmanı adına, Rəhim Rəhimov “Şöhrət” ordeninin hər üç dərəcəsinə layiq görülmüşdür. 600 nəfər isə müxtəlif orden və medallarla təltif edilmişdir. 102 nəfər “Şöhrət” ordeninin ayrı-ayrı dərəcələri, 105 nəfər birinci və ikinci dərəcəli “Böyük Vətən müharibəsi”, 315 nəfər “Qırmızı Ulduz”, 29 nəfər “Qırmızı Bayraq” ordenləri ilə təltif edilmişdir. Həmin illərdə azərbaycanlılar arxa cəbhədə də fəallıqları ilə seçilmişlər. Onlar ordunun ehtiyacını ödəmək üçün qüvvələri səfərbərliyə almış, gecəni gündüzə qataraq çalışmış, qələbənin qazanılmasına öz töhfələrini verməyə səy göstərmişlər. 
    Faşizm üzərində tarixi qələbənin qazanılmasında Azərbaycan nefti böyük rol oynamışdır. Belə ki, həmin illərdə Sovet İttifaqında hasil olunan neftin dörddəüç hissəsi, aviasiya benzininin və yüksəkkeyfiyyətli sürtkü yağlarının 85-90 faizi Azərbaycanın payına düşürdü. Qələbənin təmin edilməsində həlledici rol oynamış sovet ordusunun tank və təyyarələrinin böyük əksəriyyəti Azərbaycan neftinin hesabına hərəkətə gətirilirdi. Görkəmli akademik Yusif Məmmədəliyevin 1941-1945-ci illərdə neft kimyası sahəsində etdiyi ixtiralar isə, ümumilikdə, sovet Azərbaycanının o dövrdə qələbəsi idi. Ölkəmizin bütün sənaye müəssisələri, xüsusən maşınqayırma zavodları silah və sursat istehsalı ilə məşğul idi. Müharibə dövründə Azərbaycanda 130 növ silah və sursat istehsal olunaraq cəbhəyə göndərilirdi. Bununla yanaşı, cəbhəyə kömək məqsədilə digər imkanlardan da istifadə olunurdu. Həmin dövrdə təkcə Naxçıvan Muxtar Respublikasından müdafiə fonduna 12 kiloqram qızıl və gümüş, 180 milyon 89 min manat nağd pul, 70 min ton ət və digər ərzaq məhsulları, 160 min dəstdən çox isti paltar, 10 mindən artıq bağlama göndərilmişdir.
    Vətən yolunda xidməti olan insanlardan heç vaxt qayğısını əsirgəməyən ümummilli lider Heydər Əliyev demişdir: “Veteranlar bizim qızıl fondumuzdur. Onlar hər cür qayğıya və hörmətə layiqdirlər. Azərbaycanın bütün ictimaiyyəti, bütün Azərbaycan xalqı bilməlidir ki, İkinci Dünya müharibəsinin veteranları bizim ən əziz, ən mötəbər insanlarımızdır. Onlara qayğı göstərmək, hörmət etmək, onların bütün problemlərini həll etmək bizim dövlətimizin və hər bir dövlət orqanının, hər bir Azərbaycan vətəndaşının borcudur”. Görkəmli dövlət xadiminin Azərbaycanda yenidən siyasi hakimiyyətə qayıdışından sonra 9 May respublikamızda “Qələbə Günü” kimi rəsmiləşdirilmiş, dövlət bayramları sırasına daxil edilmiş, müharibə veteranlarının sosial müdafiəsi ildən-ilə gücləndirilmişdir. Onların xatirəsinin əbədiləşdirilməsi istiqamətində sistemli və ardıcıl tədbirlər görülmüş, imtiyaz və statusları bərpa olunmuşdur.
    İkinci Dünya müharibəsində igidlik göstərən müharibə veteranları bu gün də hərtərəfli dövlət qayğısı ilə əhatə edilmişlər. “Biz veteranlarımıza çox mehriban münasibət bəsləyirik... Onlara vaxtaşırı mənzillər, istirahət üçün sahələr, pul mükafatları ayrılır. Onlar xalqımızın fəxridir. Biz həlak olanların xatirəsinə də ehtiramla yanaşırıq və əminik ki, gənc nəslin qəhrəmanlıq və Vətənə məhəbbət ənənələrini davam etdirməsi üçün onlar məhz bu cür fədakar qəhrəmanlıq və Vətənə məhəbbət ruhunda tərbiyə olunmalıdırlar”, – deyən Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev də 1941-1945-ci illər müharibəsi iştirakçılarına, arxa cəbhə veteranlarına xüsusi diqqət və qayğı göstərir. “Böyük Vətən müharibəsi iştirakçılarının “Böyük Vətən müharibəsində Qələbənin 75 illiyi (1945-2020)” Azərbaycan Respublikasının yubiley medalı ilə təltif edilməsi haqqında” 2020-ci il 1 may tarixli Sərəncam da bu təbəqədən olan vətəndaşlara dövlət başçısının xüsusi diqqət və qayğısının növbəti göstəricisidir. Qələbə bayramı ərəfəsində ölkə Prezidenti cənab İlham Əliyevin müharibə veteranlarına qayğının artırılması, onların sosial müdafiəsinin daha da möhkəmləndirilməsi ilə bağlı sərəncamlar imzalaması ənənə halını almışdır. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin “1941-1945-ci illərdə İkinci Dünya müharibəsində iştirak etmiş şəxslərə, həlak olmuş və ya sonralar vəfat etmiş döyüşçülərin dul arvadlarına, arxa cəbhədə fədakar əməyinə görə orden və medallarla təltif edilmiş şəxslərə birdəfəlik maddi yardım verilməsi haqqında” 2022-ci il 19 aprel tarixli Sərəncamı bu kateqoriyadan olan şəxslərin sosial müdafiəsi ilə bağlı həyata keçirilən tədbirlərin davamıdır.
    Naxçıvan Muxtar Respublikasında da müharibə veteranlarına xüsusi qayğı ilə yanaşılır, onların sosial müdafiəsi gücləndirilir, veteranlar sanatoriya və kurortlara göndərilir, minik avtomobilləri ilə təmin olunurlar. Muxtar respublikada 1941-1945-ci illərdə böyük şücaət və qəhrəmanlıq göstərmiş insanların keçdiyi şərəfli döyüş yolu gənc nəslin mənəvi, hərbi-vətənpərvərlik tərbiyəsində mühüm amilə çevrilmişdir. Hər il 9 May – Qələbə Günü muxtar respublikada geniş şəkildə qeyd olunur. 1941-1945-ci illər müharibəsi qurbanlarının xatirəsinə ucaldılmış abidələr önündə tədbirlərin keçirilməsi, müharibə veteranlarına hədiyyələrin verilməsi və digər tədbirlər bu kateqoriyadan olan insanlara göstərilən diqqətin əyani ifadəsidir.
    1941-1945-ci illər müharibəsi iştirakçılarının şərəfli ömür yolu sonrakı nəsillər üçün də bir məktəbdir və bugünkü gəncliyin vətənpərvərlik ruhunda tərbiyə olunmasında mühüm rol oynayır. Gənclərimizdə yüksək vətənpərvərlik ruhunu 2020-ci il sentyabr ayının 27-də başlanan İkinci Qarabağ müharibəsində bütün dünya bir daha gördü. Həmin gün Ermənistan silahlı qüvvələrinin bir neçə istiqamətdən müxtəlif növ silahlardan, o cümlədən ağır artilleriyadan istifadə edərək yaşayış məntəqələrimizi, hərbi mövqelərimizi atəşə tutmasına cavab olaraq ordumuz əks-hücuma keçdi. Xalqımız 44 gün davam edən Vətən müharibəsində dəmir yumruq kimi birləşərək tarixi Qələbəyə imza atdı, əzəli torpaqlarımız işğaldan azad olundu. Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin “Azərbaycan Respublikasında Zəfər Gününün təsis edilməsi haqqında” 2020-ci il 3 dekabr tarixli Sərəncamında deyildiyi kimi: “Ermənistanın təxribatına və növbəti hərbi təcavüzünə cavab olaraq, Azərbaycan xalqı torpaqlarımızın işğaldan qurtarılması, Ermənistanın sülhə məcbur edilməsi, BMT Təhlükəsizlik Şurasının məlum qətnamələrinin tələblərinin yerinə yetirilməsi, məcburi köçkünlərin öz doğma torpaqlarına qayıtması və ədalətin bərpası üçün Vətən müharibəsinə başladı. Bu müqəddəs amal uğrunda bütün Azərbaycan xalqı səfərbər və həmrəy oldu”. 
    İkinci Qarabağ müharibəsində iştirak edən hər bir azərbaycanlı gənc ata-baba əmanəti sayılan torpaqlarımızın erməni faşistlərinin əsarətindən azad olunmasında qəhrəmanlıq göstərdi, şəhadətə yüksəldi, qazi, qalib ordunun qalib əsgəri kimi evinə qayıtdı. Başqa sözlə, xalqımızın nümayəndələrinin 1941-1945-ci illər müharibəsində göstərdiyi qəhrəmanlığı mətin və əzmli gənclərdən ibarət müzəffər Azərbaycan Ordusu Vətən müharibəsində bir daha təkrar etdi. Bu həm də nəsillər arasında varislik ənənələrinin davamı, milli ruhun, həmrəyliyin təntənəsi idi. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin dediyi kimi: “44 günlük Vətən müharibəsi milli iradə, milli ruh, milli ləyaqət təntənəsi idi. Biz Qələbəni döyüş meydanında qazandıq. 300-dən çox şəhər və kənd döyüş meydanında işğaldan azad edildi. Biz qan tökərək, şəhidlər verərək bu Qələbəni əldə etdik və düşməni məcbur etdik ki, bizim qabağımızda diz çöksün və kapitulyasiya aktına imza atsın”.
    Bu gün böyük qürur hissi keçiririk ki, 1941-1945-ci illərdə olduğu kimi, İkinci Qarabağ müharibəsində də naxçıvanlılar böyük şücaət göstərdilər, torpaqlarımız uğrunda canlarından keçdilər. Əcdadlarımızın uğrunda mübarizə apardığı ədalət, nəhayət, qələbə çaldı və Azərbaycan beynəlxalq səviyyədə tanınmış sərhədləri çərçivəsində ərazi bütövlüyünü bərpa etdi. Təbii ki, bu, ümummilli liderimiz Heydər Əliyev ideyalarına, yoluna sədaqətin, illərlə aparılan mütərəqqi dövlət siyasəti, həyata keçirilən məqsədyönlü tədbirlər sayəsində formalaşmış Vətənə sevgi, torpağa, milli ruha bağlılığın məntiqi nəticəsi idi. Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri cənab Vasif Talıbovun dediyi kimi: “Vətəni sevmək Vətən torpağını qorumaq və mənsub olduğu ölkəni inkişafa qovuşdurmaq dərsidir. Gənc nəsil bu dərsi mənimsəyərək özündən sonrakı nəsillərə ötürməli, nəsillər arasındakı varislik ənənələri davam etməlidir”.

“Şərq qapısı”

Nəşr edilib : 07.05.2022 20:07