AZ EN RU

Xalqa bağışlanmış ömürdən anlar: 2001-ci ilin martı

Müasir müstəqil Azərbaycan dövlətinin banisi, görkəmli siyasi və dövlət xadimi Heydər Əliyevin 100 illik yubileyi ilə əlaqədar xalqımızın Ulu Öndərinin parlaq, zəngin və şərəfli həyat yolunun əsas məqamlarını, bənzərsiz siyasi və dövlətçilik fəaliyyətini - xalqa bağışlanmış ömrünün anlarını xronoloji ardıcıllıqla təqdim edir.

X X X

1 mart. Prezident Heydər Əliyev ATƏT-in sədri, Rumıniyanın xarici işlər naziri Mirça Coane ilə görüşdü.

2 mart. Ukrayna Ali Radasının sədri İvan Plyuşşun başçılıq etdiyi nümayəndə heyətini qəbul etdi.

3-6 mart. Fransada işgüzar səfərdə oldu.

7 mart. Beynəlxalq Qadınlar Gününə həsr olunmuş tədbirdə iştirak etdi.

11 mart. Rusiyanın və Skandinaviya ölkələrinin bir qrup jurnalistini qəbul etdi.

12-17 mart. Türkiyədə rəsmi səfərdə oldu.

21 mart. Novruz bayramı münasibətilə keçirilən ümumxalq şənliyində nitq söylədi.

27 mart. Milli Olimpiya Komitəsinin yeni inzibati binasının açılışında iştirak etdi.

31 Mart – Azərbaycanlıların Soyqırımı Günü ilə əlaqədar xalqa müraciət ünvanladı, Şəhidlər xiyabanını ziyarət etdi.

X X X

Ermənistan-Azərbaycan münaqişəsinin həlli, Azərbaycan torpaqlarının işğaldan azad edilməsi, qaçqın və məcburi köçkünlərin öz yerlərinə qayıtması Prezident Heydər Əliyevin xarici ölkələrə səfərləri zamanı keçirdiyi görüşlərin əsas müzakirə mövzusu idi. Belə səfərlərdən biri də 2001-ci ilin martında Fransaya oldu. Martın 3-də səfərə yola düşməzdən əvvəl hava limanında jurnalistlərdən birinin sualına cavabında səsləndirdiyi fikir bu günümüz üçün xüsusilə aktualdır: “Əgər biz öz torpaqlarımızı azad edə bilsək, insanları oraya qaytarsaq, azı 10–15 il lazımdır ki, onların ev-eşikləri, binaları tikilsin. Buna ömür lazımdır, iradə lazımdır. Lazımdır ki, Azərbaycana rəhbərlik edən şəxs xalqa can yandırsın”.

Bu məqamda qeyd etmək yerinə düşər ki, 2020-ci ildə Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusunun düşmən üzərində Qələbəsindən dərhal sonra azad edilmiş torpaqlarımızda bərpa və quruculuq işlərinə başlanılıb. Dövlətimizin başçısı bu məsələdə yetərincə iradə və qətiyyət nümayiş etdirir, Qarabağa həyatın yenidən qayıtmasına sözün həqiqi mənasında can yandırır. Bunun nəticəsidir ki, Böyük Qayıdışa dair I Dövlət Proqramı uğurla reallaşır. Artıq keçmiş məcburi köçkünlərin ilk qrupları doğma yurda qayıdıb və bu proses getdikcə sürətlənir.

Heydər Əliyev Fransaya işgüzar səfəri çərçivəsində Prezident Jak Şirakla, Ermənistan rəhbəri Robert Koçaryanla görüşlərində də münaqişənin həlli ilə bağlı qətiyyətli mövqe nümayiş etdirdi.

Səfər zamanı Fransada təhsil alan soydaşlarımızla da görüşən Ulu Öndər onlara dəyərli tövsiyələr verdi, müstəqil Azərbaycanı layiqincə təmsil etməyə səslədi.

2001-ci ilin mart ayında Prezident Heydər Əliyev Türkiyəyə növbəti rəsmi səfər etdi. İki qardaş ölkənin liderləri səfər çərçivəsində strateji əməkdaşlığa əsaslanan ikitərəfli münasibətlərin daha da inkişaf etdirilməsi haqqında birgə bəyanat, Azərbaycan qazının Türkiyəyə nəqli barədə saziş imzaladılar. Həmçinin ədliyyə, maliyyə, mədəniyyət nazirlikləri arasında əməkdaşlıq haqqında protokollar, vergi sahəsində əməkdaşlıq barədə müqavilə, Gəncə və Qars, Şəki və Giresun şəhərlərinin qardaşlaşması haqqında sazişlər imzalandı.

Türkiyə mediası Heydər Əliyevin bu səfərinə də böyük maraq göstərdi. O, TRT, NTV, CNN Türk telekanallarına, “Sabah” qəzetinə və digər KİV-ə müsahibələr verdi.

Ulu Öndər Azərbaycan xalqına qarşı törədilmiş soyqırımlarına siyasi-hüquqi qiymət verilməsini olduqca vacib hesab edir və bu məqsədlə davamlı addımlar atırdı. Hələ 1998-ci il martın 26-da imzaladığı “Azərbaycanlıların soyqırımı haqqında” Prezident Fərmanı ilə həmin dəhşətli hadisələr barədə həqiqətlər ilk dəfə olaraq dövlət başçısı səviyyəsində ortaya qoyuldu, həmçinin martın 31-i Azərbaycanlıların Soyqırımı Günü elan edildi. Fərman soyqırımlarına verilən siyasi qiymət olmaqla yanaşı, beynəlxalq ictimai fikrin düzgün məcraya yönləndirilməsi, qondarma “erməni genosidi” barədə uydurmaların ifşası baxımından da tarixi rol oynadı.

2001-ci ildə Azərbaycanlıların Soyqırımı Günü münasibətilə xalqa müraciət edən Heydər Əliyev XX əsrdə 2 milyona yaxın azərbaycanlının deportasiya və soyqırımı siyasətinin ağır nəticələrini öz üzərində hiss etdiyini vurğuladı. Bildirdi ki, azərbaycanlılara qarşı soyqırımı siyasəti haqqında həqiqətləri bütün dünyaya yaymaq, beynəlxalq ictimai fikirdə ədalətin bərqərar olmasına nail olmaq dövlətin qarşısında duran mühüm vəzifədir. Müraciətdəki bir çox məqamlar həm bu günümüz, həm də gələcək dövr üçün yol xəritəsi olaraq qalır.

X X X

Azərbaycanlıların Soyqırımı Günü ilə əlaqədar Heydər Əliyevin xalqa müraciətindən

• Azərbaycanlılara qarşı müntəzəm olaraq yeridilən bədnam soyqırımı siyasətinin yüz illərlə ölçülən uzun tarixi vardır. XIX əsrin əvvəllərindən başlayaraq, ardıcıl olaraq tarixi Azərbaycan torpaqlarında ermənilər kütləvi şəkildə məskunlaşdırılmağa başlanmış, Qafqazın cənubunda Ermənistan dövlətinin yaradılması, azərbaycanlıların öz qədim torpaqlarından, ata-baba yurdlarından qovulması, onların deportasiyası prosesi məqsədyönlü şəkildə həyata keçirilmişdir.

• Soyqırımı və deportasiya prosesi mərhələlərlə, müxtəlif tarixi şəraitdə, düşünülmüş plan əsasında həyata keçirilmişdir. Sərsəm “böyük Ermənistan” ideyasını gerçəkləşdirmək üçün saxta ideoloji tezislər formalaşdırılmış, terrorçu təşkilatlar qurulmuşdur. Erməni əhalisi türk və Azərbaycan xalqına qarşı daim millətçilik, şovinizm ruhunda tərbiyə olunmuşdur.

• Soyqırımı Azərbaycan xalqına böyük siyasi, maddi və mənəvi zərbələr vurmuşdur. Bütövlükdə XX əsr ərzində 2 milyona yaxın azərbaycanlı deportasiya və soyqırımı siyasətinin ağır nəticələrini öz üzərində hiss etmişdir.

• Bu gün dövlətimiz və xalqımız qarşısında azərbaycanlılara qarşı əsrlər boyu aparılan soyqırımı siyasəti haqqında həqiqətləri bütün dünyaya yaymaq, beynəlxalq ictimai fikirdə ədalətin bərqərar olmasına nail olmaq, soyqırımı siyasətinin ağır nəticələrini aradan qaldırmaq və bir daha təkrar olunmaması üçün ciddi tədbirlər görmək vəzifəsi durur. Öz ağırlığına, miqyasına və nəticələrinə görə xalqımızın başına gətirilən müsibətlər həm də bəşəriyyətə qarşı cinayətlər kimi xarakterizə olunmalı, beynəlxalq hüquqi-siyasi qiymətini almalı, onun ideoloqları və təşkilatçıları layiqincə cəzalandırılmalıdırlar.

• Hamı əmin olmalıdır ki, müasir dünyada “günəş altında daha geniş yer” axtaranlar, “böyük Ermənistan” xülyası ilə başqa xalqlara nifrət və total müharibə ideologiyasını təbliğ edənlər, qonşularına qarşı təcavüzkar siyasət yeridənlər nə zamansa tarix və bəşəriyyət qarşısında cavab verməli olacaqlar.

• Bu hadisələri, onların dərslərini unutmağa bizim haqqımız yoxdur. Tarixi yaddaşsızlıq və unutqanlıq xalqımıza baha başa gələ bilər. Azərbaycanlılara qarşı zaman-zaman törədilən bu ağır cinayətləri unutmamaq, böyüyən nəsli bədxah qüvvələrə və onların məkrli niyyətlərinə qarşı ayıq-sayıqlıq ruhunda tərbiyə etmək mühüm vəzifədir.

Nəşr edilib : 21.07.2023 10:08