AZ EN RU

Xalq teatrlarının muxtar respublikanın rayonlarına qastrol səfərləri davam edir

    Ordubad Rayon Mədəniyyət Sarayında Babək Rayon Xalq Teatrı tərəfindən Səid Rüstəmovun “Durna” üçpərdəli musiqili komediyası əsasında hazırlanan eyniadlı tamaşa nümayiş etdirilib.
    Tamaşaçıların böyük maraqla izlədiyi, quruluşçu rejissoru Yusif Əliyev, musiqi tərtibatçısı Səyyad Məmmədov, rejissor assistenti Ələkbər İsmayılov, tərtibatçı rəssam Nərmin Seyidova olan tamaşada rolları Nuray Mehdiyeva, Məhərrəm Nadirov, Rasim Qasımov, Gülşən Güləliyeva, Ələkbər İsmayılov, Stella Babayeva və Abbas Babayev oynayırlar. Əsərdə sovet dövründə kənd həyatından, briqadalarda çalışan əmək adamlarının fəaliyyətindən bəhs edilir, qabaqcıl, işgüzar, tənbəl, köhnəfikirli insanlara qarşı mübarizə təsvir edilir, iki gəncin – Durna ilə Muradın arasındakı saf məhəbbətdən söz açılır.
    Qeyd edək ki, son illərdə Babək Rayon Xalq Teatrı tərəfindən hazırlanan, bir-birindən maraqlı əhvalatları, real həyat hadisələrini, vətənpərvərliyi təbliğ edən səhnə əsərləri tamaşaçılar tərəfindən böyük rəğbətlə qarşılanır. Bu illər ərzində kollektivin uğurları təkcə səhnə əsəri hazırlamaqla məhdudlaşmayıb, eyni zamanda istedadlı həvəskar aktyorların üzə çıxarılması və püxtələşməsi də diqqət mərkəzində saxlanılıb, kollektivin əməyi yüksək qiymətləndirilib.
    Onu da diqqətə çatdıraq ki, il ərzində musiqi və teatr kollektivlərinin muxtar respublikanın rayonlarına qastrol səfərləri davam edəcəkdir.

Naxçıvan Muxtar Respublikası
Mədəniyyət Nazirliyinin mətbuat xidməti

Nəşr edilib : 29.08.2022 19:16