AZ EN RU

Xalq şairi Məmməd Arazın ev-muzeyinin yaradılmasından 10 il ötür

    Bu münasibətlə iyunun 24-də Naxçıvan Muxtar Respublikası Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə Şahbuz rayonunun Nursu kəndində tədbir təşkil edilib.
   Tədbiri giriş sözü ilə açan Naxçıvan Muxtar Respublikası mədəniyyət nazirinin müavini, nazir vəzifələrini müvəqqəti icra edən Həsən Kərimov  Məmməd Arazın klassik poeziyamızın ali ənənələrini yaradıcılığına hopdurmaqla təkrarsız əsərlər yaratdığını, özündən sonra gələn nəsillər üçün poetik körpü rolunu oynadığını bildirib. 
    Qeyd olunub ki, vətənpərvər şairin yaradıcılığına və şəxsiyyətinə  Ümummilli Lider Heydər Əliyev tərəfindən  böyük dəyər verilib, dahi liderin qayğısı ilə şairin kitabları çap olunub, ona “Əməkdar mədəniyyət işçisi” fəxri adı verilib, müstəqillik illərində Vətənin ən ali mükafatı olan “İstiqlal” ordeni ilə təltif edilib. Bu himayədarlığı davam etdirən Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 2013-cü il 27 sentyabr tarixli “Məmməd Arazın 80 illik yubileyinin keçirilməsi haqqında” Sərəncamı ilə şairin yubileyi ölkəmizdə geniş qeyd olunub, yaradıcılığı ətraflı tədqiq olunub, xatirəsi müxtəlif ünvanlarda  əbədiləşdirilib, 10 illiyi qeyd edilən ev-muzeyi də şairin yaradıcılığına dövlət tərəfindən verilən dəyərin, göstərilən diqqətin bariz nümunəsidir. 
    Sonra “Məmməd Araz düşüncəsilə Dədə Qorqud səsləməsi” mövzusunda çıxış edən AMEA Naxçıvan Bölməsinin İncəsənət, Dil və Ədəbiyyat İnstitutunun icraçı direktoru, dosent Elxan Yurdoğlu Məmməd Arazın yaradıcılığında şifahi xalq ədəbiyyatının böyük təsirindən danışıb. 
    Sonra Məmməd Arazın qardaşı qızı Xatirə İbrahimova vətənpərvər şairlə bağlı xatirələrini bölüşüb, şairin Nursuda keçən uşaqlıq və gənclik illərində təbiətə, doğulduğu el-obaya bağlılığından bəhs edib. 
    Xalq şairi Məmməd Arazın ev-muzeyinin fəaliyyəti barədə danışan muzeyin  direktoru Əzizə Süleymanova  bildirib ki, şairin zəngin bədii irsinin qorunub saxlanılmasında, gələcək nəsillərə ötürülməsində mühüm rola malik olan muzeydə hazırda 1200-ə yaxın eksponat qorunub saxlanılır. 
    Sonra muzeyin kollektivi Naxçıvan Muxtar Respublikası Mədəniyyət Nazirliyinin Fəxri fərmanı ilə təltif edilib, Şahbuz Rayon Uşaq Musiqi Məktəbinin şagirdlərindən ibarət sazçalanlar ansamblı tərəfindən Məmməd Arazın şeirləri saz havaları üstündə  oxunub, Nursu kənd tam orta məktəbinin şagirdlərinin ifasında Xalq şairinin şeirləri bədii qiraət olunub, tədbir muzeyin ekspozisiyasına baxışla sona çatıb.

  Naxçıvan Muxtar Respublikası
 Mədəniyyət Nazirliyinin mətbuat xidməti

Nəşr edilib : 24.06.2023 19:37