AZ EN RU

Xalq şairi Məmməd Arazın anım gününə həsr olunmuş tədbir keçirilib

    Xalq şairinin  Şahbuz rayonunun Nursu kəndində yerləşən ev-muzeyində təşkil edilən tədbiri giriş sözü ilə muzeyin direktoru Əzizə Süleymanova açıb. Bildirilib ki, milli poeziyamıza əvəzsiz  töhfələr verən Xalq şairi, tərcüməçi, publisist, Əməkdar incəsənət xadimi Məmməd Araz ədəbiyyat tariximizdə Azərbaycanın milli istiqlaliyyəti, birliyi və ərazi bütövlüyü uğrunda öz qələmi ilə mübarizə aparan sənətkarlardan biri olub. Təsadüfi deyil ki, ölkəmiz müstəqillik əldə etdikdən sonra Vətənin ən ali mükafatı sayılan “İstiqlal” ordeninə layiq görülmüş şairlərdən biri də məhz Məmməd Araz olub. Ümummilli Lider Heydər Əliyev Məmməd Araz yaradıcılığına və şəxsiyyətinə hər zaman  böyük diqqət göstərib. Ölkə Prezidenti cənab İlham Əliyevin “Məmməd Arazın 80 illik yubileyinin keçirilməsi haqqında” Sərəncamı ilə şairin yubileyi dövlət səviyyəsində qeyd olunub, xatirəsi müxtəlif ünvanlarda əbədiləşdirilib. Bu gün ölkəmizin hər yerində, eləcə də Naxçıvanda Xalq şairinin irsi öyrənilir, təbliğ olunur.
    Sonra  Şahbuz Rayon İcra Hakimiyyətinin əməkdaşı Firudun Həmzəyev, AMEA Naxçıvan Bölməsinin əməkdaşı Ramiz Qasımov və “Şərq qapısı” qəzetinin əməkdaşı Fariz Əhmədov çıxış edərək şairin Azərbaycan ədəbiyyatında istiqlal düşüncəsinin və milli birliyin təbliğindəki rolundan  danışıb. Çıxışlarda vurğulanıb ki, dərinməzmunlu, oxunaqlı və milli mündəricəli şeirləri ilə Məmməd Araz vətəndaş qeyrətli ədəbiyyat nəhəngidir. Bu görkəmli şair həm də milli azadlıq ideyalı əsərləri ilə istiqlal şairi olaraq əbədi şöhrət qazanıb. Bildirilib ki, şair oxunaqlı, sənətkarcasına yazılmış poeziya nümunələrində ana dilinin üslub imkanlarından qeyri-adi dərəcədə yararlanıb, dilimizin bütün zənginliyi, dərinliyi, əlvanlığı şairin poetik misralarında əks olunub.
    Sonra Nursu kənd tam orta məktəbinin müəllimi, Məmməd Arazın qardaşı oğlu Elvin İbrahimov və bacısı oğlu Cavanşir Məmmədov  şairlə bağlı xatirələrindən söhbət açıb, məktəbin şagirdləri şairin şeirlərini bədii qiraət ediblər.

Fariz ƏHMƏDOV 

Nəşr edilib : 01.12.2023 20:25