AZ EN RU

Xalq şairi, ictimai xadim, tərcüməçi Vahid Əzizlə görüş olub

    Naxçıvan Müəllimlər İnstitutunda keçirilən tədbiri giriş sözü ilə açan institutun rektoru Azad Novruzov qeyd edib ki, ölkəmizdə 2023-cü ilin Ümummilli Lider “Heydər Əliyev İli” elan edilməsi ilə əlaqədar institutun Tədbirlər Planına uyğun olaraq Ulu Öndərin Azərbaycana rəhbərliyi dövründə fəaliyyət göstərmiş görkəmli ziyalılarla  görüşlərin  keçirilməsi nəzərdə tutulub. Belə ziyalılardan Azərbaycanın Xalq şairi, ictimai xadim, tərcüməçi, eyni zamanda Qərbi Azərbaycan İcmasının üzvü Vahid Əzizlə görüş tələbələrimiz üçün əhəmiyyətlidir. 
    Tədbirdə institutun Azərbaycan dili və ədəbiyyat kafedrasının müəllimi, dissertant Şəbnəm Əliyeva çıxış edərək şairin həyat və yaradıcılığından danışıb. 
    İştirakçıları xoş ovqatla salamlayan şair belə bir tədbirin təşkilinə görə institut rəhbərliyinə təşəkkürünü bildirib, Naxçıvana gəlişi münasibətilə yazdığı ən son şeirini tədbir iştirakçılarına təqdim edib, yaradıcılığına həsr olunmuş görüşdən böyük fərəh hissi duyduğunu deyib. Ulu Öndər Heydər Əliyevlə və doğulduğu Dərələyəz mahalı ilə bağlı xatirələrindən danışıb.
    Tədbir institutun tələbələrinin ifasında şairin şeirlərindən ibarət kompozisiya ilə davam edib.
    Sonra Xalq şairi öz şeirlərindən bir qismini oxuyub, tələbə və müəllimlərin suallarını cavablandırıb. 

Naxçıvan Müəllimlər İnstitutunun mətbuat xidməti

Nəşr edilib : 22.05.2023 21:57