AZ EN RU

“Xalq qəzeti”nin əməkdaşları Naxçıvana gəliblər

Ölkəmizin gündəlik ictimai-siyasi həyatını geniş oxucu kütləsinə təqdim edən “Xalq qəzeti”nin əməkdaşlarından Əməkdar jurnalist Tahir Aydınoğlu və Vaqif Bayramov Naxçıvan Muxtar Respublikasına gəliblər. Qonaqlar səfər çərçivəsində əvvəlcə “Şərq qapısı” qəzeti redaksiyasında olub, mətbuat orqanının əməkdaşları ilə yaradıcılıq müzakirələri aparıblar, gələcək əməkdaşlıq perspektivləri müəyyənləşib.

Məlumat üçün bildirək ki, “Xalq qəzeti” əməkdaşlarının səfərinin əsas məqsədi Prezident cənab İlham Əliyevin rəhbərliyi ilə muxtar respublikada aparılan islahlatlarla, dövlət siyasətinin bu regionda həyata keçirilməsi istiqamətində görülən işlərlə tanış olmaq, sosial, iqtisadiyyat, təhsil və digər sahələr haqqında silsilə materiallar hazırlamaqdır. Qonaqlar iki gün müddətində Naxçıvanda fəaliyyət göstərən müxtəlif təşkilatlarda, istehsal müəssisələrində olacaq, informasiya əldə etmək üçün bir sıra görüşlər keçirəcəklər.

“Xalq qəzeti”nin əməkdaşları Naxçıvana səfərlərinin ilk günündə AMEA Naxçıvan Bölməsinin sədri, akademik İsmayıl Hacıyev və Naxçıvan Dövlət Universitetinin rektoru, dosent Elbrus İsayevlə görüşüblər. Görüşlərdə muxtar respublikanın ali təhsil, elmi, ziyalı mühitinin “Xalq qəzeti”ndə işıqlandırılması, elm adamlarının, ziyalıların, müəllimlərin mətbuat orqanı ilə əlaqələrinin gücləndirilməsi barədə fikir mübadiləsi aparılıb, gələcək perspektivlər müzakirə olunub.

Naxçıvan Biznes Mərkəzinə gələn qonaqlar mərkəzin sərgi salonunda nümayiş edilən, muxtar respublikada istehsal olunan məhsullarla əyani tanış olub, yerli müəssisələrin fəaliyyəti ilə maraqlanıblar. Məlumat verilib ki, burada muxtar respublikada fəaliyyət göstərən 55 sahibkarlıq subyektinin, 102 müəssisənin 171 adda 1330 çeşiddə məhsulları nümayiş olunur. Ölkə Prezidentinin rəhbərliyi ilə muxtar respublikada sahibkarlığın bütün parametrlər üzrə inkişafı yerli istehsalın həcminin artmasına və xarici ticarət əlaqələrinin genişlənməsinə töhfə verib, ixracyönümlü məhsul istehsalına nail olunub. Hazırda muxtar respublikada 384 növdə məhsul istehsal edilir, 350 növdə məhsula olan tələbat isə tamamilə yerli istehsal hesabına ödənilir.

 Nail ƏSGƏROV

Nəşr edilib : 30.01.2023 11:36