AZ EN RU

Xalq müəllimi İsrafil Şükürov

    Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev cəmiyyətin inkişafında müəllimin rolunu yüksək dəyərləndirərək demişdir: “Müəllim adı dünyada ən yüksək addır, şəxsən mən yer üzündə müəllimdən yüksək ad tanımıram”.
    Qədim diyarımız Naxçıvanda da tarixən müqəddəs müəllim adı ucalardan uca, alilərdən ali tutulub. Bütün zamanlarda müəllimə ehtiram, hörmət bəslənilib, burada müəllim qayğı ilə əhatə olunub, onun adı ürəklərdə, qəlblərdə yaşayıb, nəğmələrdə, mahnılarda vəsf olunub. Elə buna görə də Naxçıvan Muxtar Respublikasında təhsilin inkişafı və məktəb quruculuğu sahəsində böyük işlər görülüb, bu sahədə xidmətləri olan, illər uzunu saç ağardıb zəhmət çəkən, neçə-neçə pöhrə qəlbə nur paylayan parlaq zəka, işıqlı təfəkkür sahibləri, görkəmli maarif xadimləri yetişib. Heç təsadüfi deyil ki, Naxçıvanda təhsil sisteminin inkişafı, gənc nəslin təlim-tərbiyəsi sahəsində böyük uğurları ilə tanınan Murad Tutayuk, Əli Talıbov, Mircəfər Mirişli, Əbdüləzim Rüstəmov, Lətif Hüseynzadə, Həsən Qazıyev, İbrahimxəlil Axundov, Məmməd Bəktaşi, Tofiq Bəktaşi, İdris Səlimov, Əsəd Cəfərli, Nazlı Tahirova, Yaqub Seyidov, Mirhüseyn Seyidov, Nəriman Bağırov, Fəridə Əliyeva, Emma Əhmədova kimi pedaqoq və müəllimlərin adı hər yerdə, hər zaman iftixarla, hörmətlə çəkilir, onların xatirəsi naxçıvanlıların qəlbində həmişə yaşayır.
    Belə müəllimlərdən biri də ibrətamiz ömrü, şəxsi ləyaqəti, mənəvi zənginliyi ilə hamıya nümunə olub, xalqına sədaqət və qeyrətlə xidmət edən, müharibə və əmək veteranı, “Şərəf nişanı” ordeni, “Naxçıvan Muxtar Respublikasının Əməkdar müəllimi”, “Qabaqcıl maarif xadimi”, “Metodist müəllim” və “SSRİ xalq müəllimi” kimi fəxri adlara layiq görülmüş görkəmli maarif xadimi İsrafil Şükürovdur. Mənalı həyatının ən şirin, həyəcanlı və sevincli günlərini, ürək çırpıntılarını, pedaqoji axtarış və düşüncələrini şagirdlərin təlim-tərbiyəsi ilə bağlayan İsrafil müəllimin adı təkcə muxtar respublikamızda deyil, ölkəmizdə də hörmətlə, izzətlə çəkilir.
    İsrafil müəllimin çoxcəhətli pedaqoji təcrübəsi gərgin axtarışların məhsulu idi. Bu təcrübə birdən-birə yox, illər uzunu, damla-damla toplanılmış, yüz ölçülüb bir biçilmiş və yaradıcı zəhmət nəticəsində meydana gəlmişdi. Bu təcrübəni qazanmaq üçün o, neçə-neçə ömrə ömür paylayıb, saç ağardıb, nə qədər arayıb-axtarmalı, zəhmət çəkməli, alın təri tökməli olmuşdu. O elə bir təcrübə qazanmışdı ki, indi çoxları bu təcrübəni bir örnəyə çevirib...
    İsrafil Şükürov 1924-cü ildə Qərbi Azərbaycanın Əzizbəyov rayonunun Qabaqlı (Hüseynli) kəndində anadan olmuşdu. Uşaqlıq illərini bu kənddə keçirən balaca İsrafil, 1931-1932-ci tədris ilində qonşu Cul kəndindəki ibtidai məktəbin birinci sinfinə qəbul edilmişdi. Bir neçə il sonra onlar ailəliklə Naxçıvana köçmüş və o, orta təhsilini bu qədim diyarda almışdı. Burada görkəmli pedaqoq Məmməd Bəktaşi onun həyat idealına çevrilmişdi.
    İsrafil müəllim deyərdi ki, məndə ədəbiyyata, şeir yazmağa həvəsi Məmməd müəllim oyadıb. Onun tələbi ilə M.Füzulinin qəzəlləri, M.P.Vaqifin qoşmaları, M.Ə.Sabirin satiraları, S.Vurğunun şeirləri ömrüm boyu dilimin əzbəri oldu. 
    Min diləkli, min arzulu məktəb illəri sona çatar-çatmaz qanlı-qadalı müharibə illəri başlayır, hər şey alt-üst olur. Hamı kimi İsrafilin arzusu da gözündə qalır. O, Vətəni müdafiə etmək məqsədilə 1942-ci il mart ayının 11-də cəbhəyə yola düşür, azərbaycanlıların cəmləşdiyi məşhur 416-cı diviziyanın 223-cü əlahiddə rotasında hərbi təlim keçir və ilk döyüşə Orconikidze şəhərində başlayır. Ön cəbhənin gərgin, ağır, dəhşətli səhnələri, tankların, topların nəriltisi, qıy vuran təyyarələrin tükürpədici səsləri, başının üstündən yağış kimi yağan mərmilər, cəbhə yoldaşlarının bir-birinə qardaşlıq qayğısı, dayaq durması gənc İsrafili daha da mətinləşdirir, düşmənə qarşı nifrət hissini daha da alovlandırır. O, dəfələrlə ölümlə üz-üzə gəlir və Orconikidze şəhəri, Nalçik, Pyatiqorski, Krasnodar, Armavir, Qafqazski və Zaporojyenin azad edilməsində mərdliklə vuruşur, dəfələrlə ağır yaralanır.
    O, dörd ay müalicə olunub yenidən ön cəbhəyə qayıdır və Qorxmaz döyüşçü Çexoslovakiya, Rumıniya, Bolqarıstan ərazilərinin hitlerçilərdən azad edilməsində fəal iştirak edir və qələbə sədası ona Macarıstanın paytaxtı Budapeşt şəhərində çatır...
    Müharibədən qayıtdıqdan sonra o, kənddə təsərrüfatın bərpa olunmasında yaxından iştirak edir və gündəlik mütaliəsini artırmağı da unutmur. O, gecəsini gündüzünə qatıb oxuyur və nəhayət, 1946-cı ildə ikiillik Naxçıvan Müəllimlər İnstitutunun Dil-ədəbiyyat fakültəsinə daxil olur.
    İsrafil Şükürova institutda dövrün görkəmli müəllimlərindən Əli Talıbov, Murad Tutayuk, Müzəffər Nəsirli, Lətif Hüseynzadə və başqaları dərs deyir. O, ilk dəfə idi ki, mühazirələr eşidir, belə müəllimlər qarşısında cavablar verir.
    1948-ci ildə institutu bitirən İsrafil müəllim Şıxmahmud kənd məktəbinə müəllim təyin edilir. Həmin günü o, belə xatırlayırdı: “1 sentyabr 1948-ci il. İlk sinif jurnalı, ilk dərs, ilk şagirdlər. Çox həyəcanlı, həm də sevincli idim. Həmin gün ilk dəfə pedaqoji fəaliyyətə başladım. “İlk dərs” adlı şeirimi yazdım. Bu şeir mənim ilk qələm təcrübəm oldu. Günlər keçdikcə müqəddəs, şərəfli müəllimlik peşəsinə ürəkdən bağlanır, bu sənətin sirlərini dərindən öyrənirdim”.
    İsrafil müəllim Şıxmahmud kənd məktəbində bir an olsun belə boş dayanmır, oxuyur, öyrənir, dərsdə və dərsdənkənar məşğələlərdə şagirdlərin elmi dünyagörüşlərinin formalaşması, zəngin bilik əldə etmələri üçün var qüvvəsini əsirgəmir.
    1954-cü ildə ali təhsilini başa vuran İ.Şükürov bacarıqlı müəllim kimi məktəbdə daha səy və məsuliyyətlə çalışır. Bunu nəzərə alan rayon təhsil şöbəsi onu məktəb direktoru vəzifəsinə irəli çəkir. O, bir müddət indiki Babək rayonunun Çalxanqala, Təzəkənd, Payız və keçmiş Sust kəndlərində məktəb direktoru işləyir, rayon partiya komitəsinin təbliğatçısı kimi fəaliyyətini davam etdirir. Az müddət içərisində bütün rayon və muxtar respublikada hamı onu təcrübəli müəllim, qabaqcıl bir təbliğatçı kimi tanıyır.
    1957-ci ildə İsrafil müəllim öz arzusu ilə Didivar kənd orta məktəbinə təyinat alır. 
    İsrafil müəllim ana dilinin vurğunu kimi bütün pedaqoji fəaliyyəti dövründə ana dilinin qorunması, onun işlənmə dairəsinin genişləndirilməsi, tədrisin keyfiyyətinin artırılması, şagirdlərin bu dilin incəliklərinə dərindən yiyələnmələri üçün var qüvvəsini əsirgəmir, bu fənni yüksək qürur və məhəbbət hissi ilə tədris edir. Buna görə də o, hər bir dərsini elmi-metodik cəhətdən yaradıcı şəkildə qurur, şagirdlərə ana dilimizin qrammatik quruluşu, tarixi inkişaf yolu, müasir mənzərəsi, türk dilləri ailəsindəki yeri haqqında ətraflı danışır, bu dilin şeir, sənət dili olduğunu şagirdlərinə çatdırır, onlarda ana dilinə məhəbbət hissini gücləndirir. Qabaqcıl müəllim şagirdlərə izah edir ki, xalqımızın dahi söz sənətkarları İmadəddin Nəsimi, Məhəmməd Füzuli, Şah İsmayıl Xətai, Molla Pənah Vaqif, Mirzə Fətəli Axundzadə, Nəriman Nərimanov, Cəlil Məmmədquluzadə və başqaları dilimizə yüksək qiymət vermiş, bu dildə solmaz sənət inciləri yaratmış, dilimizin saflığı və təmizliyi uğrunda daim mübarizə aparmışlar.
    İsrafil müəllim ömrünün 46 ilini şərəfli, müəllimlik sənətinə həsr edir. Bu yolda uğurlar qazanır, yüzlərlə şagirdinin qəlbində yaşayır. Ömründən ömürlərə nur payladı. Min diləkli, min arzulu kövrək qəlblərə həmdəm olur. Bu illər ərzində onun adı həmişə birincilər sırasında çəkilir, ictimaiyyət içərisində hörmət və nüfuzu artır, dəfələrlə yerli sovetə deputat seçilir, sinəsini orden və medallar bəzəyir. O, 1970-ci ildə “Lenin nişanı yubiley medalı”, 1975-ci ildə “Qabaqcıl maarif xadimi” döş nişanı alır. 1976-cı il onun həyatında daha əlamətdar il olur. Həmin il o, “Şərəf nişanı” ordeninə layiq görülür. 1980-ci ildə İsrafil Şükürova “Naxçıvan MSSR-in Əməkdar müəllimi” fəxri adı, 1982-ci ildə isə “Metodist müəllim” adı verilir. Bu illərdə İsrafil müəllimin adı Azərbaycan pedaqoji ictimaiyyətində özünəməxsus nüfuz qazanır. Hamı onu mahir bir pedaqoq, görkəmli maarif xadimi kimi tanıyır. Bütün bunların nəticəsidir ki, İsrafil Şükürovun Didivar kənd orta məktəbindən ünvanlanan qabaqcıl iş təcrübəsinin sədası Naxçıvanın sərhədlərini aşaraq ölkəyə çatır.
    Axın-axın məktublar, metodist və məktəb inspektorları, qəzet və jurnal əməkdaşları, rəhbər işçilər onun görüşünə gəlirlər. Onun adı keçmiş SSRİ Ali Soveti Rəyasət Heyəti Sədrinin otağında səslənir: 11 yanvar 1984-cü il tarixdə SSRİ Ali Soveti Rəyasət Heyətinin fərmanı ilə İ.X.Şükürova “SSRİ Xalq müəllimi” fəxri adı verilir.
    İsrafil müəllimin vəfatından sonra bütün kənd camaatı, məktəbin pedaqoji kollektivi, rayon təhsil şöbəsi onun xatirəsini əziz tutur, məktəbin pedaqoji şurası hər il 16 martda İsrafil müəllimin anım gününün qeyd olunması haqqında qərar qəbul edir. Rayon təhsil şöbəsinin təşəbbüsü ilə Babək Rayon İcra Hakimiyyəti Didivar kənd tam orta məktəbinə Xalq müəllimi İsrafil Şükürovun adının verilməsi haqqında məsələni müzakirə edir, onların bu arzusu Naxçıvan Muxtar Respublikası Nazirlər Kabinetinin müvafiq qərarı ilə təsdiqlənir.
    O, şair təbli bir insan idi; gənc yaşlarından şeir yazmağa həvəs göstərir, təbi gəldikcə fikir və düşüncələrini poetik dillə ifadə edirdi. İsrafil Şükürovun şeirlərində Azərbaycanın xoş gələcəyi, füsunkar təbiəti, saf məhəbbətli insanları, ailə tərbiyəsi, övlad məhəbbəti, Vətən həsrəti poetik bir dillə tərənnüm olunur. Onun müxtəlif illərdə qələmə aldığı şeirlərindən biri də “Qalx ayağa, Azərbaycan!” şeiridir.

        Sən can dedin, çor söylədi,
        Həyat dedin, zor söylədi.
        Sən sülh dedin, gör söylədi,
        Dost çıxarmı hər ağızdan,
        Qalx ayağa, Azərbaycan!

    Cana doyub qazax, özbək,
    İnləyirlər bir pələng tək,
    “Ana Vətən” deyir ürək,
    Gəl qisası al daşnakdan,
    Qalx ayağa, Azərbaycan!

    Böyük iftixar hissi ilə qeyd edə bilərəm ki, müəllimim İsrafil Şükürov Naxçıvanda SSRİ Xalq müəllimi adına layiq görülmüş yeganə maarif xadimi olmuşdur. Naxçıvanın zəngin maarifçilik tarixinin qiymətli səhifələrini təşkil edən belə pedaqoq-ziyalılarımızın xatirəsi heç zaman unudulmayacaq, gənc müəllimlərimiz üçün də hər zaman örnək sayılacaq.

Rəsul BAĞIROV
Naxçıvan Dövlət Universitetinin 
Ümumi tarix kafedrasının dosenti

Nəşr edilib : 01.12.2022 19:55