AZ EN RU

Xalq artisti Yalçın Adıgözəlov Naxçıvan Dövlət Universitetində olub

Naxçıvan Dövlət Universitetinin Konservatoriyası və  Musiqi Kollecinin kollektivlərindən ibarət simfonik orkestrlə tanış olan Yalçın Adıgözəlov “Şərq qapısı” qəzetinə müsahibəsində bildirib ki, yenidən qədim Naxçıvan torpağına gəldiyim üçün çox şadam. Çünki Naxçıvan bizim üçün çox vacib bir bölgədir və 20 ildən çoxdur ki, əlaqələrimiz davam edir. 
Naxçıvanın çox dəyişildiyini bildirən qonaq mədəni əlaqələrlə bağlı yaxşı əməkdaşlıq imkanlarının olduğunu da bildirdi: 
– 30 il bundan əvvəl –  Naxçıvanın ağır zamanında 1992-1993-cü illərdə biz buraya gəlib-gedirdik. İndi isə şərait tamamilə dəyişib. Əlbəttə ki, bunlar göz qabağındadır. Son 7-8 ildə bizim Naxçıvanla əlaqələrimiz daha sıxdır. Sadəcə, Bakıdan yox, Türkiyədən də iki dəfə böyük simfonik orkestrlə Naxçıvana birbaşa qastrol səfərinə gəlmişik. Naxçıvan şəhərində Heydər Əliyev Sarayında möhtəşəm konsertlərimiz təşkil edilib. Bursa Dövlət Simfonik Orkestri, Dədə Qorqud Kamera Orkestri ilə birgə Möminə xatın türbəsi önündə gözəl konsert proqramımız olub. Məlumdur ki, pandemiya ilə bağlı arada gəlmək imkanımız olmadı. Amma yenidən biz bu gün buradayıq və böyük planlarımız var. Naxçıvanda musiqi həyatını yenidən bərpa etmək, Naxçıvana əlimizdən gələn dəstəyi göstərmək üçün, konservatoriyaya dəstək göstərmək üçün, hətta düşünürəm ki, ənənəvi musiqi festivalının təməlini qoymalıyıq. Artıq bütün bölgələrdə demək olar ki, bu ənənə var. Qəbələ, Şəki, Gəncə, Şuşada var və hətta Xarıbülbül də artıq bərpa olunub. Naxçıvanda da bu ənənə mütləq olmalıdır. Bununla bağlı fikirlər irəli sürüldü və mən düşünürəm ki, biz bunu əldə edə biləcəyik. Bir də ki, əsas məsələlərdən biri budur ki, Bakıdan gələn kollektivlər, sadəcə, gəlib çıxış edib qayıtmasınlar. Naxçıvandakı musiqiçilərlə bir araya gəlsinlər və birgə səhnəni bölüşsünlər. Məsələn, simfonik orkestrlə 40 nəfər Bakıdan gəlirsə, 30 nəfər də Naxçıvandan olsun. Bir yerdə fəaliyyət göstərsək bu, ümumi işə də böyük stimul olar.
Xalq artisti Naxçıvanda keçirilən musiqili tədbirlərdən razı qaldığını da qeyd etdi. Bununla bağlı hazırlıqlarda iştirak edən müsahibimiz bildirdi ki,  mən bu gün Naxçıvanda Heydər Əliyev Sarayında Naxçıvan Dövlət Universitetinin caz kollektivinin məşqində iştirak etdim, çox sevindim, eyni zamanda təəccübləndim, gördüm ki, hamısı naxçıvanlı gənclərdir,  Bakıdan isə ancaq bir pianoçu Emil Əfrasiyab iştirak edəcək. Bu çox sevindirici bir haldır ki, artıq Naxçıvanda da ilk dəfə olaraq caz konserti olacaq. Təbii ki, buna çox sevinirik. Naxçıvan üçün burada əmək verən həmkarlarımıza, müəllimlərə uğurlar arzulayıram. Həqiqətən, bu görülən işlər çox böyük işdir. Bu işə dəstək olmağımız da bizim mənəvi borcumuzdur. Biz hamımız əsgərik. Azərbaycan xalqına, bayrağına, dövlətinə, mədəniyyətinə qulluq edirik. Bundan heç şübhəmiz yoxdur ki, ölkəmiz bundan sonra daha da inkişaf edəcək. Burada isə sizinlə sağollaşmıram, bir daha görüşmək ümidi ilə ayrılır və təşəkkür edirəm.

Aidə İBRAHİMOVA

Nəşr edilib : 30.05.2024 18:24