AZ EN RU

Xalq artisti Siyavuş Kərimi: “Naxçıvanın 100 illiyi ilə bağlı mühüm layihələrə imza atmaq üçün çalışırıq”

Naxçıvan uzunmüddətli blokadada yaşadığı üçün, demək olar ki, mərkəzdən aralı düşüb. Bu gün mədəniyyət, musiqi sahəsindəki məsələləri çözmək üçün Milli Konservatoriya olaraq buradayıq. Naxçıvanda kifayət qədər istedadlı insanlar var. Məqsədimiz həmin insanları cəmiyyətə, bütün ölkəyə təqdim etmək, tanıtmaqdır. Bunun üçün bütün imkanlarımızdan istifadə edəcəyik.

Bu sözləri “Şərq qapısı” qəzetinə müsahibəsində Naxçıvan Muxtar Respublikasının yaranmasının 100 illiyi ilə bağlı Naxçıvan Dövlət Universiteti ilə birgə layihələrin icrası üçün Naxçıvana gələn Azərbaycan Milli Konservatoriyasının rektoru, Xalq artisti, professor Siyavuş Kərimi söyləyib.

O deyib: “Bir neçə ay öncə Naxçıvan Dövlət Universiteti ilə Azərbaycan Milli Konservatoriyası arasında  anlaşma memorandumu imzaladıq. Həmin sənədə əsasən bizim tədris, təhsil mübadiləsi, yaradıcılıq sahəsində işlənməsi vacib layihələrimiz nəzərdə tutulur. Budəfəki gəlişimiz onu göstərir ki, bu proses artıq başlayıb. Səfərimizin əsas məramı Naxçıvan Muxtar Respublikasının 100 illik tədbirlərində Naxçıvan Dövlət Universiteti ilə birgə iştirak  etməkdir. Bu tədbirlərin daha yüksək səviyyədə keçirilməsi üçün öz dəstəyimizi göstərəcəyik. Belə birgə layihələr üzərində çalışmaq ancaq Azərbaycan mədəniyyətinin xeyrinə  xidmət edir. Bu  işlərə görə böyük qürur hissi keçiririk. Biz Naxçıvan Dövlət Universitetinin, ümumiyyətlə, muxtar respublikanın əhalisi arasında özümüzə  çox yaxın dostlar, qardaşlar müəyyən etmişik. İnanıram ki, dostluğumuz uzun, əbədi olacaq”.

Nail ƏSGƏROV

Nəşr edilib : 06.04.2024 15:06