AZ EN RU

Xalq artisti Rza Xudiyevin 60 illik yubileyi qeyd edilib

    Martın 5-də Cəlil Məmmədquluzadə adına Naxçıvan Dövlət Musiqili Dram Teatrında teatrın direktoru, Azərbaycan Respublikasının Xalq artisti, Prezident mükafatçısı Rza Xudiyevin 60 illik yubileyi geniş şəkildə qeyd edilib.
    Tədbirdə Naxçıvan Muxtar Respublikası Ali Məclisi Aparatının Humanitar siyasət məsələləri və ictimai təşkilatlarla iş şöbəsinin müdiri Emin Məmmədov Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri cənab Vasif Talıbovun Azərbaycan Respublikasının Xalq artisti Rza Xudiyevə təbrik məktubunu oxuyaraq təqdim edib. 
    Emin Məmmədov çıxışında qeyd edib ki, Rza Xudiyev 1962-ci il martın 5-də Culfa şəhərində anadan olub. Orta təhsilini Culfa şəhərində alan Rza Xudiyevin məktəbdə oxuduğu illərdən incəsənətə, xüsusən teatr və kino sahəsinə böyük marağı olub. Məktəb tədbirlərində fəallığı, el şənliklərində həvəslə iştirakı nəticəsində aktyor olmağı, bu sənətin arxasınca getməyini qərarlaşdırıb. O, gənclik illərində də bu sənətə maraq göstərib, “Babək” filminin çəkilişlərində iştirak edib. 1983-cü ildə Azərbaycan Dövlət İncəsənət İnstitutunun Dram və kino aktyorluğu ixtisasına qəbul olub. Tələbəlik illərində də Rza Xudiyev öz istedadını göstərib, bir sıra Azərbaycan filmlərində aktyor kimi iştirak edib. 1987-ci ildə təyinatla Naxçıvan Dövlət Musiqili Dram Teatrına göndərilib və burada aktyor kimi fəaliyyətə başlayıb. O, qısa müddətdə tamaşaçıların rəğbətini qazanmağa nail olub. 
    Diqqətə çatdırılıb ki, Rza Xudiyev Naxçıvan teatrında səhnələşdirilən 80-dən çox tamaşada rol alıb. O həmçinin Naxçıvana gəldiyi ilk gündən öz fəaliyyətini kino sahəsində, televiziya və radioda davam etdirib, bədii verilişlərin hazırlanmasında əməyi olub. Rza Xudiyev Azərbaycan Respublikasının və Naxçıvan Muxtar Respublikasının “Əməkdar artisti”, “Azərbaycan Respublikasının Xalq artisti” fəxri adlarına, 3 dəfə Prezident mükafatına layiq görülüb, “Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi (1918-2018)” yubiley medalı   ilə təltif olunub. O, 2014-cü ildən Naxçıvan Dövlət Musiqili Dram Teatrının direktoru kimi fəaliyyət göstərir. Fəaliyyəti dövründə həm teatr rəhbəri, həm də aktyor kimi səhnələşdirilən tamaşalarda milli-mənəvi dəyərlərimizin, tariximizin yaşadılmasına, gənc aktyorların yetişdirilməsinə öz töhfəsini verib. İnanırıq ki, Rza Xudiyev bundan sonra da zəngin ənənələrə malik olan teatr sənətinin inkişafında səmərəli fəaliyyətini davam etdirəcək, yeni-yeni tamaşaların ərsəyə gəlməsində bilik və bacarıqlarını əsirgəməyəcəkdir. 
    Naxçıvan Muxtar Respublikasının mədəniyyət naziri Natəvan Qədimova  çıxış edərək bildirib ki, muxtar respublikada teatr sənəti daim inkişaf edir və  bu sənətə könül verənlərin əməyi dövlətimiz tərəfindən yüksək qiymətləndirilir. Yubileyi yüksək səviyyədə qeyd edilən Rza Xudiyev də onlardan biridir. O, Naxçıvan teatrına verdiyi dəyərli töhfələrlə, özünəməxsus yaradıcılıq yolu ilə seçilir. Rza Xudiyev təhsil aldığı illərdə tələbə kimi bir neçə tamaşada oynayır və ona hər bir aktyorun arzusu olan kino sənətinə yol açılır. Belə ki, 1985-ci ildə  general Həzi Aslanovun həyatından bəhs edən “Mən sizi dünyalar qədər sevirdim” filmində çəkilir. Oxuduğu illərdə müxtəlif səpkili əsərlərdə maraqlı rollar oynayır. Bir aktyor üçün lazım olan bütün keyfiyyətləri özündə cəmləşdirən Rza müəllimin zəhməti artıq tələbəlik illərindən öz bəhrəsini verməyə başlayır. Təyinatla Naxçıvan Dövlət Musiqili Dram Teatrına göndərilir. Naxçıvan teatrında aktyor kimi fəaliyyətə başladığı ilk gündən bir sıra rejissorun diqqətini çəkir və hazırlanan tamaşalarda bir-birinin ardınca əsas və baş rollarda çıxış etməyə başlayır, qısa müddətdə tamaşaçıların rəğbətini qazanmağa nail olur. Rza Xudiyev iştirak etdiyi tamaşalarla ölkəmizin bölgələrində, o cümlədən Türkiyə Respublikasının və İran İslam Respublikasının müxtəlif şəhərlərində qastrol səfərlərində olub, ölkəmizi, muxtar respublika mədəniyyətini layiqincə təmsil edib.
    Qeyd olunub ki, Rza Xudiyev özünəməxsus sənəti ilə Azərbaycan teatr aləmində sözünü demiş və uğur qazanmış aktyorlardandır. 2007-ci ildə o, Teatr Xadimləri İttifaqının “İlin ən yaxşı kişi aktyoru” kimi, Səməd Vurğunun “Fərhad və Şirin” tamaşasındakı Fərhad roluna görə “Qızıl Dərviş” mükafatına layiq görülüb. Onun yaradıcılığı və əməyi dövlətimiz tərəfindən də yüksək qiymətləndirilib. Rza Xudiyev aktyor olmaqla yanaşı, həm də rəhbər vəzifələrdə çalışıb. O, 2010-cu ildən 2014-cü ilə kimi teatrda direktor müavini, 2014-cü ildən bu günə kimi isə teatrın direktoru vəzifəsində çalışır.
    Natəvan Qədimova çıxışının sonunda yubilyarı təbrik edib, mədəniyyətə göstərdiyi diqqət və qayğıya görə Ali Məclisin Sədrinə minnətdarlığını bildirib.
    Tədbirdə Xalq artisti Kamran Quliyev, Naxçıvan Dövlət Uşaq Teatrının direktoru , Əməkdar artist Tofiq Seyidov, Naxçıvan Dövlət Kukla Teatrının direktoru, Xalq artisti Şirzad Abutalıbov və yubilyarın digər sənət dostları çıxış edərək vaxtilə tanınmış sənətkarlar birgə səhnədə canlandırdıqları obrazların dili ilə təbriklərini çatdırıb,  ona yeni yaradıcılıq uğurları arzulayıblar. 
    Sonda Cəlil Məmmədquluzadə adına Naxçıvan Dövlət Musiqili Dram Teatrının direktoru, Azərbaycan Respublikasının Xalq artisti Rza Xudiyev çıxış edərək yaradıcılığına göstərdiyi yüksək diqqət və qayğıya görə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədrinə dərin minnətdarlığını ifadə edib.

 Güntac ŞAHMƏMMƏDLİ 

Nəşr edilib : 05.03.2022 21:32