AZ EN RU

Xalq artisti Rza Təhmasibin anadan olmasının 130 illiyinə həsr olunmuş tədbir keçirilib

Şərur Rayon Mədəniyyət Sarayında keçirilən tədbirdə Xalq artistinin adını daşıyan yeganə müəssisə olan Şərur Rayon Xalq Teatrının rejissoru, Azərbaycan Respublikasının Əməkdar artisti Neymət Sultanov görkəmli incəsənət xadiminin həyatı və yaradıcılığı haqqında geniş məlumat verib. Qeyd olunub ki, Rza Abbasqulu oğlu Təhmasib 20 aprel 1894-cü ildə Naxçıvanda, mədəniyyəti və elmi yüksək qiymətləndirən bir ailədə doğulub. İlk təhsilini Naxçıvanda alıb və doğma dillə yanaşı, rus dilini mükəmməl öyrənib. Səhnəyə də ilk dəfə 1907-ci ildə məktəbdə hazırlanan Nikolay Qoqolun "Ölü canlar"ında Çiçikov rolunda çıxıb.
Təhsilini bitirdikdən sonra o, müxtəlif idarə işlərində çalışıb. 1920-ci ilin payızında Milli Dram Teatrına işə götürülüb. 16 yaşında Tiflisdə “müsəlman artistləri” ittifaqının truppasında fəaliyyətə başlayan R.Təhmasib  rus, fars, ərəb və türk dillərini mükəmməl bildiyi üçün 1920-ci ildə Azərbaycanın Türkiyədəki diplomatik nümayəndəliyində tərcüməçi kimi fəaliyyətə başlayıb.
O, istər doğma yurdu Naxçıvanda, istərsə də Bakıda səhnəyə qoyduğu əsərləri ilə teatr sənətinin inkişafına təkan verdi. Rejissorun qardaşı Məşədi Hüseyn Təhmasibin ssenarisi əsasında çəkdiyi “Onu bağışlamaq olarmı?” filmi milli kinomuzda əbədiyaşarlıq qazandı. R.Təhmasibin özü də filmlərə həvəslə çəkilib. O, “Almas”, “Bakıda küləklər əsir”, “Fətəli xan“ və digər ekran əsərlərində obrazlar canlandırıb. Lakin onun “Qanun naminə” filmində yaratdığı “Qaloşlu adam” obrazı məkirli qəhrəman necə olmalı və necə oynamalı suallarına cavabdır.
Rza Təhmasib əvvəllər Bakı Teatr Məktəbində, 1946-cı ildən ömrünün sonunadək Teatr İnstitutunda aktyor və rejissor sənətindən dərs deyib. Azərbaycan Respublikasının Əməkdar incəsənət xadimi  və Xalq artisti fəxri adları ilə təltif olunub. 1952-56-cı illərdə Azərbaycan Teatr Cəmiyyətinin sədri olmuşdur. Rza Təhmasib 14 fevral 1980-ci ildə Bakıda vəfat edib və ikinci Fəxri xiyabanda dəfn olunub.
Tədbirin bədii hissəsində görkəmli dramaturq Süleyman Sani Axundovun ilk yaradıcılıq əsəri əsasında hazırlanan “Tamahkar” tamaşasına baxılıb. Səhnə əsərinin quruluşçu rejissoru, Azərbaycan Respublikasının Əməkdar artisti Neymət Sultanov, musiqi tərtibatçısı Yusif Həsənov, işıq üzrə mütəxəssis Sabir Cəfərovdur. Tamaşada rolları Məhərrəm Əbilsoy, Məlahət Həsənova, Vəli Hüseynov, Mirtahir Seyidov, Neymət Sultanov, Məsumə Abbasova, Məhəmməd Məmmədov və Mehriban Hüseynova ifa edirlər.
Tədbirdə Naxçıvan Muxtar Respublikası Mədəniyyət Nazirliyinin və Şərur Rayon İcra Hakimiyyətinin əməkdaşları iştirak ediblər. Tamaşa rayon ictimaiyyəti tərəfindən maraqla qarşılanıb.

Nəşr edilib : 19.04.2024 16:28