AZ EN RU

Xalq artisti Rövşən Hüseynovun 70 illik yubileyi qeyd olunub

Fevralın 16-da Cəlil Məmmədquluzadə adına Naxçıvan Dövlət Milli Dram Teatrında aktyor, Xalq artisti Rövşən Hüseynovun 70 illik yubileyi qeyd olunub. Benefis formatlı yubiley gecəsində səhnəyə çıxan yubilyar  həyatı və rol aldığı tamaşalar barəsində danışıb, sənət dostlarının   təbriklərini qəbul edib, tamaşaçıların suallarını cavablandırıb.
      Teatrsevərlərin, mədəniyyət nümayəndələrinin, sənət dostlarının qatıldığı gecədə Xalq artisti tərəf  müqabilləri, birgə işlədiyi rejissorlarla bağlı xatirələrindən danışıb, rol aldığı tamaşalardan fraqmentlər təqdim olunub.  Sənətkar ailəsində, Naxçıvan Teatrının inkişafında müstəsna xidmətləti olan aktyorların himayəsində böyüyən Rövşən Hüseynov bildirib ki, ilk sənət sirrlərini nənəsi Əməkdar artist Xədicə Qazıyevadan, anası  Xalq artisti Sofiya Hüseynovadan öyrənib. Görkəmli sənətkar səhnədə keçən 56 il  müddətində 200-dən artıq tamaşada rol oynayıb. Xalq artisti Naxçıvan teatrında imzası olan, dünyasını dəyişmiş bənzərsiz aktyor və rejissorları  yada salıb. Diqqətə çatdırıb ki, ailəsi hər zaman Ulu öndər  Heydər Əliyevin qayğısını hiss edib, dahi liderin Naxçıvan teatrı ilə bağlı səsləndirdi fikirlərin yer aldığı fraqment nümayiş olunub.
     Sonra səhnəyə çıxan xalq artistləri -Rza Xudiyev,Yasəmən Ramazanova, Şirzad Abutalıbov, Həsən Ağasoy, Kamran Quliyev, Əməkdar artist Əli Əliyev, teatrın baş rejissoru Mir Qabil Əkbərov, Naxçıvan Muxtar Respublikasının Əməkdar artisti Səməd Canbaxşiyev, Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının aktyoru Natiq Fərzəliyev sənətkarla bağlı xatirələrini bölüşüb, təbriklərini çatdırıblar. Yubilyarın Naxçıvan Teatrının inkişafına töhfə olan xidmətlərindən bəhs edən çıxışçılar  qeyd ediblər ki, onun yaratdığı zəngin obrazlar qalereyası hər zaman tamaşaçıların yaddaşında qalacaqdır. Rövşən Hüseynov ustad aktyor olmaqla yanaşı, həm də rejissor olaraq fəaliyyət göstərib. 
 Sonra Naxçıvan Teatrının direktoru Rza Xudiyev aktyora Fəxri Fərman təqdim edib.
Yubiley gecəsi ziyalıların və ölkəmizin bir sıra teatrları tərəfindən ünvanlanan təbriklərin səsləndirilməsi və tamaşaçı alqışları ilə sona çatıb.


  Naxçıvan Muxtar Respublikasının
 Mədəniyyət Nazirliyinin mətbuat xidməti 

Nəşr edilib : 17.02.2024 12:29