AZ EN RU

Xalq artisti Nəriman Məmmədovun 95 illik yubileyi qeyd olunub

29 dekabrda Cəlil Məmmədquluzadə adına Naxçıvan Dövlət Milli Dram Teatrında Naxçıvan Dövlət Filarmoniyasının yaradıcı kollektivləri tərəfindən Nəriman Məmmədovun 95 illik yubileyinə həsr olunmuş konsert proqramı təqdim edilib.

Konsert başlamadan öncə çıxış edən Filarmoniyanın direktoru Ülvi Əhmədov tanınmış bəstəkarın musiqi mədəniyyətimiz qarşısında  misilsiz xidmətlərindən danışıb. Qeyd olunub ki,  mənalı ömrünə yüzlərlə mahnı, simfoniya, balet, musiqili komediya və simfonik poemalar sığdıran Naxçıvanın nəğməkar övladı  Nəriman Məmmədov heç nə yazıb-yaratmasaydı belə, muğamlarımızı nota alan incəsənət xadimi kimi musiqi mədəniyyəti tariximizdə daim yaşayacaqdı.

Nəriman Məmmədovun bacısı Novella xanım və yaxın qohumlarının da iştirak etdiyi tədbirdə qonaqlar adından çıxış edən Nərmin Məmmədli Nəriman Məmmədovun doğulub böyüdüyü Naxçıvan torpağında xatirəsinin əziz tutulmasından böyük məmnunluq duyduqlarını bildirib, konsert proqramının keçirilməsində əməyi olanlara minnətdarlıq edib.

Konsertdə bəstəkarın xalq çağlı alətləri orkestri üçün yazılmış əsərləri və ölümsüz mahnıları təqdim edilib. Xalq artistinin dillər əzbəri olan – “Sevən ürək”, “Tək ulduzun olaydım”, “Yar söz desin”, “Səsini eşidirəm mən”, “Ürəklərdə qalaydın”, “Sən yanımda olanda”, həmçinin bəstəkarın yaxın dostu, Xalq artisti, “Şöhrət” ordenli bəstəkar Tofiq Bakıxanovun Nəriman Məmmədova həsr etdiyi “Yadıma düşdü” və “Görüş yerimiz” mahnıları ifa olunub. Naxçıvan Muxtar Respublikasının Əməkdar artistləri Ruhiyyə Hüseynova, Zülfiqar Mahmudov, Filarmoniyanın solistləri Nərmin Hüseynova, Nadir Məmmədov, Cəfər Tağıyev, Bəhruz Quliyev tərəfindən səsləndirilən mahnılar tamaşaçılara xoş anlar yaşadıb.

    Naxçıvan Muxtar Respublikası

 Mədəniyyət Nazirliyinin mətbuat xidməti

Nəşr edilib : 30.12.2022 12:02