AZ EN RU

Xalq artisti Fidan Hacıyeva: “Naxçıvan mənim ikinci vətənimdir”

    Onu insanlara sevdirən təkcə səsinin sehri deyil,  şirin dili, gülər üzü, insanın qəlbini isidən səmimiyyətidir. Sanki illərdir, tanıdığı insanlar kimi mehribanlıqla qucaq açır naxçıvanlılara. Naxçıvana “ikinci vətənim”, – deyən, təvazökarlığı, incə təbiəti ilə insanların qəlbinə yol tapan, insan qəlbini səsi ilə həmahəng titrədən bu nəcib xanım Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının solisti, beynəlxalq müsabiqələr laureatı, Azərbaycanın Xalq artisti Fidan Hacıyevadır. Musiqiyə hədsiz-hüdudsuz məhəbbəti olan Xalq artistinin Naxçıvanda Heydər Əliyev Sarayında keçirilən konsert proqramına həyəcanla yol aldıq. Sarayda izdiham müşahidə olunurdu. Hər kəs səbirsizliklə konsertin başlanmasını gözləyirdi. Və nəhayət, özünəxas duruşu ilə Fidan Hacıyeva səhnədə yer aldı. Aramsız alqışlarla qarşılanan sənətkar dahi bəstəkar, milli operamızın banisi Üzeyir Hacıbəylinin “Arşın mal alan” operettasından “Gülçöhrənin ariyası” ilə konsertə başladı. Konsertdə Naxçıvan Dövlət Filarmoniyasının peşəkar musiqi kollektivinin ifasında Avropa klassik musiqisi, Azərbaycan bəstəkarlarının əsərlərindən ibarət musiqi nömrələri, mahnılar, romanslar, xalq mahnıları böyük maraqla izləndi.
    Sonda Xalq artistinin ifasında dünya şöhrətli Müslüm Maqomayevin “Azərbaycan” mahnısı izləyicilər tərəfindən ayaq üstə alqışlandı. Keçirilən möhtəşəm konsert proqramını Naxçıvana, naxçıvanlılara olan böyük sevgiyə həsr etdiyini söyləyən Fidan Hacıyevanın ailəsi də onu böyük zövqlə dinləyirdi. Xalq artisti balaca oğlu Çarlinin bəstələdiyi, sözləri Vahid Əzizin olan “Ulu Öndər” mahnısını ifa etdi. Onu pianoda istedadlı Çarli müşayiət etdi. Bu Çarlinin səhnədə ilk çıxışı idi.
     Konsertdən sonra mehriban, xoşçöhrəli Fidan xanım Naxçıvanla bağlı təəssüratlarını “Şərq qapısı” qəzeti ilə bölüşdü: “İlk dəfə böyük şair Məmməd Arazın sözlərinə yazılmış “Yəqin dağlar küsüb məndən” əsərinin musiqi klipini Nursu kəndində, dağlarda çəkilişini etdik. İlk səfərimdən bu diyarı çox sevdim. Mən Naxçıvanı ikinci Vətənim sayıram. Hər dəfə gələndə qonaqpərvərliyi, istiqanlılığı, insanların mənə və sənətimə qarşı hörmətini, sevgisini gördükcə fərəhlənir, xoş hisslər keçirirəm. Mən bu səmimiyyətə, bu böyük sevgiyə görə naxçıvanlılara minnətdarlığımı bildirirəm. Onu da qeyd etmək istərdim ki, çox qısa bir zamanda Naxçıvan Dövlət Filarmoniyasının orkestri möhtəşəm konsert proqramına yüksək səviyyədə hazırlaşmışdı. Təşkilatçılıq möhtəşəm idi. 
   Hər dəfə Naxçıvana gələndə mütləq Əshabi-kəhf ziyarətgahına gedirəm. Buraya gəldiyim gün həmin müqəddəs yeri ziyarət etdim, arzularımın, niyyətlərimin Allahdan qəbul olunmasını dilədim. Şükür ki, hər zaman bu müqəddəs ocaqda arzuladığım bütün diləklərim çin olub. Hər zaman orada xoş hisslər keçirirəm, xoş təəssüratla qayıdıram oradan, keçirdiyim hissləri sözlə ifadə edə bilmirəm. O möhtəşəmlik qarşısında həyəcanlanıram, daxilən rahatlıq tapıram. Dünən, ümumiyyətlə, Naxçıvanın bir çox yerini gəzdim. Buraya son səfərimdən bir neçə il keçməsinə baxmayaraq, çox dəyişiklik gördüm. Mühüm işlər görülüb. Naxçıvandakı tarixilik, qədimiliklə yanaşı, möhtəşəm yeniliklər, təzə-tər nəfəs var bu diyarda. Bu torpaq müqəddəs torpaqdır.
    Bildiyiniz kimi, Bakıda Fidan Hacıyeva adına Vokal Musiqi Məktəbi fəaliyyət göstərir. Arzu edərdim ki, Naxçıvanda da həmin musiqi məktəbinin filialı açılsın, naxçıvanlı balalara bu sənəti özüm öyrədim. Artıq danışıqlar gedib. İstəyirəm ki, tezliklə bu arzum çin olsun. Mənə ustad dərsləri təklif olundu, amma mən istərdim ki, həmin məktəbin filialı fəaliyyətə başlasın. Mən burada həmin uşaqları yetişdirim, onları da dünyaya tanıdım. Çünki, həqiqətən də, burada çox gözəl səslər var.  
    Son olaraq qəzetiniz vasitəsilə Naxçıvan rəhbərliyinə öz dərin minnətdarlığımı bildirmək istəyirəm. Mən gözləmirdim ki, səlahiyyətli nümayəndə Fuad Nəcəfli və nümayəndəliyin əməkdaşları konsertə gələcəklər. Mənə böyük sürpriz oldu. Bu mənim sənətimə böyük diqqətdir, hörmətdir, çox minnətdaram. 

Gülcamal TAHİROVA

Nəşr edilib : 28.10.2023 00:23