AZ EN RU

Xalq artisti Abdulla Babayevin xatirə gecəsi keçirilib

  Aprelin 1-də Naxçıvan Muxtar Respublikasının Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə Xalq artisti, “Şöhrət” ordenli Abdulla Babayevin anadan olmasının 100 illik yubileyinə həsr olunmuş xatirə gecəsi keçirilib. Gecənin aparıcısı Naxçıvan Muxtar Respublikasının  Əməkdar mədəniyyət işçisi Etiqad Seyidov olub. Tədbiri giriş nitqi ilə açan Naxçıvan Muxtar Respublikasının mədəniyyət naziri vəzifələrinin icraçısı, nazir  müavini Həsən Seyidov Abdulla Babayevin sənət yolundan söz açıb, Xalq artistinin ömrünün 60 ildən çoxunu Azərbaycan ifaçılıq sənətinə həsr etdiyini, muğamlarımızın, xalq və bəstəkar mahnılarının nadir ifaçısı olduğunu vurğulayıb.
  Xatirə gecəsində Xalq artistinin oğlu, Azərbaycan Respublikasının Əməkdar artisti Zeynalabdin Babayev, Əməkdar incəsənət xadimi, professor Səidə Məmmədova,  Azərbaycan Respublikasının Əməkdar mədəniyyət işçisi İmamqulu Əhmədov, Əməkdar incəsənət xadimi Əkrəm Məmmədov, Tumbul kənd ziyalısı Nağı Nağıyev Abdulla Babayevlə bağlı xatirələrini bölüşüb, onun sənət yolu, ifaçılıq məharəti, yüksək insani keyfiyyətləri barəsində danışıblar. 
Tədbirdə Xalq artistinin Ümummilli lider Heydər Əliyevlə görüşündən və həyatının müxtəlif məqamlarından bəhs edən videoçarx nümayiş olunub.
Naxçıvan Dövlət Filarmoniyasının Mahnı və Rəqs Ansamblının solistləri- Xalq artisti Əzizağa Məmmədov, Azərbaycan Respublikasının Əməkdar artisti Vilayət İsmayılov, Naxçıvan Muxtar Respublikasının Əməkdar artistləri-Hünər Əliyev, Zülfiqar Mahmudov, solistlər-Nərmin Hüseynova, Zamin Vəliyev, İsrafil Qibləliyev və Abdulla Babayevin adını daşıyan nəvəsi sənətkarın repertuarında yer alan “Təki sən səslə məni”, “Şəhla gözlüm”,  “Ordubad”, “Kor ərəbin mahnısı”, “Naxçıvan”, “Kimlər gəldi, kimdi getdi”, “Şur təsnifi” ni   ifa ediblər.
Azərbaycan Respublikasının Əməkdar artisti, tanınmış tarzən Zeynalabdin Babayevin ifa etdiyi “Qərənfil” əsəri maraqla qarşılanıb.
 Xatirə gecəsi Abdulla Babayevin dillər əzbəri olan “O Naxçıvandır” mahnısının ifası ilə sona çatıb.


 Naxçıvan Muxtar Respublikası 
Mədəniyyət Nazirliyinin mətbuat xidməti

Nəşr edilib : 01.04.2024 21:54