AZ EN RU

Xalçaçılıq təlimi keçirilib

Naxçıvan Muxtar Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi və Kəngərli Rayon İcra Hakimiyyəti ilə birgə 2022-ci il aprel ayının 27-də xalçaçılıq sənətinin inkişaf etdirilməsi, qadınların bu sahəyə marağının artırılması, eyni zamanda onların sosial vəziyyətinin yaxşılaşdırılmasına kömək etmək məqsədilə rayonda yaşayan müvafiq kateqoriyadan olan qadınlar arasında təlim keçirilmişdir.

Təlimdə 6 sağlamlıq imkanları məhdud, 6 xüsusi qayğıya ehtiyacı olan ailənin üzvü qadın və Kəngərli Rayon Uşaq-Gənclər Yaradıcılıq Mərkəzinin 6 dərnək rəhbəri olmaqla, cəmi 18 nəfər qadın iştirak edib.

Kəngərli Rayon İcra Hakimiyyətinin başçısı aparatının informasiya təminatı və təhlili sektorunun aparıcı məsləhətçisi Həsənova Səbinə tədbiri giriş sözü ilə açaraq təlimin mahiyyətindən bəhs etmiş, bundan sonra da bu işlərin davamlı olacağını diqqətə çatdırmışdır.

Tədbirdə Naxçıvan Muxtar Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin Ailə, qadın problemləri və gender məsələləri şöbəsinin müdiri Könül Babayeva çıxış edərək bildirmişdir ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2021-ci il 28 yanvar tarixli Sərəncamı ilə təsdiq edilmiş “2021-2025-ci illərdə Naxçıvan Muxtar Respublikasında əhalinin məşğulluğunun artırılması üzrə Dövlət Proqramı”nın icrası ilə əlaqədar hal-hazırda müvafiq işlər həyata keçirilir. Həmçinin qadınlar arasında, xüsusən də evdar və sosial qayğıya ehtiyacı olan qadınlar arasında xalq tətbiqi sənət nümunələrinin, milli dəyərlərin yaşadılması istiqamətində sosial layihələr həyata keçirilir. Bu gün həyata keçirilən xalçaçılıq təliminin keçirilməsi görülən işlərin davamı olduğunu qeyd etmişdir. Bildirilmişdir ki, bu gün də muxtar respublikada qadınların istedad və bacarıqlarının üzə çıxarılması, cəmiyyətin bütün sahələrində onların potensiallarından istifadə edilməsinə xüsusi diqqət yetirilir.

Sonda istedadlı qadın Həcər Hümbətova təlimə əyani vəsaitlərdən istifadə etməklə başlamışdır.

Naxçıvan Muxtar Respublikasının Ailə, Qadın və

Uşaq Problemləri üzrə Dövlət Komitəsinin mətbuat xidməti

Nəşr edilib : 27.04.2022 17:52