AZ EN RU

Xalçaçılığın inkişafına dövlət qayğısı ildən-ilə artırılır

    Xalq tətbiqi sənətinin mühüm qolu olan xalçaçılığın xalqımızın  milli mədəniyyət tarixində özünəməxsus  yeri  var. Ümummilli lider Heydər Əliyev respublikamıza rəhbərlik etdiyi dövrlərdə mədəni irsin, o cümlədən xalçaçılığın inkişafına xüsusi qayğı göstərmişdir.

    Bu siyasəti uğurla davam etdirən Prezident cənab İlham Əliyevin 2016-cı il 5 may tarixli Sərəncamına əsasən “Azərxalça” Açıq Səhmdar Cəmiyyəti yaradılmışdır. “Azərbaycan xalça sənətinin qorunması və inkişaf etdirilməsi haqqında” Azərbaycan Respublikasının Qanunu qəbul olunmuş, bölgələrdə “Azərxalça” ASC-nin filialları açılmışdır. Bu sahəyə göstərilən diqqət və qayğının nəticəsidir ki, Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 28 fevral tarixli Sərəncamı ilə “Azərbaycan Respublikasında xalça sənətinin qorunmasına və inkişaf etdirilməsinə dair 2018-2022-ci illər üçün Dövlət Proqramı” qəbul edilmişdir. Bunlar Azərbaycan dövlətinin xalçaçılıq sənətinə olan dəstəyinin, xalçaçılığın həm tarixi-mədəni, həm də sosial-iqtisadi faktor kimi yüksək qiymətləndirilməsinin önəmli nümunələridir. 

    Bu qədim el sənətinə müasir yanaşma Naxçıvan Muxtar Respublikasında da xalçaçılığın inkişaf tarixində yeni səhifələr açmaqla, onun daha intensiv inkişafına misilsiz töhfələr vermişdir. Naxçıvanda xalçaçılığın inkişafı istiqamətində həyata keçirilən kompleks tədbirlər çərçivəsində “Naxçıvan Biznes Mərkəzi” Məhdud Məsuliyyətli Cəmiyyətinin xalq yaradıcılığı emalatxanasında  və Cəlilkənd buzxanasında yerləşən xalçaçılıq emalatxanasında xalça toxunması xalçaçılıq ənənəsinin qorunub yaşadılmasına və gənc xalçaçılar nəslinin yetişməsinə stimul yaradır. Sədərək rayonunda xalçatoxuma müəssisəsinin yaradılması, xalçaçılıq sahəsi üzrə müdavimlərin yetişdirilməsi də bu qədim sənətin yaşadılmasına göstərilən böyük qayğının ifadəsidir. 
    Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin müvafiq sərəncamları ilə təsdiq olunan “Naxçıvan Xalça və İplik İstehsalı Müəssisəsi” Məhdud Məsuliyyətli Cəmiyyətinin yaradılması və “Naxçıvan Muxtar Respublikasında xalça sənətinin qorunmasına və inkişaf etdirilməsinə dair 2018-2022-ci illər üçün Dövlət proqramı” xalqımızın milli dəyərlərindən sayılan xalçaçılığın yaşadılmasına, milli mədəniyyətimizin daha geniş  şəkildə təbliğinə, eləcə də  özəl sektora öz töhfəsini verməkdədir. Dövlət proqramına müvafiq olaraq ötən  il ərzində “Naxçıvan Biznes Mərkəzi” Məhdud Məsuliyyətli Cəmiyyətinin xalq yaradıcılığı emalatxanasında  9, Cəlilkənd buzxanasında isə 4 xalça toxunmuşdur. Həmçinin 9 xalçanın satışı həyata keçirilmişdir. Hazırda Xalq Yaradıcılığı Emalatxanasında 2, Cəlilkənd Buzxanasında isə 1 ədəd xalçanın toxunuşu davam etdirilir.
     Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri cənab Vasif Talıbovun 2021-ci il oktyabrın 16-da Kamil Əliyevin 100 illik yubileyinin Naxçıvan Muxtar Respublikasında qeyd olunması ilə bağlı Sərəncamına müvafiq olaraq Xalq Yaradıcılığı Emalatxanasında və Cəlilkənd buzxanasında Azərbaycan xalçaçılıq məktəbinin xüsusiyyətlərini özündə cəmləşdirən Kamil Əliyevin çeşniləri əsasında xalçaların toxunması üçün kadrların hazırlanması işinə mühüm töhfələr vermişdir.
    Xalçaçılığın inkişafına digər mühüm bir istiqamət isə kadr hazırlığıdır. Toxucu kadrların hazırlanması üçün “Naxçıvan Biznes Mərkəzi” Məhdud Məsuliyyətli Cəmiyyətinin Xalq Yaradıcılığı Emalatxanasına mütəmadi olaraq müdavimlər qəbul edilmiş, həmçinin bu məqsədlə peşə kurslarının keçirilməsinə dair tədris planı hazırlanmışdır. Cari ilin ötən dövrü ərzində Xalq Yaradıcılığı Emalatxanasında “Xalçaçılıq sənətinin öyrənilməsi” mövzusunda kurs təşkil olunmuş və kursu müvəffəqiyyətlə bitirən müdavimlərə sertifikatlar təqdim edilmişdir.
    Naxçıvanda xalçaçılığın inkişafı ilə bağlı Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 15 fevral tarixli “Naxçıvan şəhərində xalça istehsalı emalatxanasının tikintisi, təchizatı və infrastrukturunun yaradılması ilə bağlı tədbirlər haqqında” Sərəncamı da bu istiqamətdə görülən işlərin davamlılığını təmin etmişdir. Sərəncama əsasən Naxçıvan şəhərində xalça istehsalı emalatxanasının tikintisi, təchizatı və infrastrukturunun yaradılması ilə bağlı tədbirlərin icrasına başlanılmış, 2021-ci ildə “Azərxalça” ASC tərəfindən Naxçıvan şəhərində xalça istehsalı müəssisəsinin, yun və boyaq bitkilərinin tədarükü məntəqəsinin yaradılması başa çatdırılmışdır. 
    Yeni xalçaçılıq müəssisəsi bütün zəruri xammal və ləvazimatlarla təmin edilmiş, xalça istehsalı emalatxanalarında 150 toxucunun, 14 inzibati-təsərrüfat işçisinin çalışması üçün müasir iş şəraiti yaradılmışdır. Emalatxanada müxtəlifölçülü 43 dəzgahda Naxçıvan xalçaları toxunur. 2021-ci ildə və cari ilin ötən dövrü ərzində müəssisədə 218 kvadratmetr ölçüdə 140-dan çox xalça toxunmuşdur. Muxtar respublikada açılan xalçaçılıq müəssisəsi xalça toxumaqla məşğul olan qadınların əmək bazarına inteqrasiyasına yeni imkanlar yaratmışdır.
    Muxtar respublikada xalçaçılıq sənətinin inkişafı sahəsində görülən işlər, yaradılan şərait xalq tətbiqi sənətinin bu növünün daha da zənginləşdirilərək gələcək nəsillərə çatdırılmasına imkan verir.

Naxçıvan Muxtar Respublikası
İqtisadiyyat Nazirliyinin mətbuat xidməti

Nəşr edilib : 02.06.2022 20:03