AZ EN RU

Vüsalla bitən həsrət

    İllər keçsə də, yaramız qabıq qoyur, amma sağalmırdı, ta ki həmin günə kimi. Bir payız səhəri yaz Günəşi doğuldu Azərbaycanın səmasında. İgid Azərbaycan əsgəri illərdir, yarılmaz, keçilməz deyilən “Ohanyan səddini” cəmi bir neçə dəqiqəyə yarıb keçdi. İlk azad olunan şəhər Cəbrayıl oldu. Füzuli rayonu ilə eyni vaxtda işğal olunmuşdu Cəbrayıl. Həmin qələbə xəbərini eşidən Füzuli sakinləri əmin idi ki, sonrakı qələbə xəbəri “Füzuli azad edildi” olacaq. Azərbaycan əsgəri gözümüzü yolda qoymadı. Həmin gün cənab Prezidentin xalqa müraciətini dinləyir, hansı rayonumuzun işğaldan azad edildiyi xəbərini alacağımızı səbirsizliklə gözləyirdik. “Füzuli şəhəri” dediyi o anda telefonun səsinə qarışdı alqış sədaları. Sona xala idi zəng vuran, ağlayırdı, şükür Allaha, yurdum qayıtdı deyirdi. “Gözlərim görmür daha, ayaqlarım da tutmur, gedəcəyəm, sürünə-sürünə gedəcəyəm yurduma, torpağını ovuclayıb illərdir, yurd həsrəti çəkə-çəkə nura həsrət qalan gözlərimə sürtəcəyəm. İnanıram ki, gözlərimə gələn ağı sağaldacaq yurdumun bir ovuc torpağı”, – deyirdi. Sevincinin həddi-hüdudu yox idi bütün azərbaycanlıların. Bütün xalqımızın arzusu reallaşmışdı, igid oğullarımız azad etmişdi yurdumuzu. Və budur, azadlığın təntənəsini yaşayır qədim Füzuli. 

Bütün yollar Qarabağa aparır

Ermənilərin işğalçılıq siyasəti nəticəsində dağıdılmış ərazilərimizin ən müasir texnologiyalara əsaslanan quruculuq konsepsiyası əsasında bərpası sürətlə davam edir. İşğaldan azad olunan rayonların bərpası sistemli şəkildə həyata keçirilir. Belə ki, Azərbaycan Prezidentinin tapşırığına əsasən dəymiş ziyanın qiymətləndirilməsi, daha sonra infrastruktur layihələrinin icrası baş tutur. Füzuli şəhəri işğaldan azad edildikdən sonra oraya səfərlərin birində “Füzuli şəhəri deyəndə, əlbəttə, biz hamımız bilməliyik ki, şəhərdən bir şey qalmayıb, əsər-əlamət qalmayıb, bir dənə də salamat bina qalmayıb”, – deyən cənab Prezident onu da bildirmişdir ki, bəziləri hesab edirdi ki, Füzuli şəhərini işğaldan azad etmək mümkün deyil. Hətta ən tanınmış hərbi mütəxəssislər də belə fikirdə idi ki, Füzulini götürmək, onu işğaldan azad etmək üçün, bəlkə, aylarla vaxt lazım olacaq və bu əməliyyat uğurla nəticələnəcək-nəticələnməyəcək hələ böyük sual altında idi: “Ancaq müzəffər Azərbaycan Ordusu bu şərəfli missiyanın öhdəsindən gələ bildi və qısa müddət ərzində Füzuli rayonunun əksər kəndləri və Füzuli şəhəri düşmənin tapdağından azad edildi... Çünki otuz il ərzində o vəhşilərin əlində idi, yırtıcı heyvanların əlində idi, çaqqalların əlində idi. Bütün binalar sökülüb, dini abidələrimiz sökülüb, hər şey talan edilib, evlərin dam örtükləri, pəncərələri, əşyaları, hər şey. Sanki vəhşi bir qəbilə bu şəhəri zəbt etmişdir”. 

Əzizlərinə qovuşan Füzulinin üzü gülür 

Qələbədən ötən müddət ərzində Prezident cənab İlham Əliyevin işğaldan azad olunan ərazilərimizə hər bir səfəri və görülən işlərlə tanışlığı sakinlərin tezliklə öz yurduna qayıdacağını müjdələyirdi. Qısa müddətdə Füzulidə Mərkəzi Xəstəxananın və peşə liseyinin tikintisinə başlanıldı. Həmçinin Baş plan çərçivəsində şəhərə bütün istiqamətlərdən giriş-çıxışı təmin edən nəqliyyat şəbəkəsi qurulur. Qələbə parkı, Füzuli meydanı, Memorial parkın yaradılması və yaşıl zolaqlar vasitəsilə bu ərazilərin bir-biri ilə əlaqələndirilməsi nəzərdə tutulur. Şəhərdaxili yolların ümumi uzunluğu 87 kilometr olacaq. İlkin mərhələdə isə 18,5 kilometr yolun tikintisi başlanılmışdı. Prospektlər 4 zolaqlı, küçələr isə 2 zolaqlıdır, piyadaların rahat hərəkət etməsi üçün bütün imkanlar yaradılıb. Piyada yolları, yaşıllıq zolaqları, ictimai nəqliyyatın rahat hərəkəti üçün zolaqlar, həmçinin velosiped yollarının da tikintisi yüksək sürətlə davam edir. Bütün bu işlər minalı ərazilərin sürətlə təmizlənməsindən sonra başlayır. 

    Füzulinin, ümumilikdə, 50 minlik əhalisi olan bir şəhər olacağı planlaşdırılır. Hazırda Füzulidə 6 məhəllənin, 38 binanın tikinti-quraşdırma əməliyyatları sürətlə aparılır. Həmin yaşayış sahəsinə ilin sonunadək 800 ailənin köçürülməsi nəzərdə tutulur. Köçürülmə prosesi iki mərhələdə planlaşdırılır. Bütün mənzillər tam təmirli, mətbəx mebeli və qaz pilətəsi, su, qaz və elektrik sayğacları ilə təchiz olunmuş vəziyyətdə sakinlərə təqdim ediləcək. 
    Füzuli şəhərinə ilk köçdən bir neçə gün sonra – avqustun 23-də Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyev, xanımı Ziroatxon Mirziyoyeva Füzuliyə səfər ediblər. Özbək xalqı adından hədiyyə edilən Mirzə Uluqbəy adına 1 nömrəli tam orta məktəbin açılış mərasimi olub. Bu məktəb həm də iki xalqın dostluq, qardaşlıq örnəyi olacaq gələcək nəsillərə. 
    Rəşadətli Azərbaycan Ordusu 2020-ci il oktyabrın 17-də Füzulini işğaldan azad etdikdən cəmi 9 ay sonra Füzulidə istifadəyə verilən Beynəlxalq Hava Limanı Prezident cənab İlham Əliyevin də vaxtilə vurğuladığı kimi, xarici qonaqların Şuşaya gəlişini təmin etmək funksiyasını uğurla yerinə yetirir. 

Son söz

Ötən günlərdə Füzuli şəhəri haqqında reportaja baxanda 30 il kimsəsiz, əzizləri olmadan yaşayan o dağları görəndə öz-özümə deyirəm:
    – İllərlə kimsəsiz yaşadı bu daşlar, yurd həsrəti ilə yana-yana yanıqlı bayatılar deyə-deyə dünyadan köçdü neçə-neçə insan. Beləcə, ömür keçdikcə bu yurd həsrətinin yarası qabıq qoydu. Amma sağalmadı yurd, torpaq həsrəti, o yaranın qabığı tez-tez soyuldu. Dağın yamacındakı o yurdda, ocaqda, o ocaqda tüstülənən odun sobasının üstündə dəmlənən plovda qaldı çoxlarının fikri, xəyalı. İllər sonra yeni-yeni yaşayış massivləri salındı, köhnə xəstəxana binalarında dar otaqlarda, çadırlarda yaşayan sakinlər oraya köçürüldü. Amma şərait nə qədər yaxşı olsa da, xəyallar, arzular o qoşa dağların ətəyindəki yurdda qalmışdı. Elə o yurdun da fikri, xəyalı öz doğmalarının yanında idi. Artıq 30 il idi ki, hər bir azərbaycanlı Qarabağ adlı qisas daşıyırdı ürəyində. İllər keçdikcə bu hiss, ordumuzun gücü, dövlətimizin iqtisadi qüdrəti artdıqca həsrətimizin bitəcəyi gün də yaxınlaşırdı. Və həmin gün gəldi. 44 günlük Vətən müharibəsində ürəyi Vətən eşqi ilə döyünən oğullar irəli atılaraq cənnətimizi geri almağa nail oldular. Biz bir olduq, güclənib düşmənin başına ildırım kimi çaxdıq. Azərbaycan xalqının dahi oğlu Füzulinin adını daşıyan bu əziz yurd əsl sahibinə qaytarıldı. Şanlı bayrağımız bütöv Azərbaycanımızın başı üzərində qürurla dalğalandı. Şəhərin mərkəzində Ulu Öndərimizin layiqli davamçısı Ali Baş Komandan cənab İlham Əliyevin əllərində üçrəngli bayrağımız göylərə çəkildi. Artıq Füzuli sakinləri öz evlərində öz çırağını, öz ocağını yandırmağa başlayıb. Tarixin ən şanlı qələbəsini qazanan xalq vəhşi düşmənin dağıtdığı yurd yerlərini yenidən gülüstana çevirir. Abad yurdumuzda əmin-amanlıqla yaşamağa başladığımız bu günlər isə qələbənin əsl təntənəsidir. 

 Ramiyyə ƏKBƏROVA 
 

Nəşr edilib : 12.10.2023 21:09