AZ EN RU

Vüqarınla, məğrurluğunla hər zaman yenilməzsən, Azərbaycan anası!

    Tarixin bütün dövrlərində olduğu kimi, ictimai fəallığı, Vətənə sədaqəti, ailəyə bağlılığı, fədakarlığı və qəhrəmanlığı ilə seçilən Azərbaycan qadını bu gün də öz missiyasını şərəflə davam etdirir. Yaşadığı yerdən, işlədiyi vəzifədən asılı olmayaraq, bu gün hər bir azərbaycanlı qadın fədakar, vətənpərvər övladlar yetişdirib Vətən torpağına sipər edir. Odu sinəsinə basıb məğrurluqla söndürür. Yollara dikilən gözlərinə çökən əbədi həsrəti qürurla əvəz edib şəhid olan həyat yoldaşının cənazəsini çiynində əbədiyyətə yola salaraq, Vətən müharibəsində şəhidlik zirvəsinə ucalan övladının dəfnində “sənə halal olsun, igidim, torpağımızı azad etdin, qaçmadın düşmənin qarşısından sinəndən vuruldun, kürəyindən vurulsaydın, haqqımı sənə halal etməzdim”, – deyib dünyaya nümunə göstərir Azərbaycan qadını! Qəhrəmanın anası adını qazanan, Qələbə qədər böyük olan qəhrəman qadınlarımız, analarımızdır budəfəki müsahiblərimiz. 
    Bir zirvə var dünyada, “Şəhidlik zirvəsi” deyirlər adına. Bu zirvə elə bir yerdədir ki, ordan Vətən görünür. O Vətən ki torpağı şəhid qanı ilə yoğrulur. Elə şəhid anası da torpağı sevir, ona deyir sözünü, göz yaşını da torpağa axıdır. Axı oğlu da o torpaq bölünməsin deyə keçmişdi öz şirin canından! Artıq üç ildir ki, Mədinə xala da sirrini, sözünü torpağa deyir, onunla ovudur qəlbindəki Vüsal alovunu. Toyu üçün hazırladığı xonçaları məzarına gətirir, hər bayramda səməni göyərdir, Vətən vüsalına qovuşan Vüsalına. Tez-tez Şərur şəhərindəki Şəhidlər xiyabanında rastlaşıram Vətən müharibəsi şəhidi Vüsal Vəliyevin anası Mədinə xala ilə. Vüsalın məzarını güllərlə bəzəyir başdaşındakı rəsmini əzizləyib oxşayır, həsrətlə öpür daş şəklini. Hər dəfə Vüsalın 19 illik qüsursuz zabit xidmətindən, Vətən müharibəsinin son gününə kimi döyüşdüyündən, Şüşaya gedib çatdığından bu müqəddəs şəhəri azad edənlərdən biri olduğundan, göstərdiyi igidliyə görə dövlət başçısı tərəfindən medallarla və “Azərbaycan Bayrağı” ordeni ilə təltif olunmasından, qəhrəmanlığından danışdıqca qürur göz yaşları süzülür yanağına. Deyir ki, hər qarış torpaq uğruna oğullar sinələrini sipər etdi düşmən gülləsinə. Onlar təkcə öz analarının yox, hamımızın ürəyinin qoru oldular. Təsəllimiz var indi: oğullarımız düşmənə aman verməyib torpaqlarımızı azad etdilər, qələbə şəhidləri adını qazandılar. Qoy rəzil düşmən onu da bilsin ki, mənfur niyyətlərini hər zaman boğmağa hazır olacaq qüdrətli oğullar böyüdəcəyik. Yeni-yeni qəhrəman Qabillər, Aqillər, Məmmədlər, Raqiblar, Vüsallar, Eltonlar doğulacaq, boya-başa çatacaq. Onların da damarlarından qan əvəzinə Vətən sevgisi axacaq, onlar da ataları, əmi və dayıları kimi qəhrəman olacaqlar. 
    Şəhid Raqib Hüseynovun anası Rəna xala ilə bir neçə ildir ki, eyni binada yerləşən iki ayrı idarədə çalışırıq. O, mehribanlığı, səmimiyyəti ilə hamımızın hörmətini qazanıb. Birimiz ona xala, digərimiz bacı deyə xitab edirdik, ta ki igid oğlu ona müqəddəs bir ad – “Şəhid anası” adını qazandırana kimi. 2020-ci ilin sentyabrın son günü günorta saatları idi, hamı kimi onun da ürəyi cəbhədə döyünürdü. Çünki gözünün ağı-qarası, madar balası cəbhədə idi. Odun alovun içərisində. Altı gün idi Vətən müharibəsi başlamışdı. Həmin gün telefonuna gələn zəngi sevinə-sevinə açsa da, Rəna xalanın eşitdiyi söz fəryad etməsinə səbəb oldu. Raqib şəhadət şərbətini içmiş, xalqımızın sülh göyərçininə dönmüşdü. Raqibin müqəddəs nəşi yurduna gətiriləndə Rəna ana uğrunda canından keçdiyi üçrəngli, ay ulduzlu qələbə bayrağını bağrına basıb “oğlumun toy-düyün günü Vətən uğrunda canından keçdiyi gün, bəy paltarı Vətən bayrağıdır”, – dedi, öz mətanəti ilə bir dağ çəkdi döyüşdə məğlub olan düşmənə. Ağlamadı, qürurla dayandı igid balasının məzarı başında. Düşmən sevinməsin, bir ölüb min diriləcəyik, – dedi. 
    Həmin gündən üç il keçsə də, Rəna xala günün çoxunu oğlunun şəkilləri, medalları, təltifləri və bir də ondan qalan əziz yadigar – Vətən bayrağı ilə bəzədiyi otağında keçirir. O, bununla ovudur yanan ana ürəyini. İkiotaqlı mənzilinin bir otağını oğlu üçün xatirə otağına çevirən bu məğrur ana ilə hər dəfə görüşəndə, onun gözündəki kədər dolu qürurla göz-gözə gələndə ana ürəyinin böyüklüyünə heyran qalıram. Və deyirəm ki, nə qədər ki sizin kimi Azərbaycan qadınları var, Raqib kimi oğullar da heç vaxt ölməyəcək. Bu dövlət, bu xalq yaşadıqca onlar da yaşayacaq. Gül olub bitəcəklər Vətən torpağında, Günəş olub hər gün doğulacaqlar yurdumuzun başı üstündə. Aydınlığa çıxaracaqlar Vətənimizi. 
    Bu iki Azərbaycan xanımının timsalında deyirəm: nə qədər böyüksən, nə qədər ucasan, şəhid anası! Bu gün sizin – qəhrəman oğullar dünyaya gətirən anaların sayəsində Azərbaycan qadını tarixin heç bir dövründə olmadığı qədər güclü, qürurludur. Çünki o, illərdir, çəkdiyi zəhmətin bəhrəsini gördü. Çünki onun oğulları, qardaşları, həyat yoldaşları onilliklər öncə xəyanət ucbatından itirilən torpaqları geri qaytardılar. Doğma Qarabağımızı yenidən Ana Vətənimizə qaytarmaqla illər öncə alnımıza yazılan ləkəni sildilər. O igidlər ki Vətəni öz anası, yarı bildilər, onun bütövlüyü uğrunda canından keçdilər!
    Xalqımız bu Böyük Qələbəni, bu yurda dönüşü Ali Baş Komandanımız, cənab İlham Əliyevə Vətən torpağının hər qarışını canından əziz bilən igid ərənlərimizə, bir də onları bizlərə bəxş edən analara borcludur. 

 Ramiyyə ƏKBƏROVA 

Nəşr edilib : 06.03.2023 20:52