AZ EN RU

Vüqarından güc aldığım, xilasının 100 yaşı mübarək!

   Cahana nurunla nəqş çəkən gündən səni bütün dünya sevir. O sevgi gah şəninə şən qatan nəğməyə, bəzən də sənə əli çatmayan aşiqlərinin qəzəbinə çevrildi. Mübarizə apardın, ucaldın! Qismətinə Möminə xatınlara yurd olmaq düşdü. Şanslıydın, amma cəfasız nə səfa. Əmir Teymura meydan oxuyan, 14 il mübarizlik nümunəsi göstərdiyin oğuz əmanəti Əlincədən qopan harayına səs verən olmadı. 
   Dövran dəyişdikcə böyüdün, genişləndin, tarixin sərvətinə çevrildin. Arazdan ilham aldın! Amma elə köksünə Arazla dağ çəkdilər! Təbrizdən ayrı düşdün, Bakıya həsrət qaldın! O taydan bu taya boylanan canının parçalarının ah-naləsi qocaltdı səni! Xəzri əsəndə qulağını səmaya, gözünü Zəngəzura çevirdin, bəlkə, Bakıdan xəbər alarsan deyə! Amma əsən küləklər tufana çevrildi! Köksündə uyuyan, xilasını səndə tapan Nuhun gəmisi belə kömək edə bilmədi! Köksünə dağ çəkdilər! İrəvan dağı! Dara düşəndə əlindən tutan, Bakıya səni qovuşduran Zəngəzur da harayına səs vermədi! Ayırdılar!.. Sən əhdinə sadiq qalaraq Zəngəzurun əmanətlərinə sahib çıxdın – öz balaların kimi! Onlar da səni qorudu, yaşatdı, lap elə anaları kimi! 
    Qapılarını taybatay açdığın, qonaqpərvərlik göstərdiyin mənfur “qonaqların” köksünə dağ çəkdi. Haradan biləydin ki, açıq ürəklə bağrına basdıqların bir gün qəlbinə Kərki yarası vuracaq!.. 
    Amma sən təslim olmadın. Tarixin ən çətin anlarından üzüağ, alnıaçıq çıxdın. Nuhun da, Haçadağın da, Əlincənin də köksünə sığınmaqda haqları vardı. Mübarizliyindən övladların da ilhamlanırdı. Səni və anam Azərbaycanı dünyaya oğul və qızların tanıdırdı. 
    Sən Heydərlər böyütdün. Dünyaya uğuru ilə gələn, sənin xilasından bircə il əvvəl dünyaya göz açmış, qardaşının cümhuriyyəti ilə yaşıd oğlun səni yaşadacaq, səndən güc alacaqdı. Sən Türkün qapısı oldun! Ümid körpüsü ilə həsrəti sona çatdırdın, itmiş ümidlərə can verdin!
    Qoca Şərqin qapısı, Cahanın nəqşi! O nəqşi qorumaq, Günəşin nuruyla daim bərq vura bilmək üçün başın necə bəlalar çəkdi?! Şahidin də, şəhidin də elə özün oldun! Bəli, “Dərdi çəkən bilər”, – deyib atalarımız. Köksündə uyuyan övladların elə sən deyilmi? Sənə uzanan əlləri kəssən də, Qarabağ kimi dərdin varkən necə rahat ola bilərdin ki? Anamız Azərbaycan sevincini göz yaşına dəyişmişkən, Xocalının dərdi ilə beli bükülmüş, saçı ağarmışkən sakit dura bilərdinmi? Amma qollarını bir yandan Araz, bir yandan Zəngəzur bağlamışdı. Səmadan əsir qalan canından, qanından olan parçalarına həsrətlə baxırdın. 
    Amma o gün gəldi! Qeyrətli oğul və qızların zülmə yox dedilər. İlhamını səndən alan övladların yarana məlhəm oldular. Bilirdilər ki, sən varsan və daim var olacaqsan! Axı onlara sən öyrətmişdin anamız Azərbaycanın hər qarışının bizə Vətən olduğunu! Qarabağın da Naxçıvan qədər əziz olduğunu! 
    Əziz anam, əmanətlərini – vüqarını, qürurunu səndən alan övladlarını bas bağrına! Onlar sənin vəsiyyətinə əməl etdilər! Ali Baş Komandanımızın bir əmri ilə səndən güc alaraq “Təki Vətən sağ olsun”, – dedilər.  Məndən, ondan ötən zərbə sənə dəyməsin, – deyə sinələrini sipər etdilər! Onlar mərdliyi, cəsurluğu, dözümü, sevgini səndən öyrəniblər!
    Anam Azərbaycana qovuşmağın, həsrətə son qoymağımız yaxındır, darıxma! Elə buna görə də bu gün xilasının yüz yaşını vüqarla, qürurla, sevinclə qeyd edirsən! Bu gün həm də ona görə sevinclisən ki, səni də qoruyan “dəmir yumruq” yerindədir! Xankəndidən ucalan zəfər sədası Zəngəzuru da səsləyir! Görəcəyimiz xoşbəxt günlər qarşıdadır! Əmin əllərdəsən, Vətən! Qürurlan! Fərəhlən! Mübarəksən, 100 yaşlı muxtariyyət vüqarım, bir ömürlük səcdəgahım, əzəmətim, Naxçıvanım! 

Aidə CƏLİLZADƏ
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin deputatı

 

Nəşr edilib : 09.02.2024 23:30