AZ EN RU

Vüqar Rəhimzadə: Yeni Azərbaycan Partiyası ötən 31 ildə sadiq qaldığı siyasəti ilə ümumxalq partiyası olduğunu sübut etdi

Cəmiyyətin avanqard qüvvəsi olan Yeni Azərbaycan Partiyasının yaradılmasından 31 il ötür. Əbəs yerə deyilmir ki, zaman hadisələrə düzgün dəyər vermək üçün zəngin mənbədir. Azərbaycanın müstəqilliyinin bərpasının ilk illərində yaşadığı ağrı-acı tariximizin qaranlıq səhifəsi kimi daim vərəqlənir. Həmin dövrün reallıqları bir daha təsdiqlədi ki, müstəqilliyin əldə edilməsi nə qədər çətindirsə, onu qoruyub saxlamaq ondan da çətindir. Həmin illərin çətinlikləri, xalqın üzləşdiyi faciələr, eyni zamanda, hər bir ölkənin inkişafında lider amilinin roluna da işıq saldı. Dövlətinin, xalqının gələcəyini düşünən lider ölkəsini daim uğurlara doğru aparar. Lakin həmin illərin iqtidarının səriştəsizliyi, idarəçilik qabiliyyətinin yoxluğu, ən əsası hakimiyyətdə olanların şəxsi ambisiyalarını dövlət maraqlarından üstün tutmaları Azərbaycanı uçurumun kənarına gətirmişdir.

Bu fikirləri  açıqlamasında Yeni Azərbaycan Partiyası (YAP) Xətai rayon təşkilatının sədri, “91-lər”in üzvü, siyasi elmlər doktoru, professor Vüqar Rəhimzadə bildirib.

Onun sözlərinə görə, belə bir çətin dövrdə Azərbaycanın taleyi üçün narahat olan ziyalılar öz sözlərini dedilər. Adları tarixə “91-lər” kimi yazılan həmin ziyalılar “Azərbaycan Sizin sözünüzü gözləyir!” müraciəti ilə o illərdə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri olan Heydər Əliyevə üz tutdular. Azərbaycanı gözləyən təhlükələrdən qoruya biləcək gücə, təcrübəyə, idarəçilik qabiliyyətinə malik olan Ulu Öndər Heydər Əliyevdən respublikanı düşdüyü vəziyyətdən çıxarmaq üçün xilaskarlıq missiyasını yerinə yetirməyi xahiş etdilər. Ziyalıların müraciətinə verdiyi “Yeni, müstəqil Azərbaycan uğrunda!” cavabı ilə xalqının yanında olduğunu bir daha nümayiş etdirən dahi şəxsiyyət Heydər Əliyev vurğulamışdı ki, Azərbaycanın dövlət müstəqilliyinin möhkəmləndirilməsi, milli-demokratik dövlətin, hüquqi cəmiyyətin yaradılması hərtərəfli, geniş planlı iş aparılmasını və respublikanın bütün ictimai-siyasi, sosial, iqtisadi potensialından maksimum istifadə olunmasını tələb edir.

Vüqar Rəhimzadə qeyd edib ki, Yeni Azərbaycan Partiyasının yaradıldığı dövrün, ümumilikdə, Azərbaycanın müstəqillik tarixinin hər bir mərhələsinin tarixi paralellər fonunda təhlilini vermək, indiki və gələcək nəsillərə çatdırmaq hər birimizin vətəndaşlıq borcudur. O dövrü bilməyən, həmin dövrü yaşamayan hər kəs Azərbaycanın hansı çətinliklərdən xilas olduğunu və bu günümüz üçün kimə borclu olduğumuzu bilməlidir. Bu, dövlət başçısı İlham Əliyevin çağırışlarında da özünün aydın ifadəsini tapır. Prezident İlham Əliyev Yeni Azərbaycan Partiyasının tarixi Zəfərimizin reallıqları fonunda keçirilən VII qurultayındakı proqram xarakterli nitqində fəaliyyəti bilavasitə Ulu Öndər Heydər Əliyevin adı ilə bağlı olan Yeni Azərbaycan Partiyasının keçdiyi inkişaf yolundan, yaradılmasını zəruri edən səbəblərdən geniş bəhs edərək bildirmişdir ki, o dövrü bilməyən, o vaxt yaşamayan gənc nəsil bilməlidir ki, nəyin bahasına biz müstəqilliyi qoruyub saxlaya bilmişik. Kimə biz borcluyuq. Əgər Heydər Əliyev o vaxt hakimiyyətə gəlməsəydi, bu gün Azərbaycan bəlkə də ancaq kiminsə əlinin altında bir oyuncaq dövlət kimi, bir yarımmüstəmləkə kimi yaşaya bilərdi.

YAP Xətai rayon təşkilatının sədri bildirib ki, partiyanın qurucusu Ulu Öndər Heydər Əliyev YAP yarandığı gündən “Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır” çağırışını etməklə bu siyasi təşkilatın gələcəyinə böyük inamını ifadə etdi. İllər keçdikcə partiya atdığı addımlar, irəli sürdüyü təşəbbüslər, qəbul etdiyi qərarlarla milyonların sevgisini, rəğbətini qazandı. Sözlə əməl birliyi YAP-ı cəmiyyətin avanqard qüvvəsinə çevirdi. “Güclü dövlət, yüksək rifah!” devizi partiyanın fəaliyyətinin əsas prinsipinə çevrildi. 1992-ci ilin 21 noyabr tarixində respublikanın müxtəlif bölgələrindən 550 nümayəndənin iştirakı ilə təsis konfransını Naxçıvanda keçirən YAP-ın üzvlərinin sayı bu gün 800 minə yaxındır. Bu, müasir müstəqil Azərbaycan dövlətinin qurucusu, Ulu Öndər Heydər Əliyevin ideyalarına sadiqliyin, Prezident İlham Əliyevin siyasətinə inamın göstəricisidir. Azərbaycan xalqının mənafelərinə xidmət edən və ən çətin məqamlarda ölkə vətəndaşlarını düşündürən problemlərin həllində, mühüm islahatların aparılmasında avanqard rolunu xidmətləri ilə təsdiqləyən Yeni Azərbaycan Partiyası ötən 31 ildə sadiq qaldığı siyasəti ilə ümumxalq partiyası olduğunu sübut etdi. Ulu Öndər Heydər Əliyevə ümumxalq məhəbbətinin təzahürü kimi qısa müddətdə ətrafına yüz minlərlə üzv, tərəfdaş toplayan partiya zamanın tələbinə uyğun, zərurətdən yaranmış avanqard siyasi təşkilat olduğunu qüdrətli Azərbaycanın bugünkü simasında göstərdi, müstəqilliyimizin ideoloji təminatçısı kimi də etimadı doğrultdu. Heç bir çətinlikdən, məsuliyyətdən qorxmayan, milli məfkurənin, sağlam təfəkkürün formalaşması, suverenliyin əbədiliyi naminə qətiyyət göstərən partiyanın lideri Heydər Əliyevin şəxsi nüfuzu, qazandığı ümumxalq etimadı və hörməti insanlarda bu partiyaya inamı daha da artırdı.

Vüqar Rəhimzadə qeyd edib ki, tarixi Zəfərimiz və son üç ildə Azərbaycanın ərazi bütövlüyünün və suverenliyinin tam təmin edilməsi istiqamətində atılan addımlar, onların uğurlu nəticələri 31 illik yolun aydın mənzərəsini yaradır. Partiyanın VII qurultayı YAP-ın qarşısında dayanan yeni hədəflər müəyyənləşdirdi. Tarixi Zəfərimizin fonunda keçirilən qurultay yeni qərarların qəbulu, rəhbər orqanların yeni tərkibinin formalaşması, yeni Nizamnamənin qəbulu ilə gələcək barədə aydın proqrama malik olduğunu ortaya qoydu. Bu gün Yeni Azərbaycan Partiyasının Mərkəzi Aparatı fəaliyyətini müasir dövrün çağırışlarına uyğun quraraq yeni-yeni hədəflərə doğru inamla addımlayır. Dövlət başçısı, YAP Sədri İlham Əliyev partiyanın VII qurultayında belə bir əminliyi də ifadə etdi ki, YAP bundan sonra da ölkəmizdə gedən bütün proseslərin mərkəzində olacaq.

“2021-ci ilin sonlarında təsdiqlənən partiyanın yeni Proqramı qarşıdakı dövrün bütün hədəflərini özündə əks etdirir”, – deyən YAP Xətai rayon təşkilatının sədri bildirib ki, bu hədəflərə nail olmaq üçün əsas çağırış budur: “Biz birlikdə güclüyük!” Hazırda işğaldan azad edilmiş torpaqlarımızda genişmiqyaslı bərpa-quruculuq işləri həyata keçirilir. Soydaşlarımızın qayıdış ünvanlarının sayı gündən-günə artır. Bu günümüzün qürurverici hadisələrindən biri Azərbaycan Bayrağının Xankəndidə, Xocalıda, Ağdərədə və Xocavənddə, bütövlükdə Qarabağın hər bir guşəsində dalğalanmasıdır. Dövlət başçısı İlham Əliyev Zəfər Günündə Xankəndidə keçirilən hərbi paradda böyük qürur hissi ilə bildirdi: “20 il bundan əvvəl Prezident kimi əziz xalqıma söz vermişdim əlimdən gələni edəcəyəm ki, biz ərazi bütövlüyümüzü bərpa edək. Həm seçkilər ərəfəsində, həm andiçmə mərasimində doğma xalqıma söz vermişdim ki, gün gələcək biz Azərbaycanın Dövlət Bayrağını işğal altında olan torpaqların hər bir guşəsində qaldıracağıq. Xatırlayıram, beş il bundan əvvəl - 2018-ci ilin sentyabrında Bakının Azadlıq meydanında keçirilmiş hərbi paradda çıxış edərkən demişdim ki, gün gələcək Azərbaycan Bayrağı bu gün hələ də işğal altında olan bütün torpaqlarda qaldırılacaqdır və bu gün gəldi.”

YAP Xətai rayon təşkilatının sədri belə bir ümumiləşdirmə aparıb ki, 31 ilin uğurları yeni-yeni hədəflərə doğru inamla addımlamağa stimul verir. “Yeni müstəqil Azərbaycan uğrunda” çağırışını bu gün “Biz birlikdə güclüyük!” əvəz edir.

Nəşr edilib : 21.11.2023 23:31