AZ EN RU

Vüqar Rəhimzadə: Şuşa Qlobal Media Forumu həqiqətlərimizin təbliğində mühüm platformadır

Prezident İlham Əliyevin tapşırığına əsasən “Heydər Əliyev İli” çərçivəsində və Azərbaycan Milli Mətbuatının 148-ci ildönümü ilə bağlı keçirilən Şuşa Qlobal Media Forumu öz işini başa çatdırsa da, müzakirə edilən məsələlər, ən əsası dövlət başçısı İlham Əliyevin üç saata yaxın yerli və xarici media nümayəndələrinin suallarını cavablandırarkən Azərbaycanın, regionun gələcəyi, həmçinin dəyişən dünyada baş verən hadisələrlə bağlı söylədiyi fikirlər ölkə və dünya mətbuatında geniş şərh olunmaqdadır. Prezident İlham Əliyevin çıxışının mahiyyətində daha çox gələcəklə bağlı hədəflər öz əksini tapdı. Dövlətimizin başçısı Azərbaycanın gələcəyi ilə bağlı fikirlərini belə ifadə etdi ki, prinsip etibarilə strateji inkişaf istiqamətləri bir çox illər bundan əvvəl müəyyən edilib. Yeganə məqam odur ki, həyat öz dəyişikliklərini əlavə edir və dəyişən reallıqları planlarımıza inteqrasiya etməli oluruq. İşğal altındakı ərazilərin azad olunmasından sonra sosial-iqtisadi məsələlər ön planda dayanır. Çünki Azərbaycanda siyasi proseslər düzgün istiqamətdə gedir. Cəmiyyətdə gələcəyimizin əsas məsələləri üzrə həmrəylik var. Birinci planda, dayanıqlı inkişaf məsələləri dayanır. İstənilən şəraitdə və vəziyyətdə iqtisadiyyatın dayanıqlı olmasını təmin etməliyik. Valyuta ehtiyatlarımızı artırırıq, idarəetmə sistemini təkmilləşdiririk. Bütün bunlar əlavə imkanlar qazandırır. Hazırkı dövrün əsas çağırışı olan Ermənistanla münasibətlərin tənzimlənməsinə gəldikdə isə dövlət başçısı bildirdi ki, sülh müqaviləsinin imzalanmasına nail olsaq, Cənubi Qafqazda vəziyyət sağlamlaşacaq və bu bölgə yüksək risk zonasından çıxmış olacaq. İnvestorlar, ilk növbədə, potensial və mümkün riskləri nəzərə alırlar. Ermənistanla münasibətlərin tənzimlənməsi bu sualı gündəmdən çıxaracaq. Münasibətlərin normallaşması həm Azərbaycan, həm də Ermənistan iqtisadiyyatı üçün daha genişmiqyaslı planların gerçəkləşdirilməsinə imkan verəcək. Təbii ki, burada Qarabağın və Şərqi Zəngəzurun malik olduğu potensial da nəzərdə tutulur. Hazırda bərpa olunan enerji mənbələrinə investisiyaların yatırılmasının prioritetliyini nəzərə alsaq, işğaldan azad edilmiş ərazilərimizin bu sahədə zəngin potensiala malik olduğu inkaredilməzdir.

Bu fikirləri Forumun iştirakçısı, “İki sahil” qəzetinin baş redaktoru Vüqar Rəhimzadə bildirib.

Vüqar Rəhimzadə qeyd edib ki, Prezident İlham Əliyevin tapşırığı ilə Media Forumunun qlobal miqyas alması Azərbaycan reallıqlarının dünya ictimaiyyətinə çatdırılmasında əhəmiyyətli platforma oldu. Dövlət başçısı İlham Əliyev bunu belə əsaslandırdı ki, ötən il Şuşada Azərbaycanın media nümayəndələrinin birinci Forumu keçiriləndə bu tədbirdə iştirak etməyib. Prezident Administrasiyasına göstəriş verildi ki, gələn dəfə bu tədbiri beynəlxalq Forum səviyyəsində təşkil etmək lazımdır: “Bu, artıq baş verir və mən qərara aldım ki, gəlim burada iştirak edim. Mən bu tədbirdə çıxışçı kimi təqdim edilmişdim. Ancaq mən hesab etdim ki, burada uzun-uzadı çıxış etməyə ehtiyac yoxdur. Hesab etdim ki, bu sorğu-sual daha maraqlı olar”.

Baş redaktor onu da əlavə edib ki, dövlətimizin başçısı Azərbaycanın informasiya blokadasının yarılmasında mətbuatın böyük işlər gördüyünü bildirdi. İşğal dövründə tutduğu vəzifədən asılı olmayaraq, hər bir vətənpərvər azərbaycanlı torpaqlarımızın azadlığa qovuşmasına gedən yolu hər an yaxınlaşdırmaq üçün səylər göstərirdi. Prezident İlham Əliyev “Azərbaycan mediasının bu sahədəki fəaliyyəti, o cümlədən ona görə qiymətlidir ki, dünya ictimaiyyətinə təkcə beynəlxalq hüquq prizmasından yox, ümumi insani prizmadan üzləşdiyimiz problemi çatdırmaq üçün bizim birinci vasitəmiz media olmuşdur. Ona görə mən media nümayəndələri ilə əvvəlki dövrlərdə, yəni işğal dövründə görüşlər əsnasında hər zaman bunu qeyd edirdim. Qeyd edirdim ki, biz daha çox beynəlxalq auditoriyaya çıxmalıyıq” fikirləri mətbuatın qarşısında dayanan vəzifələri yerinə yetirdiyinə işarədir.

Təbii ki, dövr dəyişir, qarşıya yeni vəzifələr qoyulur. Azərbaycan mediası da zamanın tələbinə uyğun olaraq təkmilləşir, cəmiyyətin gözləntilərində də fərqlilik özünü aydın şəkildə büruzə verir. Belə ki, işğal, eyni zamanda, 44 günlük İkinci Qarabağ müharibəsi dövründə cəmiyyət keçmiş Qarabağ münaqişəsi ilə bağlı həqiqətlər barədə dolğun məlumatların əldə edilməsində nə qədər maraqlı idisə, hazırkı dövrün, postmünaqişə mərhələsinin tələbləri fərqlidir. Burada Qarabağın və Şərqi Zəngəzurun dirçəlməsi, sülh müqaviləsinin imzalanması ilə bağlı hazırkı vəziyyət barədə informasiyalar ictimaiyyət üçün daha çox maraqlıdır. Yazılı və elektron KİV-lər bu tələbatın ödənməsi üçün bütün səylərini səfərbər edir. Dövlət başçısı forumdakı çıxışında bu çağırışı etdi ki, bu gün yenə də öz həqiqətlərimizi sübut etməyə məhkumuq. Çünki bizə qarşı bu gün yenə də kampaniya davam edir. Qələbəmizi həzm edə bilməyən, uğurlarımıza qısqanclıqla yanaşan, bizə qarşı açıq informasiya savaşına çıxanlara tutarlı, real arqumentlərlə cavab verməliyik və veririk. Məhz bunun nəticəsidir ki, bu gün bütün bu iftiralara, böhtanlara, yalanlara baxmayaraq, Azərbaycanın sözü, Azərbaycan xalqının, dövlətinin haqlı səsi eşidilir və bunun əsas aləti bizim media resurslarımızdır. Ona görə cəmiyyətdə mövcud olan həmrəylik və birlik, bax, bu üstünlüyü bizə təmin edir.

Vüqar Rəhimzadə bildirib ki, tövsiyələrə gəldikdə dövlətimizin başçısı Azərbaycan mediasının müstəqilliyinin cəmiyyətimizin inkişafı üçün başlıca şərtlərdən biri olduğunu qeyd etdi. Onu da bildirdi ki, mediada sağlamlaşma prosesi uğurla gedir. Xalqın maraqlarına zidd, dövlət maraqlarına zərbə vura biləcək yazılar artıq çox nadir hallarda üzə çıxır. Bu, yenə də media nümayəndələrinin məsuliyyətindən xəbər verən amildir. Prezidentimizin tövsiyəsi o oldu ki, belə də davam edin.

Baş redaktor Qarabağın tacı, Azərbaycanın döyünən ürəyi Şuşanın bir çox beynəlxalq əhəmiyyətli tədbirlərə ev sahibliyi etdiyini bildirib. Lakin 49 ölkənin 150 media nümayəndəsinin Şuşada bir araya gəlməsinin tamamilə fərqli özəlliyi vardır. Mətbuatın ictimai fikrə təsir imkanlarının genişliyini nəzərə alsaq bu sayda media nümayəndəsinin mədəniyyət paytaxtımız Şuşada toplaşaraq həqiqətlərimizi bu məkandan eşitmələri, ən əsası Şuşanın timsalında ermənilərin digər işğaldan azad edilmiş ərazilərimizdə törətdikləri vəhşiliklər barədə aydın təsəvvürə malik olmaları təbliğat işinin yüksək səviyyədə həyata keçirilməsi üçün böyük imkandır. Dövlət başçısı İlham Əliyev yerli və xarici media nümayəndələrini maraqlandıran sualları cavablandırmaqla yaradılan bu imkanı daha da zənginləşdirdi. Azərbaycanın, eyni zamanda, regionun bu günü və gələcəyi ilə bağlı müəyyənləşdirilən model təqdim edildi.

Vüqar Rəhimzadə qeyd edib ki, Forum çərçivəsində media və informasiya-kommunikasiya sahəsində qlobal səviyyədə aktual olan məsələlər müzakirə olundu. Çıxışlarda bu mühüm məqam xüsusi qeyd edildi ki, dövlətimizin başçısı hər bir fikri gələcək üçün bir ideya, istiqamətdir. Mətbuat postmünaqişə dövrünün reallıqlarının qarşıya qoyduğu tələbləri yerinə yetirəcək, qlobal çağırışları yüksək səviyyədə cavablandırmaq üçün səylərini daha da artıracaq. Şuşa Qlobal Media Forumu bu hədəflərə nail olmaq üçün təcrübə mübadiləsinə, səylərin birləşdirilməsinə geniş yol açacaq. Ümumiləşdirilmiş şəkildə qeyd etsək, dövlətimizin başçısı hədəflərə çatmaq üçün yol xəritəsini təqdim etdi və bu fikri diqqətə çatdırdı ki, biz hədəfə doğru gedirdik və gedirik, bir çox hədəflərə çatmışıq. Bəzi hədəflər var ki, biz hələ onlara çatmamışıq, amma onlara da çatacağıq.

Nəşr edilib : 24.07.2023 18:53