AZ EN RU

Vüqar Abbasov qazilərlə görüşüb

Naxçıvan Sahibkarlar Konfederasiyasının sədri Vüqar Abbasov Naxçıvan Biznes Mərkəzində  “8 Noyabr Zəfər Günü” münasibətilə Naxçıvan Qaziləri İctimai Birliyinin üzvləri ilə görüşüb. 
Naxçıvan Sahibkarlar Konfederasiyasının sədri, Ali Məclisin deputatı Vüqar Abbasov Möhtərəm Prezidentimiz, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin rəhbərliyi altında 44 gün davam edən ikinci Qarabağ müharibəsində qazandığımız tarixi qələbədən, bu qələbənin dövlətimizin suverenliyinin və ərazi bütövlüyünün təmin olunmasındakı böyük əhəmiyyətindən danışıb.  O, çıxışında bildirib ki, şəhidlərimizin əziz xatirəsi hər zaman qəlblərdə yaşayacaq. Bu gün hər birimiz onların sayəsində qalib dövlətin  vətəndaşları kimi yaşayırıq. 
Sonra Vətən müharibəsi iştirakçılarının problem və qayğılarından söhbət açılıb. Səmimi söhbət şəraitində qazilərin fikirləri dinlənilib, bir neçə qazinin işlə təmin olunması üçün tapşırıqlar verilib. 
Naxçıvan Qaziləri İctimai Birliyinin sədri Ceyhun Bayramov göstərilən diqqət və qayğıya görə minnətdarlığını bildirib.
Tədbirin sonunda Vüqar Abbasov qazilərə hədiyyələr təqdim edib. 
Həmçinin bu gün Naxçıvan MR Sahibkarlar Konfederasiyasının sədri  Vüqar Abbasov  “8 Noyabr Zəfər Bayramı” münasibəti ilə Naxçivan şəhər Qaraxanbəyli, Qaraçux və Tumbul kəndlərindəki  şəhid ailələri ilə görüşüb. Görüş zamanı Ali Məclisin deputatı onların problem və qayğıları ilə maraqlanıb, hər bir ailəyə bayram sovqatı təqdim edilib.

Nəşr edilib : 08.11.2023 10:41