AZ EN RU

VI ümumrespublika yarışlarında uğurla çıxış edən paralimpiyaçılarla görüş keçirilib

    Naxçıvan Muxtar Respublikası Paralimpiya Federasiyası tərəfindən məhdud fiziki imkanlı şəxslərin idmana inteqrasiyası, istedadlı idmançıların aşkara çıxarılması üçün davamlı tədbirlər həyata keçirilir, onların ölkə və beynəlxalq miqyaslı yarışlarda iştirakı diqqət mərkəzində saxlanılır. Son olaraq federasiya üzvlərinin 5 idman növü üzrə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən keçirilən sağlamlıq imkanları məhdud şəxslərin VI ümumrespublika yarışlarında iştirakı təmin edilib.
    Keçirilən yarışda 10 paralimpiyaçıdan 8-i mükafata layiq görülüb. Belə ki, 18 yaşadək sağlamlıq imkanları məhdud uşaqlar arasında Rza İsmayılov qol güləşi, Cəlil Xəlilov dama, Turan Nağıyev şahmat, Rəfail Yusifov isə stolüstü tennis üzrə qalib adını qazanıblar. Gülay Nağıyeva isə stolüstü tennis üzrə ikinci yerlə kifayətlənib. Digər kateqoriyadan olan sağlamlıq imkanları məhdud şəxslər arasında isə Sadiq Məmmədov şahmat, Təvəkkül Cəfərov dama, Həsən Bayramov isə qol güləşi üzrə ikinci yerə layiq görülüblər.
    Uğurlu nəticələrlə muxtar respublikaya qayıdan paralimpiyaçılarla keçirilən görüşdə Naxçıvan Muxtar Respublikasının Paralimpiya Federasiyasının sədri Nicat Babayev çıxış edərək bildirib ki, son illərdə sağlamlıq imkanları məhdud şəxslərin yaradıcılıq uğurlarına paralel olaraq idman növləri üzrə də yüksək nəticələr qazanılır. Bu da muxtar respublikada paralimpiya hərəkatına yaradılan şəraitin, göstərilən dövlət qayğısının məntiqi nəticəsidir. Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin müvafiq Sərəncamı ilə “2020-2025-ci illər üçün Naxçıvan Muxtar Respublikasında idmanın inkişafına dair Dövlət Proqramı”nın icrası bu baxımdan mühüm əhəmiyyətə malikdir. Dövlət proqramının icrası çərçivəsində, ötən dövrdə Naxçıvanın idman infrastrukturu daha da təkmilləşdirilib, nəticədə, minlərlə yeniyetmə və gəncin sağlam ruhda tərbiyə olunmasına əlverişli şərait yaradılıb. 
    Vurğulanıb ki, sağlamlıq imkanları məhdud şəxslərin idmana cəlbi istiqamətində Paralimpiya Federasiyanın fəaliyyəti də xüsusi önəm daşıyır. Federasiyasının hazırda 18 bölməsi fəaliyyət göstərir ki, bu bölmələrdən 3-ü cari ildə yaradılıb. Ümumilikdə isə hazırda federasiyanın bölmələrinin imkanlarından 700-ə yaxın paralimpiyaçı istifadə edir. Bu il sağlamlıq imkanları məhdud şəxslərin iştirakı ilə 40-a yaxın idman tədbiri keçirilib ki, onlardan 23-ü bölgələrdə baş tutub. Ötən dövr ərzində paralimpiyaçılarımızın respublika və beynəlxalq miqyaslı yarışlarda iştirakına da xüsusi önəm verilib, bu məqsədlə daxili yarışlarda uğurlu nəticələr göstərmiş paralimpiyaçıların ölkə səviyyəli yarışlarda iştirakı təmin olunub. İl ərzində təmsilçilərimizdən 2 nəfər müxtəlif idman növləri üzrə dünya çempionatlarında iştirak edib, 1 nəfər isə Azərbaycan milli komandasının heyətində təlim-məşq toplanışında olub. Eyni zamanda Azərbaycan Milli Paralimpiya Komitəsinin boccia idman növü üzrə milli komandasının baş məşqçisi, Azərbaycan Boccia İdman Federasiyasının katibi İlham Məhərrəmov Naxçıvan Muxtar Respublikasına dəvət olunub. 
    Nicat Babayev yarışda yüksək nəticə göstərən idmançıları təbrik edib, gələcək karyeralarında onlara uğurlar arzu edib.
    Paralimpiya Federasiyasının sədr müavini Vüqar Məmmədov çıxışında cari ildə görülən işlər barədə məlumat verib, əldə edilən nəticələrdən danışıb. Məşqçi-müəllim Novruz Novruzov isə stolüstü tennis bölməsinin fəaliyyəti haqqında məlumat verib, paralimpiyaçılara yaradılan şəraitə görə minnətdarlıq edib. 
    Tədbirin davamında yarışlarda uğur qazanan idmançılar hədiyyə və plaketlərlə mükafatlandırılıb, sonda xatirə şəkli çəkdirilib.

 Ceyhun MƏMMƏDOV

Nəşr edilib : 07.12.2022 18:44