AZ EN RU

Vətənpərvərlik Vətənə sevgi və sədaqətdən başlayır

Estafet

    Atalarımız yaxşı deyiblər: “Ana kimi yar olmaz, Vətən kimi diyar”. Vətən hər birimiz üçün müqəddəsdir. Vətənə sevginin, məhəbbətin təməlini valideynlərimiz qoyur. Onlar uşaq vaxtlarımızdan: “Vətən nə deməkdir?”, “Vətənimiz haradır?”, “Dilimiz, dinimiz nədir?” – kimi suallarımızı cavablandıraraq, ilk növbədə, bizə Vətənə məhəbbət və sevgi aşılayırlar. Orta məktəb illərində müəllimlərimiz tərəfindən vətənpərvərlik hissinin təbliği isə Vətən sevgisini daha da möhkəmləndirir. Beləliklə, zaman ötdükcə Vətənə sadiq, layiqli gənclər kimi yetişirik. Ölkəmizin hər yerində uşaqlara, gənclərə Vətənə sevgi, torpağa bağlılıq  hissi aşılanır. Ancaq mən xüsusi olaraq doğma yurdumdan, Naxçıvan diyarından söz açmaq istəyirəm. 

    Muxtar respublikamızda gənclərin vətənpərvər ruhda yetişməsi üçün dövlətimiz tərəfindən bir sıra tədbirlər həyata keçirilir. Vətənpərvərliklə bağlı müxtəlif tədbirlərin təşkilində gənclər iştirakçı kimi böyük rol oynayır. Qeyd etmək istəyirəm ki, Naxçıvan Dövlət Universitetinin Jurnalistika ixtisasında təhsil alan tələbələr də bu mövzuda böyük təşəbbüslərlə çıxış edirlər. Onların təşkilatçılığı ilə keçirilən “Jurnalist vətənpərvərliyi – gəncliyə örnək” adlı tədbir yaddaqalan tədbirlərdən biridir. Ali təhsil ocağında gənclərimizə örnək olacaq, onlarda Vətənə məhəbbəti, sevgini təbliğ edən belə tədbirlərin təşkili davamlı xarakter alıb. 
    Belə tədbirlərin ifadəsidir ki, muxtar respublika gənclərinin vətənpərvərliyinin, birliyinin ən gözəl nümunəsini biz 44 günlük şanlı Vətən müharibəsində gördük. “Naxçıvanlılar İkinci Qarabağ müharibəsində digər bütün bölgələrdən olan vətəndaşlar kimi fəal iştirak ediblər... Başqa bütün bölgələrdən olan hərbçilərlə bərabər, naxçıvanlılar da böyük qəhrəmanlıq göstəriblər və torpaqlarımızın azad edilməsi işində fədakarlıq göstəriblər, şəhidlər veriblər”. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin bu fikirləri naxçıvanlı gənclərin vətənpərvərliyini bir daha sübut edir. Qanı ilə tarix yazan igidlərimizin şücaəti ilə qazandığımız şanlı zəfərimiz bütün dünyaya bəyan etdi ki, yurdumuzda elə bir insan yoxdur, Vətən uğrunda canından keçməyə hazır olmasın. Çünki biz gənclər Vətənimizə məhəbbətlə böyüyürük. Vətən torpaqlarını qorumağı canımız, qanımız bahasına özümüzə borc bilirik. Məhz vaxtında aşılanan vətənpərvərlik duyğularıdır ki, doğma Vətənimizin ən çətin anında belə, gənclərimiz gözünü qırpmadan müharibəyə yollandılar. Onların bir çoxu müharibəyə könüllü getdilər. Torpaqlarımızın işğaldan azad edilməsi yolunda ölümün gözünə dik baxaraq Vətən yolunda ən ali zirvə sayılan şəhidlik məqamına yüksəldilər. Məhz buna görədir ki, Vətən, torpaq dedikdə ağıllara ilk olaraq bu torpaqlar uğrunda canından keçən igid oğullarımız, şəhidlərimiz gəlir. Əbəs yerə deyilməyib ki, “Torpaq, əgər uğrunda ölən varsa, Vətəndir”. Heç vaxt unutmayacağımız igidlər bizə sözlərlə ifadə olunmaz bir sevinc bəxş etdilər. Onların sayəsində uzun illərdir, həsrətini çəkdiyimiz torpaqlarımıza qovuşduq. Sinəsini düşmən gülləsinə sipər edən neçə-neçə Vətənə sədaqətli, öz peşəsini layiqincə yerinə yetirən qeyrətli Vətən oğulları öz vətənpərvərliyi, cəsurluğu, mərdliyi, şücaəti ilə gələcək nəsillərə örnək olacaq bir qəhrəmanlıq salnaməsi yazıb, tarix yaratdılar. Ulularımızın yadigarı olan Vətən torpaqlarını işğaldan azad edərək bizə əmanət qoyub getdilər. O torpaqlar ki, hər qarışı Azərbaycan deyir. Hər addımı qəhrəman, vətənpərvər oğulların alın tərinin  zəhməti, qanı, canıdır. Bütün bunlar vətəndaşlarımıza, xüsusilə də gənc­lərə vətənpərvərlik hissinin aşılanmasında dövlətin apardığı mühüm dəyərdir.
    Ümummilli liderimiz Heydər Əliyevin dediyi kimi: “Milli dəyərlərimizi, ənənələrimizi yaxşı bilməyən, tariximizi yaxşı bilməyən gənc vətənpərvər ola bilməz. Hər bir gənc vətənpərvər olmalıdır. Vətənpərvərlik böyük bir məfhumdur. Bu, sadəcə, orduda xidmət etmək deyil. Vətənə sadiq olmaq, Vətəni sevmək, torpağa bağlı olmaq –    budur vətənpərvərlik”… 
    Bəli, bu gün ulu öndərin yolunun sədaqətlə davam etdirildiyi muxtar respublikamızda gənclər milli vətənpərvərlik ruhunda tərbiyə olunur və ölkəmizin daha da inkişafına öz töhfələrini verirlər. 

Səma TAĞIYEVA
Naxçıvan Dövlət Universitetinin Jurnalistika ixtisası üzrə IV kurs tələbəsi

Nəşr edilib : 08.04.2022 19:03