AZ EN RU

Vətənini, xalqını təmsil etmək üçün dövlətinə bağlı olmalısan

    Azərbaycanın milli dövlətçilik tarixinin ən güclü dönəmini yaşadığımız bir dövrdə dostlarımızla mövcud əlaqələrin daha da möhkəmləndirilməsi, xalqımızın bədxahlarına qarşı bir yumruq kimi birləşib, daha da həmrəy olmağımız günün aktual məsələlərindəndir. Bu mənada, Ulu Öndər Heydər Əliyevin müəllifi olduğu Azərbaycançılıq ideologiyasını ölkəmizin hüdudlarından kənarda inkişaf etdirən Moskvada yaşayan həmvətənlərimizin milli diaspor təşkilatı və onun hazırkı sədri, həmyerlimiz Bəxtiyar Həsənov haqqında söhbət açmaq dünya azərbaycanlılarının həmrəyliyi ayında olduqca maraqlı olardı. 
    Bəxtiyar Həsənov 1974-cü ildə Ordubad rayonunun Dəstə kəndində anadan olub. Orta təhsilini bu kənddəki 1 nömrəli məktəbdə, ali təhsilini isə Kazan Dövlət Humanitar-Pedaqoji Universitetində alıb. İxtisasca şərqşünasdır. İki övlad atası olan Bəxtiyar Həsənov hazırda Rusiyada “Bakhticom” şirkətlər qrupunun təsisçisi və rəhbəridir. 
    Bəxtiyar müəllimin Moskva kimi strateji, siyasi və milli münasibətlərin çox həssas olduğu bir paytaxt şəhərində uğurlu biznes fəaliyyəti ilə yanaşı, ölkəmizin maraqları baxımından olduqca vacib olan diaspor fəaliyyətinə başçılıq etməsi ona göstərilmiş etimaddan xəbər verir. Ötən dövrün təcrübəsi göstərir ki, diaspor fəalı olmaq üçün Rusiya kimi geniş imkanlara malik, lakin, eyni zamanda bir çox iri güclərin maraqlarının kəsişdiyi bir ölkədə bu xüsusi bacarıq tələb edir. Məhz bu keyfiyyətlərə malik olan Bəxtiyar Həsənovun Moskva Azərbaycanlıları Milli-Mədəni Muxtariyyətinin sədri kimi fəaliyyəti qısa müddətdə bu təşkilatın yenidən həyata qaytarılmasına və uğurlu bir komanda qurulmasına ciddi töhfə verib. 
    2022-ci ildən Moskva Azərbaycanlıları Milli-Mədəni Muxtariyyətinə rəhbərlik edən Bəxtiyar Həsənov ilk olaraq Rusiya Federasiyası və eləcə də Moskva şəhəri rəsmiləri ilə münasibətlərin qaydaya salıb, Moskva meri, Rusiya Milli siyasət və regionlararası əlaqələr Departamentinin, Moskva Millətlər Evinin rəhbərləri ilə əlaqələri sıxlaşdırıb, diaspor təşkilatının mövqelərini möhkəmləndirib. Qonşu ölkədə diaspor fəaliyyətinin gücləndirilməsi məqsədilə Rusiyadakı rəsmi qurumlarla yanaşı, ölkəmizdə fəaliyyət göstərən Azərbaycan-rus icması ilə də əlaqələrin möhkəmləndirilməsi də bu müddətdə diqqətdə saxlanılıb. 
    Müstəqil Azərbaycan Respublikasının qurucusu, Ulu Öndər Heydər Əliyevin 100 illik yubileyi ölkəmizdə olduğu kimi, Rusiya Federasiyasında da geniş və hərtərəfli qeyd olunmaqdadır. Bu mənada, yola salmaqda olduğumuz il Bəxtiyar Həsənovun sədri olduğu Moskva Azərbaycanlıları Milli-Mədəni Muxtariyyətinin təşkilatçılığı və ya iştirakı ilə keçirilən çoxsaylı silsilə xarakterli əhəmiyyətli tədbirlərlə yadda qalıb. Ümummilli Liderin 100 illik yubileyinə həsr olunmuş “Heydər Əliyev – epoxal şəxsiyyət” adlı müsabiqə, Rusiyanın Federasiya Şurası, Azərbaycan Prezidentinin Administrasiyası, TASS informasiya agentliyi və Heydər Əliyev Fondunun təşkil etdiyi “Rusiyada qəlbimin bir hissəsi var” adlı sərgi, “Rusiya və Azərbaycan arasındakı münasibətlərin inkişafında teologiya və multikulturalizm təcrübələrinin rolu” mövzusunda dəyirmi masa və onlarla belə tədbirlər keçirilib.
    Moskvadakı diaspor təşkilatımız həmvətənlərimizin koordinasiyalı fəaliyyəti, müxtəlif xeyriyyə aksiyaları və ünvanlı yardımlarla yanaşı, eyni zamanda əlamətdar günlərdə tədbirlərin keçirilməsi, günün aktual məsələləri ilə bağlı görüşlərin təşkili ilə də seçilir. Cari ildə muxtariyyət nəzdində soydaşlarımıza hüquqi yardım mərkəzinin yaradılması, Rusiyada miqrasiyanın tənzimlənməsi məsələləri çərçivəsində soydaşlarımıza hüquqi və maddi yardımlar göstərilməsini də qeyd etmək lazımdır. 
    Moskva Azərbaycanlıları Milli-Mədəni Muxtariyyəti həm müsəlman icması, həm də pravoslav icma ilə də xüsusi əlaqələr yaradaraq din xadimləri və dindarlara aktiv yardımlar edir, Rusiyada konfessiyalararası sülhə töhfə verməyə çalışır. Bunlarla yanaşı, Moskvadakı diaspor təşkilatımızın fəaliyyəti çərçivəsində müştərək layihələr kimi azərbaycanlıların SSRİ və Rusiya neft sənayesinə verdiyi töhfələrə həsr olunan beynəlxalq elmi konfransda, Moskva Dövlət Avtoyol Texniki Universitetində keçirilmiş “Mənim ölkəm” adlı ənənəvi beynəlxalq festivalda azərbaycanlı tələbələrin iştirakını və onların təqdimatında “Bahar yurdu” mahnısını və “Qarabağ” ansamblının rəqsini qeyd etmək olar.
    Bundan əlavə, çox mühüm məsələ kimi Rusiya Federasiyasının subyektlərində fəaliyyət göstərən digər Azərbaycan ictimai təşkilatları ilə əlaqələrin möhkəmləndirilməsi məqsədilə Moskva Azərbaycanlıları Milli-Mədəni Muxtariyyətinin nümayəndə heyətinin Sankt-Peterburq, Arxangelsk, Komi, Orenburq və Rusiyanın digər subyektlərindəki Azərbaycan diaspor təşkilatlarının rəhbərləri ilə də görüşlərini xüsusi olaraq qeyd etmək lazımdır. Təşkilatın təşəbbüsü ilə Moskvada yaşayan azərbaycanlı qadınları bir araya gətirmək məqsədilə paytaxtın təhsil ocaqlarının tanınmış müəllimləri, şairələr, publisistlər, uğurlu iş adamları olan qadınlar, eləcə də yaradıcı peşələrin təmsilçiləri, mədəniyyət və incəsənət xadimləri ilə görüş keçirilib, ötən il görkəmli Azərbaycan şairəsi Xurşidbanu Natəvanın 190 illiyinə həsr olunmuş poeziya axşamı təşkil olunub. Ümumilikdə isə ötən ilin payızından Moskva azərbaycanlılarının elmi elitasının nümayəndələri ilə – tanınmış alimlər, akademik dairələrin təmsilçiləri, mədəniyyət və incəsənət xadimləri və digər görkəmli soydaşlarımızla görüşlər müntəzəm xarakter alıb.
    Moskva Azərbaycanlıları Milli-Mədəni Muxtariyyəti öz fəaliyyətini Rusiya paytaxtı hüdudlarından kənarda da genişləndirir. 2023-cü il fevralın əvvəlində qardaş Türkiyədə baş vermiş dəhşətli zəlzələdən sonra bütün həmvətənlərimiz kimi Rusiyada yaşayan həmvətənlərimiz də səfərbər oldular. Bəxtiyar Həsənovun başçılıq etdiyi Moskva Azərbaycanlıları Milli-Mədəni Muxtariyyəti zərərçəkmiş insanlara zəruri yardımın göstərilməsi, təbii fəlakət səbəbindən dağıdılmış infrastrukturun bərpası, bu bəlanın nəticələrinin aradan qaldırılması üçün maliyyə vəsaitinin mərkəzləşdirilmiş qaydada toplanması ilə bağlı təşəbbüs göstərib. 
    Bəxtiyar müəllim qısa müddətdə qazanılan uğurları doğma Vətəni ilə bağlılıqda görür. Onunla telefon söhbətimizdə Şuşa şəhərində dünya azərbaycanlılarının tarixi əhəmiyyətli Zəfər Qurultayında iştirakından, müntəzəm olaraq Bakıya, Naxçıvana, doğma Ordubada səfərlərindən xüsusi olaraq qürurla bəhs etdi. Elə Bəxtiyar müəllimin Naxçıvana son səfəri də uğurlu alınmış, yeni layihələr üzərində fikir mübadiləsi aparılmışdır. Naxçıvanın tarixinin, mədəniyyətinin Rusiyada təbliğ olunması, turizm-sağlamlıq potensialının tanıdılması perspektivləri müzakirə edilmiş, Nəcəfqulu Rəfiyevin qəhrəmanlıq göstərdiyi Belarusun Baranoviçi şəhəri ilə Ordubadın qardaşlaşması müqaviləsi təşəbbüsü yüksək qiymətləndirilmişdir. 
    Moskva Azərbaycanlıları Milli-Mədəni Muxtariyyətini qarşıda mühüm vəzifələr gözləyir. Bu mühüm diaspor təşkilatımızın rəhbəri Bəxtiyar Həsənovun sözlərinə görə isə Rusiya ərazicə böyük, tərkibinə görə çoxmillətli olsa da, burada insanların dilini tapmaq üçün ilk olaraq öz dilini yaxşı bilməli, millətinə bağlı olmalısan. Beş dildə sərbəst danışa bilən Bəxtiyar Həsənovun da diaspor sədri kimi uğurlarının əsasında bu dayanır. 

Əli CABBAROV

Nəşr edilib : 29.12.2023 17:11