AZ EN RU

Vətənini, torpağını ailəsindən, anasından üstün bilən şəhid

Tağı İlham oğlu Abdullazadə

04.05.1992 – 28.10.2020

    Tağı çox sakit uşaq idi. O qədər sakit idi ki, atası deyirdi, a bala, get quş vur, uşaqlarla oyna. Atası belə sakitliyinə görə onu idmana yönəltdi. Əvvəl voleybola getdi. Voleybol yarışlarında diplomlar almışdı. Culfa, Ordubad istiqamətində xidmət etdi. Gözəl xasiyyətnamə ilə xidməti başa vurdu. Uzun müddət məktəbdə hərbi rəhbər işlədi. Dərs dediyi şagirdlər artıq böyüyüblər. Hər biri bir ailənin başçısıdır. Onlardan biri həkimdir. Tez-tez bizim ziyarətimizə gəlir. Hamısı sağ olsun.

       Uşaqlarımın içində ən seçiləni olub Tağı. Çox mehriban, çox tərbiyəli idi. Onun bu hərəkətləri təkcə bizə qarşı deyildi. Tağı həm də hər kəsə mehriban, qayğıkeş idi. Yuxularımda tez-tez görürəm igid balamı.
    O günlərdə qar yağdı. Fikirləşdim ki, ev damacaq. Ürəyimdə dedim ki, Tağı sağ olsaydı, gələrdi. Gəlib qarı təmizləyərdi. Bu fikirlə yatdım. Yuxuda gördüm ki, Tağı qapının ağzında dayanıb. Boylanıb mənə baxır. Əli ilə “sus” işarəsi verdi. Damın üstünə çıxıb qarı təmizlədi. 
    Bir xasiyyətini də deyim. O, kiminsə sözünü danışmağı xoşlamazdı. Nə vaxt nəyəsə darıxıram, sıxılıram, o anda yuxuma gəlir. Ondan sonra qəlbim rahatlıq tapır.
    Diqqətinə də söz ola bilməzdi. Özündən böyük heç kəsin yanında uzanmazdı. Mənim belə. Ömründə heç vaxt üzümə qayıtmayıb. Heç vaxt sözümü çevirməyib. Deyə bilmərəm ki, bir dəfə də olsun, ondan incimişəm. Qızlarım həmişə deyirdilər ki, ana, sən niyə Tağıya hirslənmirsən? Deyirdim, Tağı elə hərəkət edir ki, ona hirslənə bilmərəm. Tağı ömürboyu heç kimə acı söz deməyib. Heç kimin qəlbinə dəyməyib. Tağı bütün şəhidlərimiz kimi fərqli oğul olub. Elə bir oğul olub ki, Vətənini, torpağını ailəsindən, anasından üstün bilib. Nə edək, qismət belə imiş. Yenə də Vətən sağ olsun!

Nəşr edilib : 02.03.2024 15:05