AZ EN RU

Vətənini sevən oğul

Elməddin Elşən oğlu Həsənov

25.02.1996-21.10.2020

Elməddinin həyata baxışı çox qəribə idi. Üzündən təbəssüm əksik olmurdu. Hər şeyə sevinirdi. Evin, ailənin qədrini bilirdi. Hər işdə mənə yaxından köməklik edirdi. Elə yaxın qohumlarımıza, dostlarımıza da. Buna görə də xətrini çox istəyirdilər onun. 

Elməddin balaca vaxtından deyirdi ki, hərbçi olmaq istəyirəm. Sonra hərbi liseyə qəbul oldu. Dörd il orada təhsil aldı. Əsgərliyə getdi. Qayıtdıqdan sonra müddətdən artıq həqiqi hərbi xidmət qulluqçusu kimi xidmətə başladı. 3 il işlədi. 
Onun doğum günü 26 fevral idi. Xocalı faciəsinə görə özünə heç vaxt ad günü etmirdi. Lakin bu tarixi dəyişdirərək 25 fevral etdi. 
Şəhid olmağına 3 gün qalmış həyətdə idim. Saat 2-3 arası olardı. Elməddin zəng vurdu. Telefonu açdım. Açan kimi dedi ki, darıxmayın. Hər şey yaxşıdı. Yaxşı da olacaq. Narahat olmayın. Mən də ona bir kəlmə dedim ki, özündən muğayat ol. Dedi ki, ata, burada heç nə yoxdu. Hər şey öz qaydasındadır. Sonra telefonu bacısına verməyimi xahiş etdi. Mən də telefonu qızıma verdim. Qızımla danışdı. Bacısına dedi ki, nənəmə salam deyərsən. Özünüzdən muğayat olun.
Aradan 3 gün keçdi. 21 oktyabrda qardaşımın oğluna hərbi komissarlıq tərəfindən şəhid xəbəri verilmişdi. Mənə demirdilər. 22 oktyabrda kəndə çıxdım. Gördüm ki, hamı mənə baxır. Hətta bir-iki nəfər məndən soruşdu ki, qaqaşdan xəbər varmı? Dedim ki, 3 gün bundan əvvəl danışmışam. Evə qayıtdım. Gördüm ki, bütün qohumlar bizdədir. Bildim ki, Elməddinə nəsə olub. Əvvəlcə dedilər yaralıdı. Hərbi komissar evə gələndə bildim ki, Elməddin şəhid olub. 

Nəşr edilib : 26.04.2024 10:30