AZ EN RU

Vətənin şeiriyyət rəmzi

    Öz şöhrəti heykəlinə dəmir əridən, Vətən üçün can əridən, ömür əridən, bir daşa da minnət qoyub, pay ummayan, hər döngəyə döngəsini döndərməyən, boyaqçıdan borc almayan, zurnaçıya cəng verməyən, yaxşı şumda yamanlığı göyərməyən, bir ipliyə əyrilməyən, gümanları özündən bir balaca vətən daşı, gümanları özündən yollar düzəldən, köksü boyda körüklü, həqiqəti dil ucunda hörüklü, öz ana dilini şam kimi görən, o şamda əriyib qəlbini görən, qayaları sinəsinə yamaq edən, haqq yolunu ayağına dolaq edən, qələmi dünyaya əmanət olan, Araz boyda meh olan, sinə-sinəyə yandığım, oduna öpüşüb közünə inandığım, ölə-ölə yazmayıb, yaza-yaza öldüyüm Məmməd Arazdan yazıram! Öz yaradıcılığının əsas qəhrəmanı, düşündüklərini, yaşadıqlarını saralmış səhifələrə şam işığında köçürən Xalq şairi Məmməd Arazın  tərcümeyi-halı onun öz şeirləridir. 

    Xalq şairi Məmməd Araz ömrünün ən mənalı çağlarını (1933-1950-ci illər) Şahbuz dağlarının ab-havalı oylaqlarında, Şahbulağın, Yeddi bulağın çeşməsində, Batabat yaylağında, Salvartıda, Çadırdaş ətəyindəki obalarda, Novlunu, Toğluqaya, Qoyunlubaba və Motalqaya çəmənliklərində  keçirmiş, o dünyaya yayda günəşi, qışda qarı bol olan, ürəyinin bir parçası adlandırdığı Naxçıvandan baxaraq Məmməd Araz sənət zirvəsini “gəlimli-gedimli, bir ucu ölümlü dünyanın” Nuh qayalarına yazdırmışdır. Məmməd Araz yaradıcılığında Nursu kəndinin təbiətindən başlayan poetik təəssüratlar, kövrək notlar, həzin laylalar, sətiraltı misralarla Arazın tərənnümünün timsalında yüksək vətəndaşlıq ideyaları ilə tamamlanır. Şahbulaq yaylağı ətrafındakı yazı masasına bənzəyən sal daşlar Məmməd Arazın ilk şeir dəftərinin daşlaşmış səhifələridir. Şairin yaradıcılığında Daş obrazı daha rəngarəng olduğundan onun şeir dünyası bizə “Daş qayaları” xatırladır. Onun külliyyatına nəzər saldıqda Füzulinin, Mirzə Ələkbər Sabirin və Vaqifin vurğunu olduğunu görürük. “Qayalara yazılan səs” poemasında “Vurğun bulağından” su içdiyini misralara pıçıldayan şair  “çırpısı tətikdə, odunu dəmdə” olan ata ocağının deyil, həm də Xalq şairi Səməd Vurğunun adıyla bağlı sənət ocağının bayraqdarıdır.
    Məmməd Araz poeziyası da öz şairlik təbini sözdən alır. Sözün qiymətini dərindən dərk edərək az sözlə zəngin poetik düşüncə yaradır. O, sözü ram edən şairdir. 
    “Söz yamaq götürmür, söz yamaq olmur”, – deyən şair sözə yeni don biçərək Məmməd Araz qayasına geyindirdi. Onun dilində şeir həmişə canlı oldu, saralmadı, solmadı. Çünki o hər sözə bir şair qəlbi ilə yanaşaraq sözü sözə toxuyur. O, “Eyham” şeirində sözü ağıllı adamların  bəhrələndiyi zirvə adlandırır, sözü ayağa salmadığından Vaqifin sənətinə sözlə belə qiymət verir:

        Hündürdən çox idi Vaqif dağından,
        Sənət ucalığı uca dağ oldu.
        Sözü ayaqlara atmadığından,
        Özü vəzir oldu, sözü şah oldu.

    Qayasına baş qoyduğun, dalğasında saç yuduğun, qucağında uyuduğun, hər teli min havalı sazlı-sözlü dağlar sənsiz yetim, sənsiz oğulsuz qalıb indi. İndi Arazı narazı görürəm. Bəlkə də, sahilində küləklər gəzməyib sənin qədər, sularında ördəklər üzməyib sənin qədər, səndən sonra heç kəsi sevməyib sənin qədər. İlk eşqinin həmdəmi olan Araz daha Şəhriyarının gözü ilə qaşı arasına çiban oldu. Elə Məmməd İbrahimovun da Məmməd Araz olması uzun çəkmədi. Arazı tək çay kimi yox, Azərbaycanın tarixi kimi, “Gülüstan” və “Türkmənçay” müqavilələrinə münasibət kimi götürdü. Araz ona “göz yaşından düzülmüş boyunbağı, bir qızın hörüyü, bir ananın yuxusu, Qıratın yalmanı, Bozatın tərliyi, lal çöllərin nəğməkar bülbülü, Musa Yaqubun harayı, Mirzə Cəlilin naləsi oldu.

        Sahilin – dodağıma,
        Ləpən dilimə bənzər.
        Sahilboyu çinarlar,
        Yazan əlimə bənzər.
        Qayaların həssasdır
        Mənim qulağım kimi.
        Tutqundur qaşqabağın
        Bu qaşqabağım kimi.
        Mən sənə bir şair,
        Sən mənə “Araz” de.
        Elə bil nə mənsiz
                sən Araz,
        Nə sənsiz mən şair olmazdım.

    Ustad! Bir qayaya söykənib daşa döndünmü yavaş-yavaş? Taleyini qayaların taleyinə bağlayıb onların lal dilini başa düşdünmü? Onların daş qulağına bir daş atdınmı? Onların keçmişini  onlara xatırlatdınmı? Dedinmi ki, nə vaxtsa insan olub bu qayalar? Qaya kimi dayaq olub, yumruq olub, ox olublar. Ocaq sönəndə, budaq qırılanda, bulaq susanda, düzlərdən ceyran azalanda özünü günahkar saydınmı? Şeirlərin Rəşid Behbudov zirvəsindən eşidilib, Fikrət Əmirov simfoniyasında bəstələnəndə, sən Nizamini fikir dağına bənzədib, Dante, Puşkin, Çexov zirvəsinə can atanda cəfakeş ailənin çəkdiyi iztirablı günləri daş yaddaşının şeir qayalarına yazdın. Su ilə söhbət edib torpaqla danışdın, od ilə alışıb küləklə sovruldun, xatirələr yaza-yaza xatirələşib Məmməd Araz oldun. 
    Mən duyuram sən olmağın ağırlığın. Ey sən qaya, sən olmaq da asan deyil. Sən ki qayaların taleyini insanlaşdırır, xatırladır və yaşadırsan. Daşlaşan, torpaqlaşan ulu babamız, daşlaşan dilimiz, daşlaşan dilimizin haralısan damarı daşlaşan Dəli Domrul, Qara Çoban, Xan Eyvazdır. Daş bir qayaya söykənib daşa dönmək istəyən şairin ölümsüz obrazıdır. Qaya obrazı Məmməd Araz üçün əbədi həyatın simvoludur. Ona görə də Vətənin özünü də qayalaşdıran şair…

    Azərbaycan qayalarda bitən bir çiçək,
    Azərbaycan çiçəklərin içində qaya

    – deyərkən Vətəni bir daha möhkəm, qırılmaz, əbədiyyət simvolu edir.    
    Onun şeirlərini simvollaşdırıb, ölməz etməsi heç də təsadüf deyil, təxəllüsündən bəllidir ki, Məmməd bir gün yox ola bilər, ancaq onun Arazı hər zaman yaddaşlara axar, axdıqca xatirələşər, durular.
    Məmməd Araz yaradıcılığı Azərbaycan ədəbiyyatında öz koloritliyi ilə seçilir, hər zaman prioritet mövqe daşıyır. Nəzər gəzdirdikdə, bir yandan həyatı sorğu-suala tutarkən, şeirləri ilə həyatı danışdırıb, dilə gətirir. Vətən deyə səs salanda, vətəninin hər zərrəsi o səsə  müxtəlif, heç susmayacaq sədalarla cavab verir,Vətən adlı diyara öz izini qazır.
    Böyük şairimizin sevgi şeirlərini oxuduqda belə nəticəyə gəlmək olur ki, o qovuşsa da, ayrılsa da, hisslərin xatirəyə çevrilib beyinə hopmasına daha çox inanır. Bir gün özü, sevdiyi insan olmasa belə onları yaşadacaq xatirə daim haradasa, kimlərdəsə öz canlılığını qoruyub saxlayacaqdır. Onun sevdiyi qadın üçün bağışlayacağı ən böyük hədiyyə də məhz elə vəfalı, yaddaşı möhkəm, kövrək xatirələr, anlardır. Eyni zamanda şeirlərindəki obrazını yoran, onu incidən, bu həyatdan qoparıb başqa aləmdə yaşadan da xatirələrdir, buna görə də o bəzən xatirələrdən də yorulur. Və sevgini “qiymətli bir itik” hesab edir. Buna baxmayaraq, Arazın sevgisi daim  dalğalanır, qərq edir, qərq olur, ancaq dayanmadan üzür. Məmməd Araz hər şeirində bir dünya yaradır ki, özü də  dünya kimi əbədi olaraq yaşarlaşsın.
    “Bəlkə, bu dünyaya bir də gəlmədim”, – deyib dəvə yolunun belindən düşən, ovsar cığırın əlindən çıxıb çiçəklərin telindən öpərək əbədiyyətə uğurlanan şair… Salamat qal, Salamat!!!

Fariz Əhmədov
Naxçıvan Dövlət Universitetinin Elmi 
kitabxanasının direktoru

Nəşr edilib : 13.10.2022 19:30