AZ EN RU

Vətənin sadiq və məğrur keşikçisi

    Vətən boyda ürək... Bu cümlənin mənəvi böyüklüyü, dəyəri elə Vətən boydadır. Bəs bu ürəyin döyüntüsünə şahid olanlar kimdir? Hər kəs o döyüntünü duya bilərmi? “Xeyr” – dediyinizi dərhal hiss etdim. Nə hər kəs Vətən boyda ürək daşıya, nə də hər kəs o döyüntünü hiss edə bilər. Torpaq Aminin Vətən üçün çırpınan ürəyinin son dəfə döyüntüsünü hiss etdiyi kimi, Aminin də ruhu şəhid həsrəti ilə döyünən qəlbimin döyüntüsünü hiss etdi. O an oradaca zamanın durmasını istədim. Hər dəfə Aminin adını duyduğumda sanki illərlə tanıdığım bir insandan söhbət gedirmiş kimi hiss edirdim. Bu həm qəlbimdə yer edən şəhid sevgisindən irəli gəlirdi, həm də Aminin ailəsinin doğmalığından. Dərdləri nə qədər böyük olsa da, qəlblərinə sevgi ilə sakin etmişdilər məni şəhid ata-anası. Onları tanıdıqca Aminin Vətən sevgisinin təməlinin haradan qaynaqlandığını daha aydın sezirdim. Belə valideynlərin övladı da elə Amin kimi qəhrəman olmalı idi. Gülməmmədov Amin Mayis oğlu bir bacıdan sonra dünyaya göz açan əkiz qardaşlardan biridir. Qardaşı Ramindən 20 dəqiqə sonra dünyaya göz açdığı üçün valideynləri Amini sonbeşik övlad kimi əzizləmişdirlər.  

     31 iyul 1995-ci ildə Naxçıvan Muxtar Respublikası Culfa rayonunun Saltaq kəndində dünyaya göz açan Amin və Raminin həm bənzər, həm də fərqli cəhətləri olub. Amin daha çılğın, mehriban, gülərüz xüsusiyyətləri ilə fərqlənməyi bacarırmış. Qəlbə tez yol tapmağı onun özünəməxsusluğundan irəli gəlirdi.
    2001-ci ildə Saltaq kənd tam orta məktəbinə qədəm qoyan şagirdlər sırasında əkiz qardaşlar da yer almışdılar. Çevik, cəld, bir az da dəcəl olan Amin səmimiliyi ilə məktəbdə də hər kəsin qəlbinə yol tapmağı bacarmışdı. Gözlərinin gülüşü ilə ətrafını gözəlləşdirməyi bacaran bu oğul Vətən nisgilinə ürəyinin ən dərinində ruhu ilə keşik çəkirdi. Amin də Vətən dərdi ilə bərabər böyüyürdü. Naxçıvanın hər daşında, qayasında düşmənin açdığı sağalmaz yaraları çox görmüşdü. Hər dəfə ata-anasına Vətənlə, Qarabağla bağlı suallar verəndə gözlərindən yan qaçan baxışların ondan gizlənən göz yaşları olduğunu bilsə də, bəlli etdirmirdi. Ancaq bir gün o gözlərə dik baxmaq üçün bütün gəncliyini, gələcəyini Vətənə fəda edəcəyini bilərəkdən hərbçi peşəsini seçdi. Şərəfli yolun başlanğıcı 2010-cu ildə başladı. Amin Heydər Əliyev adına Hərbi Liseyə ilk addım atdığı zaman o yolun dönüşünün olmayacağını təxmin etmişdi. “Son nəfəsimə qədər Vətənin keşiyində duracağam”, – deyən Amin andına xilaf çıxmadı.  
    İntizar ana Aminə daha çox jurnalist peşəsini yaraşdırırmış. Hər dəfə oğluna kənd-kənd, şəhər-şəhər gəzib verilişlər hazırlayaraq insanları tanıtmağını istədiyini deyirmiş. Ancaq Amin özü bir qəhrəman kimi tanındı. Amin hərbçi peşəsini seçdiyi gündən ailəsinin həsrəti başladı. O həsrət hər kəsə ağır gəlirdi. Ata-ana artıq övladlarının Vətənlə izdivac bağladığını gözəl bilirdilər. Ancaq Amindən ayrı düşən əkiz qardaşı Ramin üçün bu həsrət daha ağır idi. Ramini özünə sirdaş bilən Amin üçün də qardaşından uzaq yaşamaq asan deyildi. Ancaq bu həsrətin əbədi ayrılıqla nəticələnəcəyini heç kim düşünmür və ya düşünmək istəmirdi. Amin 2013-cü ildə Heydər Əliyev adına Hərbi Liseyi uğurla bitirdikdən sonra Azərbaycan Ali Hərbi Məktəbinə qəbul olur. Öhdəliklərini bilən, bütün addımları düşünüb atan Amin Vətənə layiqli zabit olmaq üçün hər vəchlə çalışır. Dördillik hərbi təhsilini 2017-ci ildə leytenant hərbi rütbəsi alaraq tamamlayır. Vətən səngəri – əsl Vətən övladlarının özlərinə ev-eşik saydıqları ünvan. O evin isti döşəməsi olmur. Ancaq nəm torpaq o qədər doğma gəlir ki, sanki ən yumşaq yataqmış kimi hiss edirsən. Qaranlıq gecələrdə göydə süzən ulduzlar tək sirdaşı olur Vətənlə əhd-peyman bağlayan Vətən əsirinin. Amin də üç il Vətən səngərində gecə-gündüz demədən ömür sürür. Füzuli rayonunun Alxanlı kəndində düşmənlə üz-üzə dayanıb Vətənə sipər olan Amin sonra Şükürbəylidə yerləşən “N” hərbi hissədə xidmət edir, daha sonra təkrar Alxanlı kəndində yerləşən “N” hərbi hissədə xidmətini davam etdirir. Aminin amalı təslim olmaq yox, təslim etmək olub. 2019-cu il fevralın 5-də Amin 1 aylıq məzuniyyətə göndərilir. Ancaq məzuniyyətinin 1-ci həftəsində tabeliyində olan əsgərin şəhid olmasını eşidən an məzuniyyətini yarımçıq saxlayıb geri dönür. O gediş Aminin evindən son gedişi olur...   
    Aminin ön cəbhədə düşmənlə üzbəüz dayandığını bilən ailəsi narahat olmuşdu. Ancaq Amin heç zaman arxa cəbhədə xidmət etməklə razılaşmamışdır. “Hər əsgər bir ailənin oğludur. Mən də onlardan biriyəm. Mən olmasam, digər əsgər düşmənlə üz-üzə duracaq. O əsgərin də yolunu gözləyənlər var”, – deyən Amin hər çətinliyə sinə gərir, hər zaman xidməti vəzifəsini layiqincə icra edir. Elə bunun nəticəsi idi ki, o, 2020-ci ilin may ayında baş leytenant hərbi rütbəsinə layiq görülür. Cəbhədə günbəgün artan gərginliyin müharibə ilə nəticələnə biləcəyini də düşünən Amin təlimlər zamanı hər bir əsgərin hərbi biliyinin artırılması üçün çalışır. 26 sentyabrda Amin doğmalarına zəng edir. Hər kəs ilə tək-tək danışıb və hər şeyin yaxşı olduğunu deyib. Əslində isə o zəngin məqsədi vida etmək olub. Amin bilirdi ki, azğınlaşmış düşmənin təxribatlarının qarşısını almaqda onların dəstəsi öndə gedənlərdən olacaq. Elə də olub. 27 sentyabrda müharibə başlayan ilk andan Amin öndə gedənlərdən biri olub. Füzulidən başlayan döyüş yolu Cəbrayıl, Qubadlı, Xocavənddən keçib Şuşaya çatıb. O yolda Amin yaralanmasına baxmayaraq, döyüşlərə davam edib.     
    29 sentyabrda Gülməmmədovlar ailəsinin yeni üzvü dünyaya göz açıb. Həmin gün Amin zəng edib bacısını ana olması münasibətilə təbrik edib. Körpəyə Əli adını yaraşdırdığını deyib. Həmin gün Amin ilk dəfə Mayis müəllimə vəziyyətin nə qədər gərgin olduğunu bu sözlərlə deyib: “Ata, hər xəbərə hazır ol. Anama və bacı-qardaşıma bu barədə bir kəlmə də demə. Ancaq bu bizim son danışığımız ola bilər”. Amin döyüşün ən sərt üzünü görənlərdən biri olub. Oktyabrın 6-da onların dəstəsi mühasirəyə düşüb. 4 gün mühasirədə qalan Amin və dəstəsi mühasirədən çıxmağı bacarıb. Döyüşlərdən birində Amin qolundan yaralanıb. İlkin tibbi yardım göstərildikdən sonra o israrla təkrar döyüşlərə qayıdıb. Qolunun yaralı olduğu səbəbindən silah tuta bilməsə də, çoxsaylı yaralıları və şəhidləri ərazidən çıxarmağa nail olub. Ok­tyabrın 20-də ailəsinə zəng edən zaman telefonunun zədələndiyini deyib. Bəlkə də, elə telefon onu həmin an xilas edibmiş. Döyüş gedən vaxt oktyabrın 14-də Amin bölük komandiri təyin edilib. Hər kəsin etibarını qazanan Aminin getdiyi yolda ardınca gedən əsgərlər bir an belə tərəddüd etməyiblər.
    Onlar Aminin necə bir komandir olduğunu yaxşı biliblər. Elə ona görə də ən öndə gedən Aminin dəstəsi olub. Amin noyabrın 1-də zəng edən zaman “Ata, 3-4 günlük işimiz qalıb. Bitirib dönəcəyik”, – deyib. O gündən sonra Amindən bir daha zəng gəlməyib. Sonradan məlum olub ki, Amin bir neçə silahdaşı ilə bərabər noyabrın 2-də Qırmızıbazar istiqamətində şəhid olub. Ancaq bu xəbər uzun müddət sonra təsdiqini tapıb. O zaman kəsiyində isə Mayis müəllim eşitdiyi təzad yaradan xəbərlərlə günbəgün yaralanır. Ancaq o bu xəbərlər təsdiqini tapmadığı üçün heç kimə bu barədə bir söz demir. Oğul axtarışına çıxan atanın gecəsi, gündüzü olmur. Dekabrın 4-də ataya zəng edərək Aminin şəhid olduğu deyilir. Dekabrın 9-da Amin və digər şəhidlərin nəşləri götürülür və Füzuliyə gətirilir. 10 dekabrda Mayis müəllim həyatın ən çətin anı ilə üz-üzə qalır. 25 dekabrda gələn zəngə səbri çarmıxa çəkilən ana özü cavab verir. “Amin şəhid olub” sözlərini duyan ananın bir anda sanki dünyadan əli üzülür.       
    28 dekabrda şəxsən Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri cənab Vasif Talıbovun iştirakı ilə böyük ehtiramla qarşılanan Vətən ağırlıqda bir şəhid cənazəsi Culfa rayonunun Saltaq kəndinə yol alır...      
    Baş leytenant Gülməmmədov Amin Mayis oğlu Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Sərəncamı ilə şəhadətindən sonra “Vətən uğrunda”, “Cəsur döyüşçü” və “Xocavəndin azad olunmasına görə” medalları ilə təltif edilib. Amin şəhidlərin ölməzliyini, ruhən bu həyatda var olduqlarını hər zaman hiss etdirir. İlk dəfə 2021-ci ildə Ramazan ayının 27-ci günündə atası onun cənnət qoxusunu duyub və nəfəsini hiss edib. Dəfələrlə namaz vaxtı Amini yanında hiss edən şəhid atasının yeganə təsəllisi elə o varlığı hiss etməkdir. Amin əkiz qardaşı Raminə də varlığını hər zaman hiss etdirir. Canlı-canlı sanki bir yarısını dəfn edən Ramin o həsrəti iliklərinə qədər hiss edir. Bir əkiz üçün bu itki çox çətin və dözülməzdir. Bir də gözü yollarda qalan şəhid anası var. Kim o anaya Amin ola bilər ki? Aminin bənzərini böyüdən Aminə isə bir gün Əlinin Amin kimi bir qəhrəman olacağı xəyallarına tutunub. Amini tanıyan hər kəsin həyatında onun yeri boş qalıb. O boşluq heç bir zaman dolmayacaq. Həyatda heç zaman görmədiyimiz insanla da doğmalaşmaq olar. Hətta onun məzarının həsrətini çəkmək və həmin məzarı gördüyün an sanki bir doğma insanına sarılırmışsan kimi hiss edirsən. Bir də o məzar önündə şəhid qoxulu ata-anaya sarılırsan. O an ürəkdə həm kədər, həm sevinc eyni anda baş qaldırır. 

Manya SƏXAVƏTQIZI

Nəşr edilib : 02.08.2022 19:58