AZ EN RU

Vətənin keşiyində dayanmaq şərəfli bir vəzifədir

    Azərbaycan Ordusunun qurucusu, Ulu Öndər Heydər Əliyev deyirdi: “Ordu qurmaq, silahlı qüvvələr yaratmaq böyük bir bina tikmək deyil. Ordu canlı orqanizmdir. Bu bir tərəfdən canlı orqanizm kimi yaşayır, ikinci tərəfdən isə canlı orqanizm kimi daim inkişaf etməlidir. Ona görə də biz Silahlı Qüvvələrimizi ilbəil təkmilləşdirməliyik, onun gücünü artırmalıyıq, peşəkarlıq səviyyəsini yüksəltməliyik, təchizatını ilbəil yaxşılaşdırmalıyıq”. Ulu Öndərin bu tövsiyələrinə ölkəmizdə, onun ayrılmaz tərkib hissəsi olan muxtar respublikamızda ciddi əməl edilir, ordunun müdafiə potensialının durmadan gücləndirilməsinə xüsusi diqqət yetirilir, kompleks tədbirlər həyata keçirilir, hərbi hissələrin maddi-texniki bazaları möhkəmləndirilir.

    Naxçıvan Muxtar Respublikasının müdafiə qabiliyyətinin möhkəmləndirilməsi məqsədilə 2013-cü ildə Ordu Korpusunun əsasında Əlahiddə Ümumqoşun Ordunun yaradılması, hərbi qulluqçuların mənzil-məişət şəraitinin yaxşılaşdırılması istiqamətində Naxçıvan şəhərində 20 təqvim ili və daha çox qüsursuz xidmət etmiş hərbi qulluqçulara yeni mənzillərin verilməsi, ötən illər ərzində zabit-gizir ailələri üçün xidməti yaşayış binalarının açılış mərasimlərinin keçirilməsi, Əlahiddə Ümumqoşun Ordunun hissə və bölmələrinin komandir heyətinin yeni xidməti avtomobillərlə təmin olunması, əvvəlki illərdə aparılan hərbi quruculuq işlərinin davam etdirilməsi və digər tədbirlərin reallaşdırılması, ümumilikdə, orduya və orduda qulluq edən, xidməti borclarını yerinə yetirən zabit və əsgərlərə göstərilən qayğıdır. 
    Dəfələrlə muxtar respublikanın müxtəlif ərazilərində Vətənə xidmət borcunu yerinə yetirən zabit və əsgərlərimizlə görüşmüş, onlara bu ünvanlarda yaradılmış şəraiti görmüşük. Qəvi düşmənlə, sözün həqiqi mənasında, bir addımlıqda üzbəüz dayanan əsgərlərimizdə müşahidə etdiyimiz vətənpərvərlik hissləri qəlbimizi qürur hissi ilə doldurub. Bu günlərdə Ordubad rayonuna gedərkən daha bir qürurverici ünvanda dayanmalı olduq. Nürgüt kəndindən bir qədər yuxarıda, yolun sağında dayanmış bir əsgərin yanında avtomobilimizi saxladıq. Əsgərlə qısa söhbət bizdə bu bölük mərkəzindən yazı hazırlamaq arzusu yaratdı. Buradakı hissənin timsalında Azərbaycan Silahlı Qüvvələrinin döyüş hazır­lığını yüksəltmək üçün həyata keçirilən məqsədyönlü tədbirlərin canlı şahidi olduq. Bir daha neçə illər əvvəl gördüyümüz məqamları xatırladıq. Və ondan sonrakı dövrlərdə belə ünvanlarda həmin silsilə tədbirlərin davamlı xarakter alması da xüsusi vurğulanmalıdır.

Hərbi hissə ilə tanışlıq

Bizi müşayiət edən Nürgüt kənd inzibati ərazi dairəsi üzrə nümayəndə Məhərrəm Həbibovun söhbətindən hiss edirəm ki, bu yaşayış məntəqəsinin sakinləri  hərbçilərlə sıx əlaqə saxlayır, tez-tez görüşür, əlamətdar və tarixi günlərdə, bayram ərəfələrində Vətənimizin keşiyində dayanan igid eloğullarımızın yanlarında olurlar. Bu, ölkəmizin hər yerində xalq-ordu birliyinin bariz göstəricisidir. Deyir ki, hər bir ölkənin təhlükəsizliyi onun sərhədlərinin etibarlı qorunmasından asılıdır. Sərhədlər isə o zaman etibarlı qorunur ki, onu qoruyan ordu çevik, peşəkar zabit və əsgər heyətindən ibarətdir. Azərbaycanın sərhədlərinin etibarlı qorunması bu gün onlara tapşırılıb. Əgər bu heyət qayğı ilə əhatə olunubsa, onda heç bir nigarançılığa əsas yoxdur. 
    Ona görə də bu gün hamı hərbi hissələrdə yaradılmış yüksək nizam-intizamdan razılıq edir. Valideynlər də fəxr duyurlar ki, övladları Vətənə olan ən böyük və müqəddəs vəzifəsini yerinə yetirir. Onunla bölüyün  həyətinə daxil oluruq. Qarşımıza bir əsgər çıxır. Təbəssümlə bizimlə görüşür. Onun səliqəli  geyimindən, danışığından hiss olunan nizam-intizamı, əsgəri addımları belə düşmənə gözdağıdır. Bu da bir həqiqətdir ki, məhz belə igidlərin hesabına 30 il düşmən tapdağı altında olan torpaqlarımızı geri qaytardıq... Bölük mərkəzinin həyətində valideynlər də var. Onlar öz övladlarının görüşünə gəliblər. Hal-əhval tuturuq, söhbətə körpü salırıq. Bu an bir əsgər görüş yerinə yaxınlaşır. Valideynlərdən biri ayağa qalxaraq ona sarı addımlayır. Əsgər bizimlə də görüşməyi unutmur. Elə görüşür ki, sanki neçə illərdir, bir-birimizi tanıyırıq. Başqa cür də ola bilməz. Ordu sıralarında Vətənə müqəddəs borcunu yerinə yetirən oğullarımız ata-baba əmanəti olan torpaqlarımızın keşiyində dayanıb. Onlar hamımız üçün əzizdir. Söhbət zamanı daha bir qürur duyduğumuz məqam o oldu ki, əsgərlər torpaqlarımızın daha əziz və müqəddəs olmasını dəfələrlə vurğuladılar. Bu qiymətli, heç nə ilə əvəz olunmayan sərvətin keşiyində dayanmağı ən şərəfli bir vəzifə və vətəndaşlıq borcu saydıqlarını dilə gətirdilər. 

İlk həmsöhbətlərimiz zabitlərdir

Hərbi hissənin öz qanun-qaydaları var. Bu qaydalara riayət etmək lazımdır. İndiyədək olduğumuz hissələrdə bu qanunlara riayət edilməsini bütün Azərbaycan Silahlı Qüvvələrinə şamil etmək olar. Nizam-intizam olan yerdə isə hər çətinliyi dəf etmək mümkündür. Bir neçə saat ərzində burada heç bir çətinliyin olmadığını gördük. 
    Bölük komandiri kapitan Yelmar Nağıyevlə söhbət edirik. Deyir ki, bu gün blokada vəziyyətində olmasına baxmayaraq, inkişaf və tərəqqi edən ölkəmizdə, onun ayrılmaz tərkib hissəsi olan  Naxçıvan Muxtar Respublikasında ardıcıl və sistemli şəkildə həyata keçirilən ordu quruculuğu prosesi bütün hərbi hissələri əhatə edib. Hərbi hissələrdəki yeniliklər real vəziyyətin obyektiv göstəricisidir. İndi doğma diyarımızın bütün qoşun hissələri belə yeniliklərlə doludur və bu ünvanlarda özünü qabarıq şəkildə göstərən nizam-intizam, səliqə-sahman, yüksək döyüş ovqatı qürur və sevinc hissi doğurur. Əsgərlərin və zabitlərin nümunəvi xidmət və qulluğu üçün bu bölük mərkəzində də hərtərəfli şərait yaradılıb. Müasir tələblər səviyyəsində qurulmuş yeməkxana, anbar ilk baxışda səliqə-sahmanı, gigiyenik-sanitar qaydalara cavab verməsi ilə diqqəti cəlb edir. Əsgərlərin asudə vaxtlarının səmərəli keçirilməsi təmin olunub. Bundan əlavə, şəxsi heyətin fiziki sağlamlığının təmin edilməsi məqsədilə lazımi idman qurğuları quraşdırılıb. Əsgərlər müntəzəm olaraq idmanla məşğul olur, fiziki hazırlıqlarını artırırlar. Burada əsgərlərin yüksəkkalorili və keyfiyyətli qida məhsulları ilə təminatına xüsusi önəm verilir. Yelmar Nağıyev bunu da diqqətə çatdırır ki, son illər ordu ilə xalq arasında yaradılmış sıx birliyi elə bu bölüyün və nürgütlülərin timsalında daha yaxından görmək mümkündür. Müntəzəm olaraq rayon İcra Hakimiyyəti və sərhəd bölgəsində fəaliyyət göstərən dövlət qurumları, həmçinin Nürgüt və yaxınlıqda olan digər kəndlərin  camaatı əsgərlərlə görüşə gəlir, onlara sovqatlar gətirirlər. 
    Öyrənirik ki, əsgərlərin müayinəsini düzgün aparmaq, ilkin müalicəni təşkil etmək üçün bölükdə hərtərəfli imkanlar yaradılıb. Bu da xidməti borcunu yerinə yetirən əsgərlərin sağlamlığının qorunmasında vacib şərtdir. 
    Müddətdən artıq hərbi xidmət hərbi qulluqçusu Vüsal Hüseynov söhbətə qoşularaq deyir ki, yüksək səviyyədə təmin olunmuş mənəvi-psixoloji ab-hava, əsgərlərin siyasi hazırlığının yüksəldilməsi diqqətdə saxlanılıb. Bunun üçün ideoloji otaqda lazımi şərait yaradılıb. Burada  televizor, qəzet və jurnallar, müxtəlif bədii ədəbiyyatlar əsgər və zabitlərin siyasi və hərbi biliklərinin artırılmasında mühüm rol oynayır. İdeoloji-siyasi təlim məşğələlərində əsgərlərə izah olunur ki, Azərbaycanın, həmçinin onun ayrılmaz tərkib hissəsi olan Naxçıvan Muxtar Respublikasının müxtəlif zamanlarda hərbi müdaxilələrə məruz qalması, əsasən, ordumuzun yeni formalaşdığı dövrlərə təsadüf edib. Elə ötən əsrin 90-cı illərinin əvvəllərində erməni hərbi birləşmələrinin muxtar respublikanın sərhədlərinə mütəmadi hücumlarının əsas hədəfi də bu qədim türk yurdunun işğal edilməsi məqsədini daşıyırdı. Tarixdən bəllidir ki, Naxçıvan torpaqlarına olan iddialar çoxdan var idi. Mənfur ermənilər həm ötən əsrin əvvəllərində, həm II Dünya müharibəsi dövründə, həm də sovetlər zamanında bu iddialarından əl çəkməmişlər. “böyük Ermənistan” yaratmağın əsas cinahlarından biri də qədim Naxçıvan torpaqlarını ələ keçirmək olub. Əsgərlərə o da çatdırılır ki, məhz Ulu Öndər Heydər Əliyevin Naxçıvanda ordu quruculuğuna başlaması ermənilərin bu xülyasının qarşısını aldı.

Əsgərlər deyirlər ki...

Əsgərlərlə söhbət edirəm. İlk ünsiyyətdən onların döyüş hazırlığına, yüksək vətənpərvərliyinə, dövlətə, xalqa bağlı olduqlarına heç bir şübhəm qalmır. Əsgər Aqşin Günəşli Bakı şəhərindəndir. Fiziki və psixoloji cəhətdən əsl hərbçi, vətənpərvər və hərbi biliklərə malik gəncdir. Söhbət zamanı bildirdi ki, onlara şərəfli bir iş tapşırılıb. “Bizim üzərimizə böyük vəzifə düşür. Bu vəzifənin məsuliyyətli olduğunu dərk edirəm. Arxamızda güclü dövlətin durduğunu hiss edəndə mübarizlik daha da artır. Bunun ifadəsini 3 il əvvəl gördük” sözlərini qürurla deyir. 
    Şərur rayonundan gəlmiş Ayxan Cəfərli xidməti borcunu yerinə yetirməyindən fəxrlə danışır. Deyir ki, buraya gəlməmişdən Ordubad rayonunun bu səfalı guşəsi barədə çox az məlumatı olub. Bu kiçik yurd yerinin təbiətinin zənginliyindən ürəkdolusu danışır. Onlar üçün yaradılmış şəraitdən də razılıq edir: – Arxada qalan günlərin necə keçdiyini hiss etməmişəm. Çünki bölükdə  yüksək nizam-intizam, əsgərə qayğı görürük. Burada Azərbaycanın müxtəlif bölgələrindən hərbi xidmətə gələnlər var. Onlar da Naxçıvan barədə razılıqla danışırlar. 

Vətənə xidmət etmək məsuliyyəti

Zabitlərlə, əsgərlərlə, valideynlərlə söhbətlərimizi, burada gördüklərimizi qısaca da olsa, oxuculara çatdırmağa çalışdıq. Buna nə dərəcədə nail olduqsa, onu oxucular deyə bilər. Bizim gəldiyimiz qənaət isə belədir ki, bəhs etdiyimiz hissədə qulluq və xidmət edənlər məsuliyyətlərini dərindən dərk edirlər. Vəzifə məsuliyyəti dərk olunan yer isə sərhəddir – Vətənin başlandığı yer. Vətənin başlandığı yer etibarla, ayıq-sayıqlıqla qorunursa, deməli, müstəqilliyimiz, dövlətçiliyimiz də etibarlı, ayıq-sayıqlıqla qorunur.
    Ulu Öndərin ən müdrik tövsiyələrindən biridir: “Vətəni qorumaq öz ana torpağını, evini, obasını, yurdunu, şərəfini qorumaqdır. Vətəni qorumaq öz namusunu, şərəfini qorumaqdır. Vətəni qorumaq öz atasını, anasını, balalarını, övladlarını qorumaqdır. Vətəni qorumaq Azərbaycan xalqının tarixini, mənəviyyatını, əsrlərboyu əldə etdiyi milli mədəniyyətini, milli iftixarını qorumaq deməkdir. Bu, şərəfli yoldur. Bu, şərəfli vəzifədir”.
    Bu kiçik bölükdə, hərbi qulluğunu və xidmətini ləyaqətlə yerinə yetirən zabit və əsgərlərdən ayrılarkən hələ burada ikən yaşadığımız təəssüratlar bizi tərk etməmişdi. Təəssüratlar isə Ulu Öndərin həmin qiymətli tövsiyəsinin bugünkü reallığıdır.

Muxtar MƏMMƏDOV
Ceyhun MƏMMƏDOV

Nəşr edilib : 19.07.2023 19:54