AZ EN RU

Vətənin igid, qəhrəman oğlu

    Qəhrəman olmurlar, qəhrəman doğulurlar – deyiblər. Fərid də belə qəhrəmanlardan idi. “Mən gələcəkdə istəyirəm ki, xalqı qoruyam, istəyirəm ki, torpaqlarımızı düşməndən qoruyam. Mən fənlərin hamısını sevirəm” bu cümlələr onun qəlbinin söylədikləri idi; zamanla onun alın yazısına çevrildi. İllər sonra Dövlət Sərhəd Xidmətinin (DSX) kapitanı Fərid Mehbalıyev dedi: “Bir gənc kimi, bir hüquq-mühafizə orqanı əməkdaşı kimi söz veririk ki, öz xidmətimizdə dövlətimizə, dövlətçiliyimizə sadiq olacağıq”. O bu sözünə ölənə qədər sadiq qaldı. Bir hüquq-mühafizə orqanı əməkdaşı olaraq dövlətimizin müstəqilliyinin möhkəmlənməsi və təhlükəsizliyinin təmin edilməsi naminə daim var qüvvəsi ilə çalışdı. Azərbaycanın təhlükəsizliyinə qarşı istənilən təhdidlə mübarizədə ön sıralarda dayandı və yalnız seçilmişlərə qismət olan ən böyük adı – şəhidlik adını aldı.  

    Bir səhər xəbər portallarında bu məlumatı oxuduq: Sentyabrın 12-də Azərbaycan-Ermənistan dövlət sərhədinin Zəngilan rayonu ərazisindən keçən hissələrində Ermənistan silahlı qüvvələrinin genişmiqyaslı təxribatlarının qarşısının alınması məqsədilə Dövlət Sərhəd Xidmətinin bölmələri tərəfindən düşmənə ağır, sarsıdıcı zərbələr endirilib və atəş nöqtələri zərərsizləşdirilib. DSX mətbuat mərkəzindən verilən məlumata görə, şəxsi heyət və hərbi texnika baxımından çoxsaylı itkilər verən düşmən geri çəkilməyə məcbur edilib. Ermənistan silahlı qüvvələrinin ölkəmizin ərazisinə və suverenliyinə qarşı təhdidinin qarşısının alınması zamanı Dövlət Sərhəd Xidmətinin hərbi qulluqçuları şəxsi igidlik və şücaət göstərib, düşmənə qarşı qəhrəmancasına vuruşaraq şəhid olublar… Onların içərisində Dövlət Sərhəd Xidmətinin (DSX) 28 yaşlı kapitanı Fərid Kəmaləddin oğlu Mehbalı da vardı. O, 1994-cü il yanvarın 18-də Kəngərli rayonunun Qıvraq qəsəbəsində anadan olmuşdu. Ailəli idi. İki qızı var. O, Bakı şəhərində İkinci Şəhidlər xiyabanında torpağa tapşırılıb.
   Şəhidin qardaşı Firudin Mehbalı ilə həmsöhbət oluruq, qardaşı haqqında danışanda gözləri dolsa da, fəxr, qürur hissləri keçirərək deyir: “Biz 3 qardaş idik. Fərid, mən, bir də balaca qardaşımız Fərmin. Fərid ailədə birinci uşaq olub, məndən 1 yaş böyük idi, mən 1995-ci il təvəllüdəm, ortancılam. Balaca qardaşımız 1999-cu il təvəllüdlüdür. Fərid orta məktəbin VIII sinfini bitirəndən sonra Heydər Əliyev adına Hərbi Liseyə daxil olmuşdu. Sonra Dövlət Sərhəd Xidmətinin Akademiyasına qəbul olundu. Oranı da əla qiymətlərlə bitirdi. Fəridin dövlətə, Vətənə sevgisi çox böyük idi. Seçdiyi bu yolda qismətində şəhidlik də ola biləcəyini bilirdi. O, DSX-nin “N” hərbi hissəsində xidmət edirdi. Fəridlə mənim sonuncu danışığım elə onun müqəddəs şəhidlik məqamına ucalacağı gün olmuşdu. Dedi ki, mənə bir sey olarsa, ailəmiz sənə əmanətdir, məndən sonra sən varsan, özündən və ailəmizdən muğayat ol. Həmin günün axşamı – sentyabrın 12-dən 13-nə keçən gecə Zəngilan istiqamətində təxribatın qarşısını alarkən qəhrəmancasına şəhid olub. Döyüş yoldaşlarının dediyinə görə, bir neçə postu erməni işğalından azad edilməsində böyük mərdlik və şücaət göstərib. Onda qətiyyən qorxu yox idi, çox cəsur, igid oğlan idi. Fərid paradlarda Dövlət Sərhəd Xidmətinin bayraqlarını daşıyardı. Zəfər paradında da DSX-nin Zəfər bayrağını şərəflə daşımışdı. Onunla qardaşı olaraq qürur duyuruq. Fərid kimi cəsur, qəhrəman Vətən oğullarının yolu hamımız üçün, bütün gənclik üçün örnəkdir”. 
    Şəhidin həyat yoldaşı Gülnar Mehbalıyeva  deyir: Fərid bir yoldaş, bir ata kimi çox gözəl ailə başçısı idi. Qızlarına son dərəcə qayğı göstərirdi, həmişə onların nazları ilə oynayar, tez-tez gəzməyə aparardı. Biz Xızıda hərbi şəhərcikdə qalırdıq, tez-tez Zəngilana ezamiyyətə gedərdi, oradan qayıdanda saat neçə olursa-olsun uşaqlarının yanına gələrdi, çox bağlı idi qızlarına, ailəsinə. Hətta son sözü belə “Ayan məni gözləyir” olub. Ayan bizim böyük qızımızdır, 2 yaşı var. Heç vaxt xətrimə dəyməz, səsini qaldırmazdı. Bir zabit kimi işinə qarşı son dərəcə məsuliyyətli, dəqiq insan idi. Səhər tezdən durar, vaxtından əvvəl gedərdi işə. Savadı, biliyi sayəsində vəzifəsi böyüyürdü, lakin o qədər sadə bir insan idi ki, özü zabit olsa da, gizirinə belə qulluğundayam deyə müraciət edərdi. Dövlət Sərhəd Xidmətinin fəxri qarovul rəisi idi, həmişə ön sırada yer alardı. Biz də ona fəxrlə baxar, qürur duyardıq. Formasına xüsusi bağlılığı vardı, şəxsən özü hazırlayıb, düzəldərdi, hər şeyi yerli-yerində olan bir insan idi. Onun kimi yoldaşın, onun kimi atanın yoxluğunu qəbul edə bilmirəm, amma yenidən belə bir həyat yazılsa, 3 illik həyat yolunu bölüşəcəyimizi bilsəm, yenə də heç düşünmədən Fəridin ailəsi olmağı seçərdim. Onu nəsillərə örnək olan insan adlandırıram. Hamı ondan örnək götürür, uşaqlar böyüyəndə onun kimi, valideynlər onun kimi oğlu olmasını istəyirlər. Canım yandığı qədər də başım dikdir. Fərid özündən sonra ad qoydu, iz qoydu, bir ömürlük qürur qoyub getdi. Fərid şəhidliyilə ölümsüzlüyə ucaldı, o daim hamının qəlbində yaşayır, onun ruhu hər zaman yolumuza işıq saçır.
    Şəhid kapitan Fərid Mehbalı xidmət etdiyi müddətdə “Azərbaycan Respublikası Silahlı Qüvvələrinin yaranmasının 100 illiyi” yubiley, “Dövlət Sərhəd Xidmətinin yaranmasının 100 illiyi” yubiley, 10 il “Qüsursuz xidmətə görə”, “Xidmətdə fərqlənməyə görə” medalları ilə təltif edilib, ölümündən sonra “Azərbaycan Bayrağı” ordeni və “Vətən uğrunda” medalı ilə qiymətləndirilib. Canlarını Vətən torpaqlarının azadlığı uğrunda fəda edən igid oğullarımızın xatirəsi qəlbimizdə Vətən sevgisinin özü qədər əbədi yaşayacaq. 

Güntac ŞAHMƏMMƏDLİ 

Nəşr edilib : 01.12.2022 19:51