AZ EN RU

Vətənin igid oğlu

Ənvər Nizami oğlu Əliyev

04.06.1997-14.10.2020

    Ənvər həm dəcəl, həm də mehriban idi. Bir iş görən zaman baxırdım ki, yanımdadır. Evimizin sonbeşiyi idi. Yaxşı oxuyurdu. Qardaşı Ənvərdən bir yaş böyük olsa da, məktəbə bir yerdə gedirdilər. Müəllimi Ənvərə deyirmiş ki, sən dərsi iki dəfə danışacaqsan. Birinci dəfə sənə, ikinci dəfə qardaşına qiymət verəcəyəm. O qədər oxuyurdu ki, gözləri qızarıb, ağrıyırdı. Mən də deyirdim ki, Ənvər belə çox oxuma. Cavab verirdi ki, hər kəsin anası uşağının oxumasını istəyir. Sən isə deyirsən az oxu. Deyirdim ki, Ənvər, axı gözlərin ağrıyır. Deyirdi ki, ana, heç nə olmaz.

    Əkrəmlə (qardaşı) bir sinifdə oxuyurdular. Ənvər dərs oxuyurdu. Əkrəm ona dərs oxumağa imkan vermirdi. O da durub qardaşı ilə savaşırdı. Deyirdim ki, Ənvər, qardaşını vurma, xəstədir. Gülürdü, deyirdi ki, ana, niyə xəstədir? Mən də gülürdüm, deyirdim, a bala, deyirəm, yəni başı ağrıyar. Başlayırdı gülməyə. Amma buna baxmayaraq, bir-birlərini çox sevirdilər.
    Bir dəfə atasına balaca kol almaların tingini vermişdilər. Həmin kol bir alma gətirmişdi. Atası dedi ki, dərməyin görək, yetişdikdə necə olur. Bir gün atası baxdı ki, alma dərilməyib, amma üstündə dişlənib. Gəlib evdə deyən kimi Ənvər tez dedi ki, ata, dərmədim ki, üstündə dişləmişəm. Bax belə dəcəl idi mənim balam. Onun xatirələrindən o qədər danışmaq olar ki.
    Balaca vaxtından elə deyirdi ki, ana, mən ya hərbçi olacağam, ya da gömrükdə işləmək istəyirəm. Çox xoşuma gəlir onlar kimi geyinəm, işləyəm. Böyüdü, səkkizdə oxuyanda sənədlərini hərbi liseyə verdi. 
    Müharibə vaxtı danışırdıq. Hər zaman deyirdi ki, ana, mən döyüşdə deyiləm. Yol açırıq, elə gözəl yollar salmışıq ki. Müharibədən sonra səni gətirəcəyəm o yollara bax. Demə, mənim balam mina təmizləyərək yol açırmış. Bir gün də zəng vuranda top, silah səsləri gəldi. Tez telefonu söndürdü. Sonra zəng vurdu ki, narahat olma, silahı Gəncə tərəfə atırlar, buradan səsi eşidilir. Ənvər elə həmin vaxt Talış kəndindəymiş.
    Sonuncu dəfə 12 oktyabrda zəng vurdu ki, ana, sən qəhrəmanın anasısan, haqqını halal et, İnşallah, görüşərik. 14 oktyabrda Ənvər Suqovuşanda şəhid oldu. Balam “Vətən, torpaq”, – dedi!

Nəşr edilib : 25.03.2024 15:16