AZ EN RU

Vətənin etibarlı müdafiəçisi, müstəqilliyin təminatçısı – Müzəffər, Qalib Azərbaycan Ordusu

    105 il bundan öncə, 1918-ci il 26 iyun tarixdə Azərbaycan Xalq Cümhuriyyəti Nazirlər Şurasının verdiyi qərarla general-leytenant Əliağa Şıxlinskinin rəhbərlik etdiyi Müsəlman korpusunun əsasında ilk ordu hissəsi sayılan Əlahiddə Azərbaycan korpusu yaradılıb. Xalqımız qarşısında əvəzsiz tarixi xidmətləri olan, 100 illik yubileyini böyük qürur və təntənə ilə qeyd etdiyimiz Ümummilli Liderimiz Heydər Əliyevin 1998-ci il 22 may tarixli Fərmanı ilə həmin gün Azərbaycan Respublikası Silahlı Qüvvələri Günü elan olunub.

    Azərbaycanda nizami və yüksək döyüş hazırlığına malik ordunun yaradılması və inkişafı görkəmli dövlət xadimi Heydər Əliyevin adı ilə bağlıdır. Dahi şəxsiyyətin ölkəmizdə ilk dəfə siyasi hakimiyyətə gəldiyi 1969-cu ildən başlayaraq digər sahələrdə olduğu kimi, ordu quruculuğu istiqamətində də mühüm addımlar atılıb. Ulu Öndərin uzaqgörən siyasətinin nəticəsində ötən əsrin 70-ci illərində ölkəmizdə Cəmşid Naxçıvanski adına Hərbi Məktəbin yaradılması, burada hazırlanan hərbçi kadrlar sonradan müstəqil Azərbaycanın qüdrətli milli ordusunun zabit heyəti ilə təmin olunmasında əhəmiyyətli rol oynayıb. Peşəkar milli ordunun yaradılmasına isə ötən əsrin 90-cı illərində Ümummilli Lider Heydər Əliyevin rəhbərliyi ilə Naxçıvanda başlanılıb. Xalqımızın böyük oğlu Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri seçiləndən sonra – 1991-ci il sentyabrın 7-də Naxçıvan Muxtar Respublikası Dövlət Müdafiə Komitəsi yaradılıb, 1992-ci il sentyabrın 19-da Naxçıvan Muxtar Respublikası Ali Məclisində “Naxçıvan Muxtar Respublikasının müdafiəsinin və sərhədlərinin qorunmasının təşkili haqqında” Qərar qəbul edilib. Həmin il oktyabrın 9-da isə Naxçıvan şəhərində ilk hərbi parad keçirilib. 1992-ci il sentyabrın 15-də Naxçıvan Muxtar Respublikası ərazisində ilk milli ordu qurumlarından biri olan 705 saylı əlahiddə gücləndirilmiş motoatıcı briqada təşkil edilib və Dövlət Müdafiə Komitəsinin bütün əmlakı 705 saylı hərbi hissəyə təhvil verilib. 
    Azərbaycan Silahlı Qüvvələrinin təkmilləşdirilməsi prosesinə Ulu Öndər Heydər Əliyevin 1993-cü ildə xalqın təkidli tələbi ilə siyasi hakimiyyətə qayıdışından sonra başlanılıb. Qısa müddətdə ordumuzun strukturu tam formalaşdırılıb, bütün növ hərbi birləşmələr yaradılaraq komplektləşdirilib. Eyni zamanda görkəmli dövlət xadiminin rəhbərliyi ilə ordunun qanunvericilik bazası yaradılıb, 1994-cü ildə Azərbaycan Respublikası NATO-nun “Sülh Naminə Tərəfdaşlıq Proqramı”na qoşulub. Nəticədə, milli hərbi birləşmələrimiz sülhməramlı qismində dünyanın müxtəlif münaqişə zonalarında iştirak edib, fəaliyyəti yüksək qiymətləndirilib. “Müstəqil Azərbaycan Respublikasının ən vacib, ən böyük sahəsi onun Silahlı Qüvvələridir, milli ordusudur. Hər bir dövlətin müstəqilliyinin rəmzi, təminatçısı onun Silahlı Qüvvələridir. Etibarlı, güclü, Vətənini, torpağını müdafiə etməyə qadir silahlı qüvvələri olmayan ölkənin müstəqilliyi də etibarlı ola bilməz”, – deyən Ulu Öndərin 1993-cü ildə ali hakimiyyətə ikinci qayıdışından sonra həyata keçirdiyi tədbirlər, ümumilikdə, Azərbaycan Silahlı Qüvvələrinin inkişafında yeni mərhələ olub. Ölkə Prezidenti cənab İlham Əliyevin də dediyi kimi: “1993-cü ildə ölkəmiz, demək olar ki, parçalanırdı, vətəndaş müharibəsi gedirdi və məhz Heydər Əliyevin fəaliyyəti nəticəsində biz bu ağır sınaqdan üzüağ çıxa bildik. Məhz bugünkü Zəfərin təməli, bax o vaxt qoyulmuşdur”.
    Dahi şəxsiyyətin ordu quruculuğu sahəsində gördüyü işlər bu gün Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Ölkə iqtisadiyyatının sürətli inkişafı, ilk növbədə, dövlətimiz üçün prioritet olan ordumuzun büdcəsinin artmasına, orduda müasir komplektləşdirmənin aparılmasına geniş imkanlar yaradıb. Nəticədə, Silahlı Qüvvələrimiz dünyanın ən müasir silah-sursatları, hərbi-texnoloji avadanlıqları ilə təmin olunub, şəxsi heyətin döyüş ruhu dəfələrlə yüksəldilib. Ordumuzun gücləndirilməsi ilə bağlı görülən mühüm işlər, keçirilən təlimlər Silahlı Qüvvələrimizdə keyfiyyət və kəmiyyət dəyişikliklərinin yaranmasına, güclü nizami hissələrin formalaşdırılmasına yol açdı. İllərlə həyata keçirilən ordu quruculuğu işləri öz nəticəsini verdi. 2020-ci il sentyabrın 27-də Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Ali Baş Komandanı cənab İlham Əliyevin rəhbərliyi altında ordumuz işğal altında olan ərazilərimizin azad olunması üçün geniş hərbi əməliyyatlara başladı və 44 gün ərzində düşməni diz çökdürərək darmadağın etdi, ərazi bütövlüyümüz təmin olundu. Vətən müharibəsi silahlı qüvvələrimizin nəyə qadir olduğunu bir daha bütün dünyaya göstərdi. Bu savaş, eyni zamanda XXI əsrin ən sürətli, müasir və ədalətli müharibəsi kimi də tarixə düşdü. Zəfər Günü kimi tariximizə əbədi həkk olunan noyabrın 8-də Qarabağın gözü Şuşa şəhərinin işğaldan azad olunması ilə ölkə Prezidenti cənab  İlham Əliyev ata vəsiyyətini yerini yetirdi, Ulu Öndərin, xalqımızın müqəddəs arzularını gerçəkləşdirdi. 
    2020-ci ildə 44 günlük Vətən müharibəsində müzəffər Ordumuzun məğrur hərbçiləri qarşısında diz çökən, ağ bayraq qaldıran düşmən müharibədən sonra da öz çirkin niyyətlərindən əl çəkmədi. Dəfələrlə Rusiya sülhməramlı kontingentinin müvəqqəti nəzarəti altında olan Azərbaycan ərazilərində, sərhəddə təxribatlara cəhd edən ermənilər ayıq-sayıqlığını itirməyən Silahlı Qüvvələrimiz tərəfindən layiqli cavablarını aldılar. Mənfur ermənilər Laçın rayonundan keçən yolun humanitar məqsədlər üçün nəzərdə tutulduğu bəndlərin də yer aldığı 10 noyabr bəyanatında üzərlərinə götürdükləri öhdəlikləri yerinə yetirməkdən boyun qaçıraraq müxtəlif vasitələrlə qanunsuz daşımalar həyata keçirdilər. Diplomatiyamız, ordumuz tərəfindən verilən bəyanatlara, edilən xəbərdarlıqlara baxmayaraq, bu qanunsuzluqlar 2023-cü ildə özünün pik nöqtəsinə çatdı. Məhz cari il martın 5-də qondarma erməni silahlılarının Xankəndi-Xəlfəli-Turşsu torpaq yolundan istifadə etməklə qanunsuz daşımalara cəhdi zamanı baş verən silahlı qarşıdurmada 2 hərbi qulluqçumuzun şəhid olması və martın 20-də Avropa İttifaqı missiyasının yerləşdiyi Ermənistan-Azərbaycan dövlət sərhədi istiqamətində Ermənistanın növbəti təxribatı zamanı Dövlət Sərhəd Xidmətinin hərbi qulluqçusunun yaralanması faktı da qarşı tərəfin vəziyyəti gərginləşdirməyə, sülhdən yayınmağa məqsədli olduğunu bir daha göstərdi. Əvvəlcədən əməliyyat, kəşfiyyat məlumatlarına malik olan Azərbaycan Ordusu düşmənə yeni sarsıdıcı zərbə vurdu. Martın 30-da ordumuz erməni təxribatlarına son qoymaq məqsədilə, eyni zamanda yeni Laçın yolunun istifadəyə verilməsi ilə əlaqədar Laçın rayonunun Cağazur və Zabux kəndləri arasında yerləşən bir neçə hakim yüksəkliyi, əsas və yardımçı yolları, eləcə də sərhədboyu geniş sahələri nəzarətə götürdü. Aprelin 23-də isə Silahlı Qüvvələrimiz Azərbaycan-Ermənistan sərhədində sərhəd-buraxılış məntəqəsini qurdu, məntəqədə ərazi bütövlüyümüzün rəmzi sayılan Azərbaycan Bayrağı qaldırıldı. Xüsusi olaraq vurğulamaq lazımdır ki, 44 günlük Vətən müharibəsindən sonra “Qisas”, “Qətiyyətli cavab”, “Fərrux” və digər hərbi əməliyyatlarla düşməni yerinə oturdan, mühüm əhəmiyyətə malik hakim yüksəkliklərə sahiblənən, strateji yolları nəzarətə götürən Azərbaycan Ordusu dövlətimizin regionda yeni reallıqları ortaya qoymasında misilsiz xidmətlər göstərib. Qüdrətli, müzəffər Silahlı Qüvvələrimiz sayəsində bu gün erməni qəsbkarlığına qarşı etibarlı şəkildə müdafiə olunan, qorunan Qarabağda, Şərqi Zəngəzurda dirçəliş prosesləri uğurla gedir, soydaşlarımız öz doğma torpaqlarına qayıdırlar. İlbəil iqtisadi cəhətdən güclənən Azərbaycan dövləti ordumuzun daha da qüdrətlənməsi yönündə məqsədyönlü işlər həyata keçirir, hərbi xərclər artırılır, ordu quruculuğu sahəsində yeni kontraktlar imzalanır, hərbi texnika, silah-sursat alınır, şəxsi heyətin döyüş qabiliyyətinin möhkəmləndirilməsi üçün təlimlər keçirilir. Ötən dövrdə Müzəffər Ali Baş Komandanın təşəbbüsü ilə işğaldan azad edilmiş torpaqlarda yeni hərbi hissələr, sərhəd zastavaları tikilib istifadəyə verilib, Hadrutda, Kəlbəcərdə yeni komando birlikləri yaradılıb, Türkiyə ilə Azərbaycan arasında hərbi qulluqçularımız qardaş ölkədə komando kursları keçiblər. Cari il iyunun 23-də Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyev Müdafiə Nazirliyinin komando hərbi hissələrinin birində yaradılan şəraitlə tanış olub hərbi hissəyə Döyüş bayrağının təqdim olunması mərasimində çıxış edərkən ordu quruculuğunun əhəmiyyətinə toxunaraq deyib: “Ordumuzun, bütün Silahlı Qüvvələrimizin torpaqlarımızın azad olunması üçün hazırlıq işlərinə xüsusi önəm verilirdi və biz buna nail olduq. Vətən müharibəsi Azərbaycan dövlətinin tam Zəfəri ilə yekunlaşmışdır. Ancaq buna baxmayaraq, müharibədən sonra ordu quruculuğu üçün əlavə addımlar atılır və buna böyük ehtiyac var. Çünki dünyada geosiyasi vəziyyət gərginləşir, bölgəmizdə yeni təhdidlər mövcuddur, Ermənistanda revanşist qüvvələr baş qaldırır”.
    Ölkə Prezidentinin rəhbərliyi ilə ordu quruculuğu sahəsində həyata keçirilən tədbirlər ötən dövrdə Naxçıvan Muxtar Respublikasında da uğurla icra edilib, dövlət başçısının “Azərbaycan Respublikası Müdafiə Nazirliyi haqqında Əsasnamənin təsdiq edilməsi barədə” 2013-cü il 18 dekabr tarixli Fərmanına əsasən 5-ci Ordu Korpusunun əsasında Əlahiddə Ümumqoşun Ordu yaradılıb. Bu əlamətdar hadisə Naxçıvanın müdafiə potensialının, hərbi hissələrin döyüş hazırlığının daha da yüksəlməsinə əsaslı zəmin yaradıb. Ölkə Prezidenti bu barədə deyib: “Çətin coğrafi vəziyyəti nəzərə alaraq, ilk növbədə, Naxçıvanda təhlükəsizlik tədbirləri diqqət mərkəzindədir. Son illər ərzində bu istiqamətdə böyük işlər görülüb, ordu quruculuğu sahəsində böyük inkişaf var. Bu gün Naxçıvan ordusu ən müasir silahlarla təchiz edilib, texnikanın alınması təşkil olunub və bu proses davam etdirilir”. Muxtar respublikada ordu quruculuğu prosesi davamlı xarakter daşıyır. Bu sahədə həyata keçirilən ardıcıl tədbirlərin nəticəsidir ki, Əlahiddə Ümumqoşun Ordu 2017 və 2018-ci illərdə döyüş və ictimai-siyasi hazırlıqda əldə olunmuş nailiyyətlərə görə Azərbaycan Respublikası Silahlı Qüvvələri üzrə birinci yerə layiq görülüb. 2017-ci il oktyabrın 18-də muxtar respublikada ilk milli hərbi hissənin yaradılmasının 25-ci ildönümü münasibətilə keçirilən möhtəşəm hərbi parad ordumuzun Naxçıvanda yerləşən hissələrinin gücünü hər kəsə nümayiş etdirib. 2018-ci ilin may ayında Əlahiddə Ümumqoşun Ordunun 26 il işğal altında olan Şərur rayonunun Günnüt kəndini və 11 min hektar ərazini azad edərək mühüm strateji üstünlüklərə yiyələnməsi isə Böyük Zəfərə gedən yolun başlanğıcı olub. Ölkə Prezidenti cənab İlham Əliyev 2021-ci il may ayının 10-da Naxçıvan Muxtar Respublikasına səfəri zamanı Günnüt əməliyyatının Azərbaycan Ordusuna qazandırdığı üstünlüyün 44 günlük Vətən müharibəsində mühüm rol oynadığını vurğulayıb: “...Naxçıvan Ümumqoşun Əlahiddə Ordunun döyüş qabiliyyəti də yerindədir və uğurlu Günnüt əməliyyatı – üç il bundan əvvəl keçirilmiş əməliyyat bunun bariz nümunəsidir... Biz çox önəmli strateji yüksəklikləri Ermənistan ordusundan təmizlədik, o yüksəklikləri əldə etdik. Bu yüksəkliklər imkan verdi ki, biz artıq strateji kommunikasiyalara tam nəzarət edirik və Ermənistandan Dağlıq Qarabağa gedən yola da nəzarət edirik. İkinci Qarabağ müharibəsində bu yola nəzarət imkanlarımız bizə bir çox informasiyanın əldə edilməsində kömək göstərdi. Qarşı tərəf bilir ki, bizim nəzarətimizdə olan bu kommunikasiyalar istənilən vaxt kəsilə bilər və əlbəttə, öz addımlarını buna uyğun atmalıdır”.
    Naxçıvan Muxtar Respublikasında ordu quruculuğu sahəsində görülən mühüm işlərdən biri də kadr hazırlığı ilə bağlıdır. Ötən dövrdə ölkə Prezidentinin diqqət və qayğısı ilə Naxçıvan şəhərində fəaliyyət göstərən Heydər Əliyev adına Hərbi Liseyin maddi-texniki bazası xeyli möhkəmləndirilib, kursantlar üçün müasir tədris və məişət şəraiti yaradılıb. İndiyədək 3 mindən çox kursantın təhsil aldığı lisey ordumuzun peşəkar zabitlərlə təminatında böyük rol oynayır. İyunun 24-də Heydər Əliyev adına Hərbi Liseyin 23-cü buraxılışı münasibətilə Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəsi Fuad Nəcəflinin iştirakı ilə keçirilən tədbirdə də vurğulandığı kimi, Vətən müharibəsində bu liseyin də məzunları böyük qəhrəmanlıq və şücaət göstərib, bacarıqlı komandirlər kimi ən çətin döyüş tapşırıqlarını yerinə yetirib, Azərbaycanın zəfər salnaməsinə öz adlarını qızıl hərflərlə yazdırıb, şəhid, qazi olublar. Qeyd olunub ki, Naxçıvandan Şuşayadək zəfər yolu keçən hərbçilərimizin, eləcə də bütün ordu birliklərimizin istifadə etdiyi peşəkar döyüş taktikası dünya hərb tarixində yenilik kimi bu gün qabaqcıl ali hərbi məktəblərdə öyrənilir. Ölkə başçısı torpaqlarımızın işğaldan azad olunmasında, Böyük Qələbənin qazanılmasında naxçıvanlı hərbi qulluqçuların, Əlahiddə Ümumqoşun Ordunun rolunu xüsusi qiymətləndirərək deyib: “İkinci Qarabağ müharibəsində Naxçıvan ordusunun hərbçiləri – həm xüsusi təyinatlılar, həm digər birləşmələrin hərbçiləri fəal iştirak etmişlər və şəhidlər vermişlər, böyük fədakarlıq göstərmişlər. Bilirsiniz ki, Naxçıvandan Bakıya xüsusi qruplar gətirilmişdi. Eyni zamanda mən onu da bildirməliyəm, yəni artıq bildirə bilərəm ki, Naxçıvan ordusunda olan silahların, sursatların bir hissəsi də Bakıya gətirilmişdir və cəbhə bölgəsinə göndərilmişdir. İndi biz həmin o silah-sursatların ehtiyatlarını təmin edirik, ancaq bu da olub. Ona görə Naxçıvan Muxtar Respublikasının həm respublikanın hüdudlarının müdafiə edilməsində, ümumiyyətlə, ölkəmizin ordu potensialının güclənməsində çox böyük rolu var və hər zaman Naxçıvan lazımi dərəcədə müdafiə olunacaqdır”.
    Bu gün Azərbaycan Ordusunun yaradılmasının 105-ci ildönümünü, bu ordunun milliləşdirilməsində, gücləndirilməsində, qüdrətlənməsində əvəzsiz xidmətləri olan Ümummilli Liderimiz Heydər Əliyevin 100 illik yubileyini böyük qürur hissi ilə, təntənəli şəkildə qeyd edirik. Əminliklə demək olar ki, Ali Baş Komandanın rəhbərliyi ilə xalqımıza tarixində ən böyük Qələbə hissini yaşadan Azərbaycan Silahlı Qüvvələri Ulu Öndərin siyasi irsinə sonsuz sədaqət göstərərək ölkəmizin müstəqilliyinin, ərazi bütövlüyünün qorunmasında daim misilsiz töhfələr verəcəkdir. Ölkə Prezidenti cənab İlham Əliyevin 2023-cü il mayın 10-da Şuşadan xalqımıza tarixi müraciətində dediyi kimi: “...Azərbaycan Ordusu dünyanın ən güclü ordularının sırasındadır – həm təchizat, həm döyüş qabiliyyəti nöqteyi-nəzərdən. Bizim ordumuz döyüşüb, bizim ordumuz öz gücünü paradda yox, döyüş meydanında göstərib...Bu gün Ulu Öndərin əziz xatirəsinə hörmət edərək biz, bax bu Zəfərə, bu Qələbəyə hər zaman layiq olmalıyıq, hər birimiz, hər bir yerdə. Bu Zəfər, eyni zamanda hər birimizin üzərinə əlavə məsuliyyət qoyur. Biz bu Zəfərə layiq olmalıyıq. Əminəm ki, belə də olacaq...”

 Nail ƏSGƏROV

Nəşr edilib : 25.06.2023 18:45