AZ EN RU

Vətənimiz, milli dövlətçiliyimiz naminə birliyimiz sarsılmazdır

    Tarix sübut etmişdir ki, xalq öz milli ruhunu, mənəvi dəyərlərini, əxlaqi keyfiyyətlərini qoruyub yaşadanda, inkişaf etdirib gələcək nəsillərə çatdıranda böyük və qüdrətli olur. Qədim dövlətçilik tarixinə malik olan Azərbaycan xalqı da hər zaman milli dəyərlərinə sadiq qalaraq bu dəyərləri əsrlərlə yaşatmış və inkişaf etdirmişdir. Milli dəyərlərimizin Azərbaycan xalqının formalaşmasına təsiri böyük olduğu kimi, milli dövlətçiliyimizin möhkəmləndirilməsində də xüsusi rolu vardır. Milli-mənəvi dəyərlərdən danışarkən xüsusi vurğu ilə qeyd olunmalıdır ki, bizim misilsiz mənəvi irsimiz olan Heydər Əliyev şəxsiyyəti bu anlayışla ayrılmaz surətdə bağlıdır. 

    Milli dəyərlərimizin qorunması və inkişafı yaxın keçmişimizdə məhz ulu öndərimizin adı ilə bağlıdır. Ümummilli liderimizin siyasi fəaliyyətinin 1969-1982-ci illərini öyrəndikcə görürük ki, ulu öndər dilimizə, dinimizə, tariximizə, mədəniyyətimizə, musiqimizə, ədəbiyyatımıza məhz dövlətçilik mənafeləri baxımından yanaşmışdır. Onun məqsəd və məramı Azərbaycanı iqtisadi cəhətdən inkişaf etdirməklə, xalqın milli dirçəlişi, milli şüurunun oyanışı ilə müstəqil dövlətimizi yaratmaq olmuşdur.
    Ulu öndərimiz sovet dövründə olduğu kimi, Azərbaycanın müstəqilliyi illərində də milli dəyərlərimizə sahib çıxmışdır. O, milli ruhu qorumağın, inkişaf etdirməyin və yeni nəsillərə çatdırmağın ən yüksək formasını milli dövlətçilikdə görürdü. Bu gün milli dəyərlərimiz elliklə, bütün xalq tərəfindən dövlətin öz himayəsi altında qorunur və daha da inkişaf etdirilir. Dövlətçiliklə milliliyin birləşməsi bütün xalqların ən böyük arzusu və idealı olmuşdur. Bu gün biz müstəqil dövlətimizdə milli birlik dövrümüzü yaşayırıq ki, bunun da əsası ulu öndər Heydər Əliyev tərəfindən qoyulmuşdur. Milli birliyimizin gücü Vətən müharibəsində tarixi Zəfərimizin qazanılmasında özünü bir daha göstərdi.
    Görkəmli dövlət xadimi deyirdi ki, milli dövlət bir tərəfdən ərazinin və iqtisadi sərvətlərin qorunmasına xidmət edirsə, digər tərəfdən də milli dəyərlərin yaşadılması, təbliği və müstəqil inkişafının təmin olunması məqsədi daşıyır. Mənsub olduğu xalqın tarixi keçmişinə, mədəni irsinə və milli dəyərlər sisteminə sönməz məhəbbət duyğuları ilə yanaşan ulu öndər deyirdi: “Bizim hamımızı birləşdirən, həmrəy edən Azərbaycançılıq ideyasıdır. Azərbaycançılıq öz milli mənsubiyyətini, milli-mənəvi dəyərlərini qoruyub saxlamaq, eyni zamanda onların ümumbəşəri dəyərlərlə sintezindən, inteqrasiyasından bəhrələnmək və hər bir insanın inkişafının təmin olunması deməkdir”.
    Azərbaycan tarixən müxtəlif xalqların və dinlərin nümayəndələrinin sülh və dostluq şəraitində yaşadığı məkan olub. Ona görə də bu gün sürətlə inkişaf edən, Şərqlə Qərb dəyərlərinin uğurlu sintezini nümayiş etdirməklə yeni nəsil dünya ölkələri sırasında bənzərsiz tolerantlıq və multikulturalizm örnəyini ortaya qoyan Azərbaycan dünyada humanizm prinsiplərinə sadiq ölkə kimi də tanınır. Hətta əsrlərboyu tarixi ərazilərimizə göz dikən, 30 il əzəli Qarabağ torpaqlarını işğal altında saxlayan monoetnik Ermənistana 44 günlük Vətən müharibəsindən sonra çoxmillətli Azərbaycanın sülh əlini uzatması buna ən bariz nümunədir. Prezident cənab İlham Əliyevin dediyi kimi: “Azərbaycan müstəqil dünyəvi dövlətdir. Konstitusiyaya görə din dövlətdən ayrıdır, ancaq din və dövlət həmişə birdir, bir yerdədir. Belə də olmalıdır. Çünki bizim amalımız da, istəyimiz də birdir. Biz istəyirik ki, Azərbaycan daha da güclü dövlətə çevrilsin, insanlar daha da yaxşı yaşasınlar, Azərbaycanın beynəlxalq mövqeləri daha da möhkəmlənsin... və uzunmüddətli inkişafımız uğurlu olsun”.
    Dahi şəxsiyyət Heydər Əliyev milli-mənəvi dəyərlərimizin öyrənilməsini, qorunub saxlanmasını və inkişaf etdirilməsini əsas vəzifələrdən biri kimi irəli sürürdü. Bunlarsız millət yoxdur. Bunları qoruyub saxlamış xalq isə həmişə müstəqillik yolu ilə getmək, müstəqilliyini qorumaq əzmindədir. “Hər bir azərbaycanlı öz milli mənsubiyyətinə görə qürur hissi keçirməlidir və biz Azərbaycançılığı – Azərbaycan dilini, mədəniyyətini, milli-mənəvi dəyərlərini, adət-ənənələrini yaşatmalıyıq”, – deyən ulu öndər Azərbaycançılığı milli ideologiya kimi irəli sürür, mədəniyyətimizi, mənəvi dəyərləri təkcə milli varlığımızın yox, həm də siyasi varlığımızın – dövlət quruculuğu prosesinin mühüm atributu kimi dəyərləndirirdi. Xalqın tarixi keçmişinə, mədəni irsinə və mənəvi dəyərlər sisteminə ehtiramla yanaşan ulu öndər hələ ötən əsrin 70-ci illərində müdrik şəxsiyyət kimi yaxşı başa düşürdü ki, aydın və dərk olunmuş milli ideologiya hər bir xalqın irəliyə doğru inkişafının yolgöstərəni və bələdçisidir.
    Vətənpərvərliyə və dövlətçiliyə söykənən Azərbaycançılıq məhz ulu öndər Heydər Əliyevin Azərbaycanın müstəqilliyinin bərpası zamanı ölkəyə ikinci dəfə rəhbərliyə qayıdışından sonra milli bütövlüyümüzün təcəssümü olan milli ideologiya kimi formalaşdı, gerçəkləşdi və səfərbəredici fenomenə çevrildi. İndi demokratik, vətəndaş cəmiyyəti və hüquqi dövlət quruculuğu yolu ilə gedən Azərbaycan və bütün azərbaycanlılar ulu öndərin layiqli siyasi varisi ölkə Prezidenti cənab İlham Əliyevin ətrafında birləşərək milli Azərbaycançılıq və vətənpərvərliyin vəhdəti şəraitində müstəqilliyini daha da möhkəmləndirir.
    Hər bir Azərbaycan vətəndaşı yaxşı bilir ki, Dövlət bayrağı millətin, müstəqil dövlətin müqəddəs rəmzi, xalqın mənəvi pasportu, milli mənliyi və qürur mənbəyidir. 2020-ci il sentyabrın 27-də Azərbaycan Ordusu tərəfindən doğma Qarabağda aparılan əks-hücum əməliyyatları dövründə vətəndaşlarımızda bayraq sevgisi, işğaldan azad olunan Vətən torpaqlarında müqəddəs üçrəngli bayrağımızın qaldırılması halları əsl vətənpərvərlik nümunəsi kimi qəlbimizi fərəh hissi ilə doldurur. Nə xoşbəxtik ki, 44 günlük Vətən müharibəsi dövründə Azərbaycanda üçrəngli milli bayrağımıza, həmçinin qardaş Türkiyənin Dövlət bayrağına ümummilli sevginin şahidi olduq. Ölkənin işğaldan azad olunan yaşayış məntəqələri haqqında Ali Baş Komandanın xalqa müraciəti zamanı verdiyi müjdələri eşidən vətəndaşlarımız əllərində bayraqlarla yürüşlərə çıxdılar. Şəhər və kəndlərimiz üçrəngli bayraqlarla bəzədildi. İftixar etməli haldır ki, xalqımızda bayrağa sevginin, məhəbbətin formalaşmasında ölkənin hər yerində, eləcə də muxtar respublikamızda Dövlət bayrağı meydanlarının yaradılması mühüm rol oynamış, vətəndaşlarımızda vətənpərvərlik duyğularının formalaşmasına güclü təkan vermişdir.
    Ümummilli liderimizin siyasi varisi kimi Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev milli dəyərlərə dövlət səviyyəsində çox böyük diqqət və qayğı göstərir. Hər bir məsələdə ulu öndərin ideyalarını meyar kimi görən ölkə başçısının milli dəyərlərin qorunması, inkişaf etdirilərək gələcək nəsillərə çatdırılması ilə bağlı siyasəti də bu baxımdan çağdaş dövrün reallıqları ilə şərtlənir. Bu gün dövlət milli dəyərlərimizin qarantına çevrilmişdir. Ölkə başçısı xalqımızın milli dəyərlərinin təbliğinə, gənclərimizin bu ruhda tərbiyə olunmasına ciddi diqqət yetirir. 
    Ulu öndərimizin milli dəyərlərin yaşadılması istiqamətindəki siyasi fəaliyyəti hər zaman aktualdır və bu siyasət Azərbaycan dövlətçiliyinin ən ümdə vəzifələrindən biridir. Bu siyasət Azərbaycanın ayrılmaz tərkib hissəsi olan Naxçıvan Muxtar Respublikasında da uğurla davam etdirilir. Azərbaycanın siyasi-iqtisadi və sosial inkişafına öz layiqli töhfələrini vermiş muxtar respublikamızda milli dəyərlərə böyük diqqət, qayğı və hörmət göstərilir. Milli dəyərlərimizin, milli tariximizin, ədəbiyyatımızın, mədəniyyətimizin və incəsənətimizin, adət-ənənələrimizin qorunması, zənginləşdirilməsi həmişə diqqət mərkəzində olmuşdur. Milli dəyərlərə hörmət və ehtiramla yanaşma, bu dəyərlərin elmi baxımdan öyrənilməsi, təbliğ edilməsi istiqamətində aparılan məqsədyönlü siyasət böyük nailiyyətlərin qazanılmasına şərait yaratmışdır. Bu gün muxtar respublikamızda milli və mənəvi dəyərlərin qorunması istiqamətində həyata keçirilən tədbirlər xalqımızın bu dəyərlərə sadiqliyinin, ulu öndərin müqəddəs irsinə dərin hörmətin təzahürüdür. Bu il martın 29-da Naxçıvan Muxtar Respublikasında dini-mənəvi dəyərlər sahəsində görülən işlər və qarşıda duran vəzifələr barədə keçirilən müşavirədə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri cənab Vasif Talıbov demişdir: “Mənəvi dəyərlər güclü dövlətçilik, sülh və əmin-amanlıq olan yerdə formalaşır. O cəmiyyət sağlamdır ki, orada mənəvi dəyərlərə sahiblik vardır”.
    Bu gün dahi şəxsiyyət Heydər Əliyevin yaratdığı müasir Azərbaycan ümummilli liderimizin siyasi kursunun layiqli davamçısı Prezident cənab İlham Əliyevin rəhbərliyi ilə gələcəyə doğru inamla addımlayır. Ölkəmiz iqtisadi, siyasi, mədəni, sosial və digər sahələrdə böyük uğurlara imza atır. Azərbaycan mötəbər beynəlxalq tədbirlərə, idman yarışlarına, forumlara ev sahibliyi edir. Bütün regional layihələrin təşəbbüskarı və ya iştirakçısı olan Ölkəmiz Prezident cənab İlham Əliyevin həyata keçirdiyi strateji inkişaf kursunun uğurları sayəsində bu gün çağdaş tarixinin intibah mərhələsinə qədəm qoymuş müstəqil dövlətimiz iqtisadi inkişaf potensialına görə lider ölkəyə çevrilmişdir. 
    30 ilə yaxın müharibə şəraitində olmuş Azərbaycan bu gün tarixin ən möhtəşəm dövrünü yaşayır. İşğaldan azad edilmiş torpaqlarımızda bərpa və quruculuq işləri həyata keçirilir, Böyük qayıdışın tezləşdirilməsi üçün zəruri addımlar atılır. Zəfərimiz milli qürurumuzu, kimliyimizi özümüzə qaytarmaqla bizi sabaha daha böyük inamla addımlamağa, başımızı uca tutmağa səslədi. “Dəmir yumruq” dosta qürur, düşmənə gözdağı oldu. Beləliklə, Ali Baş Komandan cənab İlham Əliyev həm siyasi arenada, həm də döyüş meydanında zəfər qazanan, Azərbaycan torpaqlarını 30 il sürən işğaldan 44 günə azad edən, ərazi bütövlüyümüzü bərpa edən Böyük Sərkərdə kimi tarixə düşdü. Yeni tarix yazıldı, Azərbaycanda yeni mərhələ başladı, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyev Azərbaycanın Zəfər və qəhrəmanlıq simvoluna çevrildi. 

    Bu gün Azərbaycan gənci bu reallıqlar fonunda gələcəyə daha böyük inamla addımlayır. Bu dəyərlərin içərisində ən ümdəsi Vətən və əsrlər boyu formalaşmış, qarşılıqlı hörmət və etimada əsaslanan milli və mənəvi dəyərlərdir. Məhz bu mənəvi dəyərlər bizim Vətənimiz və milli dövlətçiliyimiz naminə birliyimizi möhkəmləndirir və gələcəyə gedən yolumuza işıq tutur. 

Qızıltac ŞAHBAZOVA
Naxçıvan Müəllimlər İnstitutunun dosenti, 
Naxçıvan Muxtar Respublikasının Əməkdar müəllimi

Nəşr edilib : 02.09.2022 18:17