AZ EN RU

Vətənim demək azdır, Vətənin olmaq gərək Bir şəhid qızının dilindən

    Mən Vətən müharibəsi şəhidi Zülal Mədətlinin qızıyam. Adım Dənizdir. Qardaşım Rəhimlə mən atamızı hamıdan çox sevirdik. O da bizi sevirdi. Hər gün işdən evə qayıdanda bizə nə istəsək, alardı. Tez-tez şəhərə də aparardı bizi. Bir dəfə qış idi, biz şəhərə gedəndə bir yer var orada çoxlu insan gördüm və soruşdum ki, orada nə var, ora haradır? Atam dedi ki, qızım, ora Şəhidlər xiyabanıdı. Orada igid oğullar yatır. Onlar Vətənimizi qoruyanlardır. Düşmənə qalib gəliblər, özləri isə şəhid olublar.  Biz həmin gün Şəhidlər xiyabanını ziyarət etdik. Atam dedi ki, xoşbəxt insandırlar bu oğullardır ki ən yüksək zirvəyə yüksəliblər, bizə də qismət olar, inşallah. Atam elə deyəndə anam ağladı. Yaz gəldi, bahar şənliyinə də getdik, yayda atamla  daha çox vaxt keçirdik. Axı tətil idi. Sentyabr ayında mən ikinci sinfə getdim. Bir gün səhər məktəbə gedəndə gördüm ki, nənəm niyəsə ağlayır. Bir azdan atam gəldi. O hazırlaşıb tez də çıxıb getdi. O, gedəndə evdəki hər kəs ağlayırdı, amma atam gülə-gülə gedirdi, sevinirdi. Aradan bir neçə gün keçdi, hərdən zəng vurub bizimlə danışırdı. Sonra daha zəng gəlmədi. Nənəm həyətə gedir, atamın əkdiyi ağacları oxşayıb elə hey ağlayırdı. Babam xəbərlərə baxır, qələbə qazanırıq, – deyib sevinir, kədərini hamıdan gizlədirdi. Nənəmlə, anama təsəlli verir: “Qoçaq oğlandır, indi ermənin kökünü kəsir”, – deyirdi. Bir gecə kəndin bütün camaatı, qohumlar – hamı bizə yığıldı. Nənəm elə hey ağlayırdı. Hamı düşmənə qarğıyırdı. Səhəri gün həyətimizə bayraq gətirib asdılar, Azərbaycan bayrağı.  Bir neçə gün öncə qonşumuz Aqil əmigilin də qapısına asmışdılar. Səhəri gün Aqil əmini də gətirdilər, dedilər ki, şəhid olub Aqil. Bizim həyətə də bayraq asanda bildim ki, atam da bayrağa bürünüb  gələcək. Hamı ağlasa da, mən ağlamırdım, bilirdim ki, qəhrəmanlar bayrağa bükülür, onların qapısına bayraq asırlar. Atam demişdi axı şəhidlər xoşbəxtdir. O da xoşbəxt olmuşdu. Gözlərimi yumanda atamı görürdüm, o, yenə də gülürdü. Atam oktyabr ayının 19-da şəhid olmuşdu, 26-da bayrağa bükülüb evimizə “gəlmişdi”. Sonra həmin Şəhidlər xiyabanına getdik. Atamı dəfn etdilər. O qədər adam gəlmişdi ki, oraya. Onda bildim ki, atam niyə şəhidlər xoşbəxtdir, – deyirmiş. Atam artıq iki ildir ki, orada yatır. Mən hər gün gedirəm atamı görməyə, Rəhim də gəlir, başına atamın papağını qoyur. Mən atamın məzarındakı rəsmini silirəm. Bizim təzə evimiz də var, onu atam qəhrəmanlıq etdiyinə görə veriblər bizə. Eyvanından baxanda atamın yatdığı yeri görürəm. Hər səhər yuxudan oyananda və gecələr yatanda atamın yatdığı yerə baxıram. Atama müharibədə göstərdiyi igidliyə görə beş medal, bir də orden verib cənab Prezident. Evimizdə atama muzey düzəltmişik. O muzeydə atamın hərbi forması, saatı, şəkilləri və medalları var. Mən atamla fəxr edirəm. Şəhid atamla, qəhrəman atamla. Onun dostları var, onlardan çoxu qazi olub. Biri gözlərini, biri qolunu, ayağını itirib. Onlar bizə tez-tez gəlirlər, atamın qəhrəmanlığından danışır komandiri Təbriz əmi. Böyüyüm atam haqqında kitab da yazacam. Ömrüm boyunca onunla fəxr edəcəyəm.    
    Neçə sevgiləri, neçə toyları, neçə sevincləri  yarımçıq qoyur müharibələr. Ancaq müharibələrin sonunda qələbə olanda insanları o qədər yandırmır. Çünki bilirlər ki, o qanlar, o canlar hədər yerə qurban getməyiblər. Onlar Vətən üçün canlarından keçdilər, övladlarını  isə Vətənə əmanət etdilər. Gün gələcək onlar böyüyəcək, azad, bütöv, qalib  Azərbaycanın, igid oğulların övladları olduqları üçün qürur duyacaqlar.

 Ramiyyə ƏKBƏROVA 

Nəşr edilib : 12.01.2023 21:16