AZ EN RU

Vətənə, yurda sevgi aşılayan, turizmə maraq yaradan məkan...

    Rəvayətə görə, tanınmış rus yazıçı və pedaqoqu Anton Makarenkonun yanına tərbiyə keçməsi üçün körpə bir uşaq gətirirlər. Görkəmli pedaqoq uşağın 6 aylıq olduğunu biləndə, “artıq gecdir” söyləyir. Antik dövrdən bu günə kimi təməlin önəmli olduğunu aşılayan, isbat edən onlarla belə həyat hadisəsini, dünyagörmüş insanların, aqillərin təsdiqini tapan fikir və mülahizələrini qeyd etmək mümkündür. İllərin təcrübəsi göstərir ki, uşağın erkən yaşdan yaradıcı fəaliyyətə cəlbi vacibdir və belə olan halda daha effektiv nəticə əldə edilir. Tanınmış sənət və peşə sahiblərinin keçdiyi uğurlu yola nəzər salanda da uşaqlıq illərində qazanılan bilik və bacarığın necə önəmli olduğu ortaya çıxır...

    Uşaq və yeniyetmələrin zərərli vərdişlərdən uzaq, yüksək qabiliyyətə malik yaradıcı gənclər kimi yetişməsində muxtar respublikamızda fəaliyyət göstərən məktəbdənkənar müəssisələrin rolu böyükdür. Məktəblilərə təbiəti sevdirən, yurda məhəbbət hissləri aşılayan, onlara turizmin anlayışlarını öyrədərək bu sahə üzrə geniş nəzəri bilik və praktik təcrübə aşılayan Naxçıvan Muxtar Respublikası Turist Diyarşünaslıq Mərkəzi barədədir budəfəki söhbətimiz. Əvvəlcə mərkəz haqqında qısaca məlumat verək: – 1973-cü ildə Naxçıvan şəhərində Gənc Turistlər Stansiyası kimi 7 əməkdaşla yaradılan müəssisə 2005-ci ildən Turist Diyarşünaslıq Mərkəzi adı ilə fəaliyyətini davam etdirir. 2020-ci ilin sentyabr ayında Atatürk küçəsindəki 5 mərtəbəli binanın 4-cü mərtəbəsinə köçürülən Turist Diyarşünaslıq Mərkəzində yaradılan 22 adda dərnəyə 1360 məktəbli cəlb olunub. Mərkəzdə təşkil olunan məşğələlərdə əsas məqsəd uşaqların asudə vaxtlarını maraqlı, əyləncəli keçirmələrini təmin etmək, gənc nəslə doğma diyarı, turizmi sevdirmək və vətənpərvərlik hissləri aşılamaq, onları tarixi keçmişimizlə, müasir inkişaf parametrləri, turizm potensialı ilə tanış etməkdən ibarətdir.

    Mərkəzin direktoru Sevda Məmmədova deyir ki, məşğələlərdə məktəblilər təbiətin möcüzələrlə dolu sirli-sehrli aləminə yaxından bələd olur, qarşılaşdıqları mənzərələr, hadisələr barədə bir-biri ilə fikir mübadiləsi aparmaqla təbiətin sonsuz rəngarəngliyinin, ətraf aləmdə baş verənlərin mahiyyətini dərindən dərk etməyə çalışırlar. Ayrı-ayrı müəssisələrə səyahətlər, təbiət qoynunda keçirilən səyyar görüşlər zamanı uşaqlara ölkəmizin, eləcə də Naxçıvanın tarixi, mədəniyyəti, müasir inkişafı, iqtisadiyyatı, turizm potensialı ilə bağlı ətraflı məlumatlar verilir ki, bunu da bir növ ölkəmizin sabahına, eləcə də şagirdlərin gələcək həyatlarına, turizm sahəsi üzrə kadr cəlbinə bir yatırım kimi də dəyərləndirmək olar. Məşğələlər vasitəsilə uşaqlar bizi yaşadan, sağlamlığımızın keşiyində duran, qayğı göstərən ana təbiətin, eləcə də yaşadığımız torpağın, yurdun, maddi mədəniyyət nümunələrinin qədir-qiymətini dərindən dərk edirlər. Tədbirlər zamanı balacalara doğma diyarımızın təbiətini daha dərindən öyrənmək, sevmək, qorumaq, onun təbii sərvətlərindən daha qənaətcilliklə, səmərəli şəkildə istifadə etmək kimi keyfiyyətlər aşılanır. Bundan başqa, mərkəzdə tarixi keçmişimizlə bağlı yer alan vəsaitlər, məntiqi düşüncəni artıran kitablar və bədii ədəbiyyatlar məktəblilər tərəfindən mütaliə olunur. Əsərlərdəki həyat hekayələri, hadisələrlə bağlı aparılan müzakirələr, diskussiyalar uşaqların erkən yaşlardan dünyagörüşünün və mütaliə vərdişlərinin formalaşmasına, fikir yürütmək, nəticə çıxarmaq kimi həyat üçün önəmli olan xüsusiyyətlərin inkişafına köməklik edir. Sevindirici haldır ki, dərnək üzvləri məşğələlərə, ekskursiyalara böyük həvəs və maraq göstərir, gəzintilər zamanı tanış olduqları abidələrin maketlərini hazır­layırlar. Bunun üçün mərkəzdə ayrıca otaq da yaradılıb və orada tariximiz, milli kimliyimiz, xüsusilə də Vətən müharibəsində qazanılan Zəfərlə bağlı uşaqların əl işlərindən ibarət sərgi nümayiş etdirilir.

    Yeniliklərlə dolu dəyişən, inkişaf edən proseslərə uyğun olaraq son iki tədris ilində mərkəz tərəfindən 15-dən artıq yeni dərnək yaradılıb. Həmin dərnəklərin xarakterik xüsusiyyətlərini ayrı-ayrılıqda təhlil etdikdə onların gələcəyin turizmçisi kimi yetişmək istəyən uşaqlar üçün nə dərəcədə önəmli olduğu ortaya çıxır.
    Deyirlər, təbiət eynən ana kimidir. Yedirdir, içirdir, geyindirir, amma heç zaman bundan yorulmur. Bu mənada, hər birimiz dərindən düşünməliyik ki, bizə qayğı ilə yanaşan, nemətlərini əsirgəməyən təbiətdə yaşayan bütün canlıların elə özümüz kimi yaşamaq haqqı vardır. Axı bizim kimi onlar da ana təbiətin “övladlarıdır”. Bəzən bu amili çoxlarımız unudur, təbiətə etinasız münasibət göstəririk. Belə mənfi hallara yol verməyimiz həyatımızın ayrılmaz parçası sayılan ana təbiəti, onun önəmini dərindən dərk etməməkdən irəli gəlir. Mərkəzdə fəaliyyət göstərən “Eko­turizm” və “Geoturizm” dərnəklərinin əsas vəzifəsi də məhz şagirdləri vətənpərvərlik ruhunda tərbiyə etmək, onlara muxtar respublikanın təbii sərvətlərini qorumaq, mühafizə etmək, təbiətdən düzgün faydalanmaq kimi insani keyfiyyətləri düzgün şəkildə aşılamaq, zərərli vərdişlərdən uzaqlaşdırmaqdır. Təbiət qoynunda keçirilən məşğələlərdə şagirdlər doğma diyarımızın coğrafi mövqeyi, bitki örtüyü, heyvanlar aləmi, iqlimi, faydalı qazıntıları, mineral suları, bir sözlə, yeraltı və yerüstü təbii sərvətləri barədə geniş məlumatlandırılır, onlara turizmin bu növləri üzrə praktik biliklər verilir. Şagirdlər ətraf mühitə qarşı həssaslığın, canlıların qayğısına qalmağın əhəmiyyətini öyrənməklə gələcəkdə turist zonalarına səyahət etdikdə nələrə diqqət yetirməli olduqlarını bilirlər.
    “Tarixi-memarlıq” dərnəyi, adından da göründüyü kimi, bütün yönləri ilə olduqca əhəmiyyətlidir. Məşğələ müddətində Azərbaycanın qədim, orta əsr və yeni dövr memarlıq ənənələri, məktəb yaratmış görkəmli memarları haqqında şagirdlərə ətraflı məlumatlar verilir. Naxçıvan memarlıq məktəbinə məxsus abidələr memarlıq xüsusiyyətləri, heykəltəraşlıq sənətinin inkişaf tarixi baxımından şərh edilir, onların qorunub ilkin variantında gələcək nəsillərə ötürülməsinin vacibliyi aşılanır. Diyarşünaslıq və incəsənəti üzvi surətdə əks etdirən məşğələlər vasitəsilə şagirdlər bu sahələr üzrə zəngin bilik və bacarıqlara yiyələnir, onlarda milli, beynəlmiləl dəyərlərə maraq, hörmət hissi yaranır, insan cəmiyyətinin mədəni təşəkkülü haqqında dolğun təsəvvürlər formalaşır. Müxtəlif dövrlərdə mövcud olan memarlıq cərəyanları, onların tərkib hissələri və özünəməxsus xüsusiyyətləri məktəblilərə izah olunur. Mərkəzdə muxtar respublikamızda mövcud olan tarixi abidələrin bərpadan əvvəl və sonrakı fotoları da vardır ki, bunun köməkliyi ilə şagirdlər memarlıq elementlərini, ornamentləri, tikililərdə öz əksini tapan sənət sahələrinin incəliklərini daha dərindən öyrənə bilir, bütün bunların əsasında abidələrin maketlərini hazır­layırlar.
    “Duz üzərində sənət” dərnəyində sənət növünün xüsusiyyətləri şagirdlərə aşılanır, incəsənət üzrə mövcud qabiliyyətlər bu yöndə inkişaf etdirilir. Məktəblilər duz üzərində işləməyin müxtəlif üsullarını mənimsəməklə həm də əmək mədəniyyətinə yiyələnirlər . “İdman turizmi” dərnəyi məktəblilərin idman növlərinə maraq göstərməsinə həm zehni, həm də fiziki cəhətdən sağlam formalaşmalarına təsir göstərir. Məşğələlərdə şagirdlər müxtəlif oyun növləri ilə tanış olur, onları nəzəri cəhətdən öyrənərək praktikada düzgün tətbiq etməyə çalışırlar. Dərnək üzvləri arasında mütəmadi olaraq keçirilən yarışlar sağlam rəqabət hissi yaradır ki, bu da şagirdin ünsiyyətcilliyini, çevikliyini, dərhal qərar vermək bacarığını artırmaqla zehni inkişafını şərtləndirir. Yeni yaradılan, turizm sahəsi üzrə xüsusi önəm daşıyan rus və ingilis dili dərnəkləri isə məktəblilərin dil öyrənmə bacarıqlarını inkişaf etdirməklə onların beynəlxalq aləmdə gedən inteqrasiya prosesləri ilə ayaqlaşmalarına imkanlar açır. Bu dərnəklər həm də məktəblilərin gələcəkdə muxtar respublikamızın turizm potensialını lazımi şəkildə təbliğ edərək diyarımıza xeyli sayda turist cəlbinə nail olmalarına şərait yaradır. 
    Göründüyü kimi, Naxçıvan Muxtar Respublikası Turist Diyarşünaslıq Mərkəzində son bir neçə tədris ilində uşaqlara tarixi keçmişimizi, milli-mənəvi dəyərlərimizi aşılamaqla yanaşı, onların dünyada gedən innovativ yeniliklərdən geri qalmaması, turizmin ayrı-ayrı növlərinin öyrədilməsi naminə yeni ideyalar üzrə məqsədli iş aparılır. Yaradılan dərnəklərin, keçirilən məşğələlərin hər birinin mahiyyətinə vardıqca uşaqların dərin biliklərə, zəngin təcrübəyə malik turizmçi gənclər kimi yetişəcəklərinə həm öz gələcəklərini, həm də ölkəmizin sabahını etibarlı təmin edəcəklərinə əminlik yaranır.

Nail ƏSGƏROV

Nəşr edilib : 16.08.2022 17:26