AZ EN RU

Vətənə xidmət, milli rifah və əmin-amanlıqla dolu xoş müjdəli sabahlar naminə...

Yeni ili yaraşıqlı avtomobildə, yeni mənzildə qarşılayanlar

    Milli ləyaqət rəmzinə, qürur mənbəyinə çevrilən 44 günlük Vətən müharibəsi...Yüzillərdir, erməni qəsbkarlarının heç bir sağlam əqidəyə söykənməyən torpaq iddiaları, işğalçılıq niyyətləri düz 30 il bundan əvvəl günahsız dinc əhaliyə tuşlandı, Azərbaycanın əzəli-əbədi yurd-yuvası olan Qarabağ faşist qüvvələr tərəfindən ələ keçirildi, tarixi torpaqları, təbii sərvətləri tar-mar edildi. Amma məğlubiyyəti özünə sığışdırmayan mübariz xalqın nəyi, nə zaman, harada və nə vaxt edəcəyini yaxşı bilən qalib Sərkərdənin ətrafında “Dəmir yumruq” kimi birləşməsi alnımıza yazılan bu qara ləkəni cəmi 44 gündə silib atdı, yerinə hələ dillərdə min illərboyu deyiləcək Zəfər tarixi yazıldı. 

    Rəşadətli ordumuzun əks-hücum əməliyyatı ilə başlayan bu azadlıq mücadiləsində üç mindən çox şəhidimiz oldu, yüzlərlə igidimiz qazi adı qazandı. Nə verdiyimiz böyük itkilər, nə də düşmənin Gəncədə, Bərdədə, Tərtərdə yaratdığı böyük təxribatlar xalqımızı sındıra bildi. Bu gün Azərbaycan xalqı, qüdrətli Azərbaycan dövləti şəhidlərini, qazilərini unutmur, unutdurmur. Onların rifahı, sağlamlığı üçün əlindən gələni edir, şəhid ailələri və qazilərimizin maddi rifahı yaxşılaşdırılır, onlara yeni mənzillər, avtomobillər verilir. Bunların hər biri xalq-dövlət-ordu birliyinin ən gözəl nəticəsi olmaqla bərabər həm də Vətənə xidmət, milli rifah və əmin-amanlıqla dolu xoş müjdəli sabahlar naminə atılan məqsədyönlü addımların daha bir ifadəsidir. Elə yeni ili yeni mənzildə,  yaraşıqlı avtomobildə qarşılayan qəhrəmanlarımız kimi...
    Xəbər verdiyimiz kimi,  Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il bayramı ərəfəsində Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəsi Fuad Nəcəfli şəhid ailəsi və qazilərlə görüşüb, İkinci Qarabağ müharibəsi şəhidinin ailəsinə, 5 qaziyə yeni mənzil, 11 qaziyə və Çernobıl Atom Elektrik Stansiyasında baş vermiş qəzanın aradan qaldırılması zamanı sağlamlıq imkanlarını qismən itirmiş 1 nəfərə avtomobillər təqdim olunub. Şəhid ailəsinə və qazilərə verilən 2 və 3 otaqlı mənzillər Kəngərli rayonunun Qıvraq qəsəbəsində, Culfa və Naxçıvan şəhərlərindəki yaşayış binalarında yerləşir. Tam təmir edilən mənzillər mebel dəstləri ilə təmin olunub, lazımi kommunal şərait yaradılıb. Biz də fürsətdən istifadə edərək mənzil və avtomobillərlə təmin edilmiş qazilərimizlə, şəhid ailəsi ilə həmsöhbət olduq, onların təəssüratlarını öyrəndik.

    İlk həmsöhbətimiz böyük Vətən müharibəsi iştirakçısı, baş leytenant Ziya Quliyev oldu. Döyüş yolu Tərtər-Ağdərə istiqamətindən keçən, ölkə başçısının müvafiq Sərəncamı ilə “Cəsur döyüşçü” medalı ilə təltif olunan qazimiz deyir ki, Vətən müharibəsi bir xalq kimi bizim gücümüzü göstərdi, Azərbaycanın bir dövlət kimi potensialını nümayiş etdirdi. Bu müharibədə Azərbaycan xalqı da, dövləti də Qarabağın işğaldan azad olunması ilə bağlı var qüvvəsini ortaya qoydu. Əsgər və zabitlərimiz döyüş tapşırıqlarını şərəflə yerinə yetirdi, strateji yüksəklikləri alaraq daha əlverişli mövqelərə sahib oldu. Bütün dünya gördü ki, 30 il ərzində Ermənistan rəhbərliyi “güclü ordusu” haqqında uydurmalar ortalığa atanda, “yenilməz Ermənistan ordusu” barədə saxta miflər yaradanda Azərbaycanda dünya standartlarına uyğun ordu formalaşdırılıb. Bu ordu gücünü döyüş meydanında göstərdi. Baxmayaraq ki, biz 30 il səbirlə gözləmişdik. Bu müddət ərzində göstərdiyimiz böyük təmkin cəmi 44 gündə öz yerini tapdı, tarixi torpaqlarımız azadlığa qovuşdu. Bu gün Vətənimiz qazilərini, şəhidlərini unutmur. Dövlətimiz tərəfindən bizə böyük diqqət və qayğı göstərilir. Yeni ildə mənə, eləcə də digər qazi yoldaşlarıma hədiyyə edilən rahat mənzillər, yeni avtomobillər bunu bir daha sübut edir. Göstərilən diqqətə görə dövlətimizə minnətdarlıq edir, xalqımıza, ordumuza əmin-amanlıq, firavanlıq arzulayıram. 
    3-cü dərəcəli “Rəşadət” ordeni ilə təltif olunmuş, Vətən müharibəsində şücaət göstərmiş bir digər qazimiz, baş leytenat Əsgər Zeynalov da yeni avtomobillə təmin olunub. Qazimiz öz təəssüratlarını belə ifadə edir: “Tarixi torpaqlarımızı 30 ildir, işğal altında saxlayan Ermənistanın hərbi təxribatları bitib-tükənmək bilmədiyi üçün Azərbaycan Ordusu əks-hücum əməliyyatına başlamağa məcbur qaldı. Azərbaycan xalqı öz Prezidentinin ətrafında sıx birləşməklə bütün dünyaya sübut etdi ki, Qarabağ millətimizin milli ləyaqət rəmzidir və Azərbaycan xalqı 30 ildə bir an da olsun Qarabağ arzusundan bir addım geri çəkilməyib. Prezident cənab İlham Əliyevin həyata keçirdiyi quruculuq prosesi ona gətirib çıxardı ki, xalq-Prezident-ordu birliyi qalib gəldi, düşmən torpaqlarımızdan qovuldu. Bu gün həmin torpaqlarda azan səsi ucalır, üçrəngli bayrağımız dalğalanır, yeni obyektlərin açılışı olur, hava limanları, yaşayış binaları istifadəyə verilir, bir sözlə, erməni daşnakları əlində çapılıb talanmış məmləkətimizdə abadlıq işləri hökm sürür. Mən bu amal uğrunda qazi adını qazanmış bir Azərbaycan vətəndaşı kimi xalqımızın qüdrətini dirçəldən Ali Baş Komandana və onun qüdrətli ordusuna minnətdarlıq edirəm. Yaşasın, var olsun Azərbaycan dövləti!”
    Digər müsahibimiz Ruslan Nəcəfov Şərur rayonunun Şəhriyar kəndində anadan olub. 2020-ci ilin sentyabr ayında kəşfiyyatçı – radioteleqrafçı kimi Vətən müharibəsinə yollanıb. Şuşa şəhəri istiqamətində gedən döyüşlərdə sağlamlığını itirib. Ali Baş Komandanın müvafiq sərəncamları ilə “Xocavəndin azad olunmasına görə”, “Şuşanın azad olunmasına görə”, “Cəsur döyüşçü” və “Vətən müharibəsi iştirakçısı” medalları ilə təltif edilib. Onunla həmsöhbət olduğumuzda bildirdi ki, ölkəmizdə Vətən uğrunda döyüşən, onun azadlığı üçün sağlamlığından keçən insanlara qayğı ilə yanaşılır. Naxçıvan Muxtar Respublikasında da həmin döyüşlərdə iştirak edən və fiziki imkanlarını itirən  şəxslərin mənzil-məişət şəraitinin yaxşılaşdırılması, sağlamlıqlarının qorunması, onların minik avtomobilləri və texniki-bərpa vasitələri ilə təmin edilməsi, təhsil almaları, məşğulluq imkanlarının yüksəldilməsi, istedad və bacarıqlarının inkişaf etdirilməsi, habelə asudə vaxtlarının səmərəli təşkili üçün hərtərəfli şərait yaradılıb. Dövlətimizin xüsusi diqqəti ilə mən də avtomobillə təmin olunmuşam. Vətən savaşında öz canı-qanı bahasına yurdumuzu, torpaqlarımızın azadlığını qoruyan bütün müharibə iştirakçıları adından dövlətimizə minnətdarlığımı bildirirəm. 
    Həmsöhbətimiz Kəngərli rayon Qarabağlar kənd sakini Məhəmmədəli Hüseynzadə II Qarabağ müharibəsində fəal iştirak etmiş, Füzuli və Xocavənd rayonlarının alınmasında  cəsarətlə döyüşmüşdür. Şuşa istiqamətində həyata keçirilən hərbi tapşırıqlar zamanı yaralanan döyüşçümüz müharibədən sonra ölkə başçısının müvafiq sərəncamlarına əsasən “Cəsur döyüşçü”, “Xocavəndin azad olunmasına görə“, “Füzulinin azad olunmasına görə” və “Vətən müharibəsi iştirakçısı” medalları ilə təltif olunmuşdur. Qarabağ uğrunda gedən döyüşlərdəki günlərini qürurla xatırlayan qazimiz deyir: “Müharibədə iştirak etmək mən və döyüş yoldaşlarım üçün böyük qürur, fərəh idi. Ağır müharibə günlərində də, müharibədən sonra da Ali Baş Komandanımızın dəstəyini daim üzərimizdə hiss edirik. Müxtəlif medallarla təltif olunmağımız, mənzil-məişət şəraitimizin yaxşılaşdırılması, bir sözlə, istənilən mənada, qazi və şəhid ailələrinə xüsusi üstünlük verilməsi bizi çox sevindirir. Yeni il və Həmrəylik Günü ərəfəsində Naxçıvan Muxtar Respublikasında şəhid ailəsi və qazilərinin bir qismi ilə görüş oldu. Tədbirdə bizə mənzil və avtomobillərin təqdim edilməsi dövlətimiz tərəfindən göstərilən diqqətin bir nümunəsi idi”.

    Avtomobillə təmin olunan Babək rayonunun Yuxarı Buzqov kənd sakini kapitan qazimiz Gündüz Əhmədov da Vətən müharibəsində şücaət göstərmiş qəhrəmanlarımızdandır. Müsahibimiz deyir ki, Vətən müharibəsi başlandığı bir gündən döyüşlərə qatılmışam. Talış kəndinin və Suqovuşan qəsəbəsinin azad olunmasında döyüş əməliyyatlarında iştirak edib, yaralanmışam. Qürur duyuram ki, qüdrətli ordumuz Vətən müharibəsində şanlı tarix yazdı. Müharibədə iştirak edən soydaşlarımızın qəhrəmanlığı, mübarizliyi yüksək qiymətlədirilir, dövlətimiz tərəfindən müharibə iştirakçılarına böyük diqqət və qayğı göstərilir. Mən də cənab Prezidentimizin müvafiq sərəncamları ilə “Suqovuşanın azad olunmasına görə”, “Döyüşdə fərqlənmə”, “Qüsursuz xidmətə görə”, “Vətən müharibəsi iştirakçısı” medalları ilə təltif edilmişəm. Yeni il ərəfəsində isə ölkə başçımızın diqqəti ilə avtomobillə təmin olundum. Göstərilən qayğıya görə Ali Baş Komandana minnətdarlığımı bildirirəm. 

    Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il bayramı ərəfəsində Culfa şəhərində üçotaqlı mənzillə təmin olunan Vətən müharibəsi iştirakçısı baş leytenant Ümman Məmmədov da öz sevincini bizimlə bölüşdü: “2020-ci il sentyabrın 27-də erməni faşist işğalçıları Azərbaycana qarşı torpaq iddiaları ilə təxribat xarakterli hücum əməliyyatı keçirəndə rəşadətli Azərbaycan Ordusu düşmənin bu cəhdinin qarşısını mərdliklə aldı. Azərbaycan Silahlı Qüvvələrinin Ali Baş Komandanı cənab İlham Əliyevin əmri ilə Azərbaycan Ordusu əks-hücum əməliyyatları keçirərək düşmənə layiqli cavab verdi. Vətənimizin mərd, igid, vətənpərvər övladları silaha sarılaraq sərhədlərimizin bərpa olunması, torpaqlarımızın azad edilməsi uğrunda mərdlik, qəhrəmanlıq nümunələri göstərdilər. Baş leytenant hərbi rütbəsində, tank komandiri vəzifəsi ilə qatıldığım Vətən müharibəsində silah yoldaşlarımla döyüşün ilk vaxtlarından ön cəbhədə üstünlüyü ələ aldıq, müharibədən alnıaçıq, üzüağ çıxdıq. Bu gün dövlətimiz müharibədə öz qanı, canı ilə tarix yazmış qəhrəmanlarımızın adını uca tutur, onların rahatlığı, rifahı üçün əlindən gələni əsirgəmir. Ali Baş Komandanın xüsusi göstərişi ilə şəhid ailələrinə və qazilərə, o cümlədən müharibə iştirakçılarına təqdim olunan yeni mənzil və avtomobillər dövlətimizin insan amilinə verdiyi dəyərin parlaq nümunəsidir”. 
    Artıq o tarixdən – ədalətin ər meydanında sınağa çəkildiyi, haqqın bərqərar olunduğu, bütün dünyanın siyasi güclərinin yurdumuza zilləndiyi tarixdən 3 il ötür. Bu illər ərzində xalqımızın göstərdiyi şücaət, mübarizlik, qəhrəmanlıq tarixin neçə-neçə sirlərinə işıq tutacaq, gələcək nəsillər bununla öyünəcək, qürurlanacaq. Xalqımız qazilərini, qəhrəman övladlarını heç zaman unutmayacaq. Çünki qəlbi Vətənlə döyünən yurdun xoşbəxtliyi yolunda cəfa çəkən, öz canından keçməklə üçrəngli bayrağı azad Vətən səmasının ənginliyinə ucaldan igidlərin qanı torpağa yox xalqın, millətin mənəviyyatına axar... Allahdan şəhidlərimizə rəhmət, qazilərimizə şəfa arzulayırıq... 

Ramiyyə ƏKBƏROVA
Gülcamal TAHİROVA
Məcid RƏŞADƏTOĞLU
Bülbül QULİYEVA
Aysel YUSİFZADƏ

Nəşr edilib : 18.01.2023 21:17