AZ EN RU

Vətənə xidmət etməyi özünə başlıca hədəf seçən müdrik Azərbaycan qadını - Səkinə xanım Əliyeva

Tarix boyu qadınlarımız hər zaman mənəvi keyfiyyətlərinin zənginliyi ilə seçilmişlər. Xalqımızın Mömünə Xatun, Tutu Bikə, Nüşabə, Tomris, Sara Xatun kimi qadınları olmuşdur. Ötən əsrin yetişdirdiyi böyük Azərbaycan qadınlarından biri də görkəmli dövlət xadimi, Prezident təqaüdçüsü Səkinə xanım Əliyevadır.

Səkinə xanım Əliyeva 1925-ci ildə aprel ayının 15-də Naxçıvan şəhərində dünyaya göz açmış, orta təhsilini o zaman Naxçıvan şəhərində fəaliyyət göstərən 6 saylı məktəbdə almış, tibb bacısı hazırlıq kursunu bitirmiş, sonra Naxçıvan Müəllimlər İnstitutunda təhsilini davam etdirmişdir. Əmək fəaliyyətinə pioner dəstə rəhbəri kimi başlayan Səkinə Əliyeva bir müddət Naxçıvan şəhər Partiya Komitəsinin kitabxanasında işləmişdir. 1945-ci ildə Babək rayonunun Qahab kənd məktəbinə dil-ədəbiyyat müəllimi təyin olunmuşdur. Bir il müəllim işləyən Səkinə xanım Əliyeva təhsilini Azərbaycan Dövlət Universitetində (indiki BDU) davam etdirmişdir. Səkinə xanım Əliyeva universiteti bitirdikdən sonra bir neçə il Naxçıvan şəhərində yerləşən 2 saylı qızlar məktəbində müəllim və Naxçıvan Vilayət Partiya Komitəsində təlimatçı vəzifəsində işləmişdir. 1953-1958-ci illərdə Naxçıvan Vilayət Partiya Komitəsinin qadınlar arasında iş aparan şöbənin və məktəblər şöbəsinin müdiri vəzifəsində çalışmışdır.

Səkinə Əliyeva 1958-ci ildə Moskva şəhərinə Ali Partiya Məktəbini oxumağa yola düşür. 1960-cı ildə sovet idealogiyasına görə vəzifədə yüksək pillələrə irəliləmək üçün vacib olan mərhələni – Ali Partiya Məktəbini bitirən Səkinə Əliyeva Naxçıvana dönür, əvvəlcə Vilayət Partiya Komitəsində təlimatçı, mühazirəçilər qrupunun rəhbəri işləyir, bir müddət sonra isə Naxçıvan Muxtar Sovet Sosialist Respublikasının maarif naziri vəzifəsinə təyin olunur. Yüksək təşkilatçılığı, məsuliyyət hissi və iş qabiliyyəti ilə seçilən Səkinə Əliyeva 1961-1963-cü illərdə Vilayət Partiya Komitəsində təbliğat-təşviqat üzrə katib vəzifəsində işləmişdir.

1963-cü ilin aprelin 9-da Naxçıvan MSSR Ali Sovetinin sessiyası keçirilir. Səkinə Əliyeva bu sessiyada Naxçıvan MSSR Ali Soveti Rəyasət Heyətinin sədri seçilir və 27 il bu vəzifədə, eyni zamanda Azərbaycan SSR Ali Soveti Rəyasət Heyəti sədrinin müavini vəzifəsində çalışır. Səkinə Əliyeva fasiləsiz olaraq 6-11-ci çağırış Azərbaycan SSR Ali Sovetinə və Naxçıvan MSSR Ali Sovetinə deputat seçilmişdir.

Sadə olduğu qədər də zəngin və mənalı ömür yoluna ilk qədəmləri, erkən yaşlarından məqsədə çatmaq uğrunda göstərdiyi prinsipiallıq, çətinliklərə mərdliklə sinə gərmək bacarığı onu hədəflərinə aparırdı. Hələ 15 yaşı olarkən ata itkisi kimi acı taleyi yaşamalı olsa da, həyat yolunu düzgün müəyyənləşdirən Səkinə Əliyeva əzmlə məqsədlərinə doğru addımlayıb, iti və parlaq zəkası, kamil və bütöv xarakteri ilə yaşadığı illərin fırtınalarından üzüağ çıxmışdır.

Xeyirxah insan, iradəli qadın Səkinə Əliyevanın ən böyük məqsədi isə heç kəsdən asılı olmayaraq işləyib ailəsini – anasını, qardaşını bu çətin vəziyyətdən çıxarmaq idi. Sonradan bu məqsəd daha da böyümüş – xeyirxah işlər görüb, xalqa namusla, qeyrətlə xidmət etmək olmuşdur. Bunun üçün həmişə çalışmış, muxtar respublikada qadınların sağlamlığının qorunması və təhsil alması məsələlərinə xüsusi diqqət yetirmişdir. İlk növbədə müəllimlərdən, həkimlərdən, orta tibb işçilərindən ibarət briqada təşkil edib kəndlərdə qadınlarla söhbət aparmaları üçün rayonlara göndərirdi. Səkinə Əliyeva işlədiyi müddətdə nail olduğu mühüm məsələlərdən biri də kolxoz və sovxozlarda mövsümi uşaq bağçalarının, körpələr evlərinin, tarla düşərgələrinin, iri kəndlərdə doğum evlərinin və ya rayon xəstəxanaları yanında doğum şöbələrinin açılmasında fəal iştirak etmişdir. Nəticədə bir ilin içərisində dağ kəndlərindən başqa demək olar ki, bütün kəndlərdə uşaq bağçaları, körpələr evləri açıldı. Həmin dövrdə qızların orta məktəblərin yuxarı siniflərində sayının az olması nəzərə alınaraq böyük kəndlərdə onların hətta çadra ilə məktəbə gəlməsinə maneə olunmur, eləcə də Səkinə Əliyevanın bilavasitə rolu ilə kəndlərə şəhər məktəblərində işləyən qadınlardan direktor göndərilirdi. Onuncu sinfi qurtaran qızların əksəriyyəti xüsusi nəzarət altında imtahansız Azərbaycan Sovet Sosialist Respublikasının müxtəlif ali məktəblərinə göndərilir, bu da başqa kəndlərdə qızların məktəblərə gəlməsinə və yuxarı siniflərdə oxumasına səbəb olurdu. Bunun nəticəsində qadınların sağlamlığının qorunmasına, onların kütləvi şəkildə təhsilə cəlb edilməsinə, uşaq və ana ölümü hallarının azaldılmasına nail olundu. Səkinə Əliyeva xalqa çox yaxın olan, onu sevən, onun maraqlarına xidmət edən şəxsiyyət olub. Qazandığı müvəffəqiyyətlərdən heç vaxt arxayınlaşmayan, özünə qarşı çox tələbkar, həmişə axtarışda olan, nailiyyətlərini böyük zəhmətlə əldə edən Səkinə Əliyeva bir qayda olaraq, Vətənə xidmət etməyi özünə başlıca hədəf seçmişdir.

XX əsrin 1970-1980-ci illərində ulu öndər Heydər Əliyev tərəfindən həyata keçirilən dövlət qadın siyasəti Azərbaycan qadınının sosial-iqtisadi, ictimai-siyasi və mədəni həyatda fəal iştirakını, dövlət orqanlarında geniş təmsil olunmasını təmin edib. Azərbaycan qadınına xas olan bütün cəhətləri özündə birləşdirən Səkinə Əliyevanın da 27 il Naxçıvan Muxtar Sovet Sosialist Respublikası Ali Soveti Rəyasət Heyətinin Sədri kimi yüksək vəzifədə fəaliyyət göstərməsi ulu öndərin Azərbaycan qadınına göstərdiyi qayğının, dövlət qadın siyasətinin əyani ifadəsidir. Təsadüfü deyil ki, Səkinə Əliyeva sonralar xatirələrində uzun müddət Naxçıvan Muxtar Sovet Sosialist Respublikası Ali Soveti Rəyasət Heyətinin sədri kimi fəaliyyət göstərməsini ulu öndərimizin Azərbaycan qadınına göstərdiyi qayğının əyani ifadəsi olduğunu dəfələrlə bildirmişdir. Həmçinin həmin dövrdə muxtar respublikada qadınların ictimai-siyasi həyatda fəallığı artdı. Maarif, səhiyyə, mədəniyyət müəssisələrində qadınların rəhbər vəzifələrində irəli çəkilməsinə ciddi fikir verildi. Qadınlar SSRİ-nin, Azərbaycan SSR-nin və Naxçıvan MSSR-in Ali Sovetlərinə deputat seçildi. Yerli sovetlərdə qadın deputatların sayı da xeyli artdı. O cümlədən, muxtar respublikada Ali Məhkəmənin sədrinin, Həmkarlar ittifaqı katibinin, Naxçıvan Şəhər Partiya Komitəsinin I katibinin, rayon partiya komitəsinin üçüncü katiblərinin, ictimai təminat nazirinin, səhiyyə, maarif nazirlərinin müavinlərinin və digər vəzifələrdə qadınların təmsil olunması təsadüfü deyildi.

Səkinə Əliyeva təqaüddə olarkən də ulu öndərin diqqət və qayğısından kənarda qalmamış, Prezident təqaüdünə layiq görülmüşdür. Səkinə Əliyevanın 50 ildən artıq əmək fəaliyyəti yüksək dəyərləndirilmiş, o, “Oktyabr inqilabı”, “Qırmızı əmək bayrağı” ordenləri, Naxçıvan Muxtar Sovet Sosialist Respublikası Ali Soveti Rəyasət Heyətinin Fəxri Fərmanı ilə təltif edilmişdir.

Sevindirici haldır ki, Səkinə Əliyeva fəaliyyətinin son aylarında inandığı və təbliğ etdiyi ideyaların tam həyata keçməsi sevincini yaşadı. Bu gün Azərbaycan və onun ayrılmaz hissəsi NaxçıvanMuxtar Respublikası dövlət xadiminin arzuladığı istiqlala qovuşub və yüksək inkşaf mərhələsini yaşayır. Anadan olmasından 97 il keçməsinə baxmayaraq bu gün də sağlam vətəndaş mövqeyi, keçdiyi həyat yolu, ictimai fəaliyyəti ilə qadınlara nümunə olan Səkinə xanım Əliyeva yaddaşlara xeyirxah və sadə insan kimi həkk olunub. Əbədiyyətə qovuşmasına baxmayaraq tez-tez xatırlanır, gələcək nəsillərə örnək göstərilir, haqqında yazılar yazılır. Heç şübhəsiz ki, bu cəsur, vətənpərvər, nəcib qadın illər keçsə də hər il yaşının üstünə yaş gəlsə də nəsillərin yaddaşından silinməyəcəkdir.

Nəşr edilib : 14.04.2022 23:50