AZ EN RU

Vətənə, xalqa və dövlətçiliyə misilsiz xidmətin 20 ili

Naxçıvan İpoteka Fondu Açıq Səhmdar Cəmiyyətində Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin ölkə rəhbəri seçilməsinin 20-ci ildönümü ilə əlaqədar tədbir keçirilib. Əvvəlcə Ulu Öndər Heydər Əliyevin və Azərbaycanın suverenliyi, ərazi bütövlüyü uğrunda canlarını fəda edən şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Tədbiri giriş sözü ilə Naxçıvan İpoteka Fondu Açıq Səhmdar Cəmiyyətinin İdarə Heyətinin sədri Yalçın Vəliyev açaraq Azərbaycan Respublikasının Prezidenti, cənab İlham Əliyevin son 20 ildəki parlaq fəaliyyətindən danışıb. Bildirilib ki, 15 oktyabr 2003-cü ildə cənab İlham Əliyevin Prezident seçilməsi xalqımızın taleyində tarixi bir gündür. Son 20 ildə cənab Prezidentin rəhbərliyi ilə aparılan ordu quruculuğu, xarici siyasət və iqtisadi yüksəliş Qarabağ zəfərini təmin etdi. 2020-ci ildən başlayaraq müzəffər Ali Baş Komandanın rəhbərliyi Qarabağdan bütün qanunsuz erməni hərbi dəstələri çıxarıldı və suverenliyimiz tam bərpa olundu. Bu gün Azərbaycan bayrağı Bütöv Qarabağda dalğalanır. Əsas məqam ondadır ki, bizim Qarabağda tam suverenliyimiz Heydər Əliyevin 100 illik yubileyi ilə bir vaxtda təsadüf etdi. Bu tarixi nailiyyət, Ulu Öndərin ruhu qarşısında ən böyük xidmətdir və bu xidmətin müəllifi də cənab Prezident İlham Əliyevdir. Bütün bunlar Azərbaycan tarixində misli görünməmiş nailiyyətlərdir.

Diqqətə çatdırılıb ki, bu gün Qarabağda böyük bərpa-quruculuq işləri aparılır və “Böyük Qayıdış” həyata keçir. Prezident İlham Əliyevin diqqət və qayğısı, eyni zamanda, Heydər Əliyev Fondunun prezidenti, ölkəmizin Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın bilavasitə təşəbbüsü ilə azad edilmiş torpaqlarda mədəniyyət ocaqlarının bərpası sahəsində irimiqyaslı layihələr həyata keçirilir.

Tədbirdə Naxçıvan İpoteka Fondu Açıq Səhmdar Cəmiyyətinin əməkdaşı Rifat Bayramovun da çıxışı olub. Vurğulanıb ki, ümummilli lider Heydər Əliyevin canından çox sevdiyi xalqına sonuncu müraciətində “İnanıram ki, mənim axıra çatdıra bilmədiyim taleyüklü məsələləri, planları, işləri sizin köməyiniz və dəstəyinizlə İlham Əliyev başa çatdıra biləcək. Mən ona özüm qədər inanıram və gələcəyinə böyük ümidlər bəsləyirəm” bildirməsi bu günkü tarixi gerçəkliyimizin aydın mənzərəsinin tərənnümü olub.

Vurğulanıb ki, milli təfəkkürlə bəşəri düşüncəni birləşdirən, gerçəkliklə qlobal baxışları uzlaşdıran görkəmli siyasi lider İlham Əliyev nəinki Ümummilli Liderin etimadını doğruldub, eləcə də bütün Azərbaycan xalqının növbəti onilliklər üçün əbədi inamını və sarsılmaz dəstəyini qazanıb.

Dövlət başçısı cənab Prezident İlham Əliyevin rəhbərliyi altında Azərbaycan Respublikasının ötən 20 ildə keçdiyi inkişaf yoluna nəzər salan Rifat Bayramov qeyd edib ki, 20 illik fəaliyyəti ilə hər bir azərbaycanlının Zəfər və tərəqqi rəmzinə çevrilən cənab İlham Əliyevin 15 oktyabr 2003-cü ildə ölkə rəhbəri seçilməsi ilə başlanan möhtəşəm qələbə yolu tarixin ən qüdrətli, ən xoşbəxt və ən qürurlu Azərbaycanını ərsəyə gətirib.

Gülcamal TAHİROVA

Nəşr edilib : 23.10.2023 17:58