AZ EN RU

Vətənə məhəbbətin, torpağa sevdanın özüsən, Şuşa!

Şuşa şəhərinin içməli su təchizatı sistemlərinin tikintisindən reportaj

    Baş redaktorumuzun “Növbəti həftə içməli su təchizatı sistemlərinin tikinti layihəsi çərçivəsində görülən işlərin ictimaiyyətə çatdırılması üçün Şuşa şəhərinə yollanacaqsız” tapşırığını eşitdiyim an bütün vücudum titrədi, qəlbimdə tüğyan edən  hədsiz sevinc, qürur hissini, inanmıram ki, nə vaxtsa hansısa sözlə tam şəkildə ifadə edə biləm. İllərdir, arzusu ilə yaşadığım, xəyallarda getməyə çalışdığım o müqəddəs torpağa gerçəkdə ayaq basmaqdan, o qəhrəman şəhərin havasını udmaqdan, təravətli ətrini ciyərlərimə çəkməkdən üstün nə ola bilər ki, dünyada? “Şükürlər ki, bu xoşbəxtlik mənə də qismət olacaq” düşüncəsi ilə iki gün keçmək bilmir ki, bilmir. Nəhayət, həsrətlə gözlədiyim həmin an yetişir. Qəzetimizin fotomüxbiri Əli Xudiyev və digər jurnalist həmkarlarımla birgə Bakı şəhərindən komfortlu, rahat avtobusa əyləşib yola düşürük. Dünya azərbaycanlılarını bir araya toplayan, 2023-cü il üçün “Türk dünyasının mədəniyyət paytaxtı” statusunu şərəflə daşıyan Şuşaya aparan, arzuların, xəyalların çiçək açdığı yola...

    İllər öncə ağlasığmaz vəhşiliyə məruz qalaraq virana dönmüş, minlərlə yanan ocağı söndürülmüş, hər qalığından soydaşlarımızın nəfəsi duyulan Füzuli şəhər mərkəzini, rayonun Tuğ, Xocavəndin Böyük Tağlar kəndlərini böyük ürək yanğısı ilə nəzərdən keçirərək qəhrəmanlıq dastanının kulminasiyasına, Vətənə məhəbbətin, torpağa, yurda sevdanın özünə – Şuşaya yaxınlaşırıq. Xalqımızı nicat yoluna çıxaran, “Qüdrətli Azərbaycan” adlı şah əsərin müəllifi Ümummilli Lider Heydər Əliyevin “Arzu edirəm ki, sizinlə birlikdə gedək Şuşaya. Gedəcəyik! İnanın ki, gedəcəyik! Şuşa Azərbaycanın gözüdür. Şuşa bizim mədəniyyətimizin, tariximizin rəmzidir”. Ata vəsiyyətini yüksək səviyyədə yerinə yetirən ölkə başçısı cənab İlham Əliyevin böyükdən-kiçiyə hər kəsi ayağa qaldıran “Əziz Şuşa, sən azadsan! Əziz Şuşa, biz qayıtmışıq! Əziz Şuşa, biz səni dirçəldəcəyik!” mübarək kəlamları dolaşır yaddaşımda. Yol nişanı məsafənin azaldığını, vüsal məqamının yetişdiyini göstərir, illərdir, qəlbimizdə yatan gizli duyğular oyanaraq bir anda hayqırmağa başlayır, vətənpərvərlik hissləri kükrəyərək təlatümə salır, qürurla ehtizaza gətirir büsbütün vücudumu, kəlmələr dayanmadan könüldən süzülüb gəlir: Addım-addım yaxınlaşırıq sənə, əziz Şuşam! İlahi, bu nə gözəl hiss, nə unudulmaz, xoşbəxt andır yaşadırsan bəndələrinə, qəlbimizdə qaynayan arzunu, istəyi, diləyi, fəxarəti ifadə etməkdə sözlər aciz, kəlmələr yetərsiz qalıb... Əziz Şuşa, ayağımız qaça-qaça, ürəyimiz uça-uça, gözümüzdə gilələnən sevinc yaşları, qəlbimizi yandıran Vətən, yurd həsrəti ilə görüşünə gəlmişik! Əziz Şuşa, sənə Naxçıvan elindən, uğrunda dastan yazan məğrur oğullardan, övlad hicranı torpaq vüsalına çevrilən, başına qürur örpəyi çəkən analardan, bacılardan, əyilməz, dağ vüqarlı atalardan, qardaşlardan, Şərqin qapısının “Şərq qapısı”ndan qucaq dolusu salam-dua gətirmişik... Artıq iki ildən çoxdur ki, yağılardan, bədxahlardan qurtulub doğma insanlarına qovuşmusan, bir daha gözün aydın, ürəyindən qəmi, nisgili, kədəri, hicranı ataraq sevinc dolu, gülərüzlü, şirin sözlü olmusan, min şükür! Hər zaman qonaqlarını bax belə gülümsəyərək, xoş əhvali-ruhiyyə, şən ovqatla qarşılayasan...
    Ovuc-ovuc, qarış-qarış, misqal-misqal torpağı, dağı, daşı, qayası ərlikdən, ərənlikdən danışan, havası cana məlhəm müqəddəs şəhərə ayaq basdığımız andan 44 günlük Vətən müharibəsində Böyük Zəfər salnaməsinin yazıldığı 42-ci günü, dünya hərb tarixinə qızıl hərflərlə həkk olunan Şuşa döyüşlərini, yüngül silahlarla qalın meşələrdən, dərin dərələrdən keçərək, qayalar, dağlar aşaraq düşməni əlbəyaxa şəkildə məhv edən igidlərin mərdlik, şücaətlik çağlayan söhbətləri, yaralı, şəhid olmuş yoldaşını çiyinlərində daşıyan oğulların məğrurluğu canlanır hafizəmdə. Yanından ötüb keçdiyimiz hər cığır, yol, qarşımıza çıxan yarğanlar, aşırımlar Azərbaycan əsgərinin, zabitinin qüdrətindən, cəsarətindən söhbət açır, “Basdığın yerləri “torpaq” deyərək keçmə, tanı!” nidası pıçıldayır düşüncəmə. Öz-özümə deyirəm: “Ey günlərlə ac, susuz qalan, yalnız Vətən eşqi ilə qidalanaraq bu qədər çətin, ağır, dözülməz yerləri keçən Azərbaycan oğlu! Tükənməyən gücünə, azalmayan cəsurluğuna, sınmayan əzminə, yenilməyən şücaətinə eşq olsun! Allah şəhidlərimizə rəhmət eləsin, qazilərimizə cansağlığı versin!” Döyüşlərin şahidləri – erməni ekoloji terroruna məruz qalan, Şuşa rayonu ərazisindəki torpaqların 20 faizini əhatə edən, qoynundakı nadir, qiymətli ağaclarına görə vaxtilə təbiət möcüzəsini xatırladan Topxana meşəsini, 29 il sonra qisası alınan, çətin relyefə malik Daşaltını seyr edə-edə sıldırım qayalar boyunca ilan kimi gah qıvrılıb, gah açılan asfalt yolla nəzərdə tutulan ünvana yetişirik. Əvvəlcə Zarıslı çayının məcrasında yeni istismara verilmiş sutoplayıcı bəndə və nasos stansiyasına baş çəkir, daha sonra Şuşa şəhərində yeni su anbarlarının tikintisi prosesini izləyirik. Məlumat verilir ki, Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin rəhbərliyi ilə müzəffər Ordumuz tərəfindən Şuşa şəhəri işğaldan azad edildikdən qısa müddət sonra dövlət başçısının tapşırığı ilə “Azərsu” Açıq Səhmdar Cəmiyyətinin mütəxəssislərindən ibarət qrup əraziyə ezam olunub. Mütəxəssislər tərəfindən su mənbələri, magistral xətlər, anbarlar və paylayıcı şəbəkələrin mövcud vəziyyəti araşdırılıb. Məlum olub ki, düşmən tərəf şəhəri tərk edərkən Şuşanı içməli su ilə təmin edən magistral su kəmərlərini də sıradan çıxarıb.
    Müdafiə Nazirliyinin müvafiq bölmələri ilə birgə təhlükəsizlik tədbirləri görülməklə şəhərin əsas su mənbəyi olan Kiçik Kirs mənbəyi və Kiçik Kirs-Şuşa magistral su kəmərinin texniki vəziyyəti təftiş olunub və dərhal bərpa tədbirlərinə başlanılıb. Mürəkkəb relyefə malik ərazidə, meşə və dağ şəraitində magistral su kəmərinin qəzalı hissələri təmir edilib və 25 noyabr 2020-ci il tarixdə Şuşa şəhərinə suyun verilişi təmin olunub. Buna qədər təxirəsalınmaz tədbir kimi Daşaltı kəndində sugötürücü məntəqə yaradılmışdı və maşınlarla şəhərə suyun daşınması təmin edilirdi.  Şuşa şəhərinin bir mənbədən asılılığını aradan qaldırmaq üçün Zarıslı sugötürücü qurğusu, 11 kilometr uzunluğunda Zarıslı-Şuşa magistral su kəmərinin qəzalı hissələri bərpa olunub və 2020-ci il dekabrın 20-də bu mənbədən şəhərə suyun verilişi təmin edilib.
    “Azərsu” ASC-nin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Anar Cəbrayıllı “Şərq qapısı” qəzetinə açıqlama verərək deyir ki, 2021-ci ilin sonlarında Şuşa şəhərinin içməli su təchizatının yenidən qurulması layihəsinin ilkin mərhələsi üzrə işlərə başlanılıb. Layihə çərçivəsində Kiçik Kirs – Şuşa magistral su kəmərinin istismara yararsız 5,3 kilometrlik hissəsi dəyişdirilib. Şuşa şəhərinin perspektiv inkişafı, həmçinin ilin müəyyən dövrlərində Kiçik Kirs və Zarıslı mənbələrinin tələbatı ödəməyəcəyi nəzərə alınaraq alternativ mənbənin yaradılmasına qərar verilib. Layihəyə əsasən Şuşa rayonunun Daşaltı kəndi yaxınlığında, Zarıslı çayının məcrasında tutumu 25 min kubmetr olan sutoplayıcı bənd tikilib. Mürəkkəb relyefdə çayın qarşısında bəndin inşası ilə paralel burada toplanan suyun şəhərə nəqli məqsədilə yüksək təzyiqə hesablanmış müasir nasos stansiyası və polad borularla 2,6 kilometr uzunluğunda kəmər inşa edilib. Nasos stansiyasında hər birinin məhsuldarlığı saatda 105 kubmetr təşkil edən  4 aqreqat quraşdırılıb. Sutoplayıcı bənddən götürülən su nasoslar vasitəsilə 26-27 atmosfer təzyiqlə Şuşa şəhərində yerləşən anbarlara nəql olunur və buradan özüaxımlı rejimdə şəbəkəyə ötürülür. Bununla da şəhərdəki obyektlər, hotellər və digər ictimai-iaşə müəssisələri, yaşayış olan evlər və dövlət qurumlarının inzibati binaları 24 saat içməli su ilə təmin edilir.
    Öyrənirik ki, təsdiqlənmiş layihəyə uyğun olaraq Şuşa şəhərinin relyef baxımından hündür nöqtələrində 2 mərkəzi anbarın tikintisinə də başlanılıb. Layihələndirmə zamanı əhalinin dayanıqlı içməli su təchizatının aparılması üçün şəhər 8 müxtəlif təzyiq zonasına bölünüb, bu zonalardan 6-sı özüaxımlı rejimdə, 2-si isə hidrofor nasoslarla su ilə təmin olunacaq. Şuşa şəhərinin içməli və tullantı su təchizatı sistemlərinin yenidən qurulmasının növbəti mərhələsində şəhərdaxili içməli və tullantı su şəbəkələrinin tamamilə yenidən qurulması, tullantı sutəmizləyici qurğunun inşası nəzərdə tutulur. Hazırda “Azərsu” ASC tərəfindən Şuşa şəhərində fasiləsiz xidmət təşkil edilib. Xidmət briqadaları mənbələrdə, magistral kəmərlərdə və şəhərdaxili paylayıcı şəbəkələrdə yarana biləcək problemlərin operativ həlli məqsədilə fəaliyyət göstərir... Həyat, bolluq, bərəkət rəmzi sayılan, sinəndən axan bax bu su kimi saf, təmiz, bərəkətli ömrün olsun, Şuşa, – deyib bu qədim mədəniyyət mərkəzinə ekskursiyamıza davam edirik...
    Möhtəşəm “Xarıbülbül” Festivalına təqdirəlayiq formada ev sahibliyi edən, yaz-yay aylarında şahə qalxan Qarabağ atları, güləş yarışına çıxan oğulları, güştü tutan pəhləvanları, bərbəzəkli xonçalarla məclis süsləyən ismətli qadınları, sinəsinə bəzək vuran xarıbülbülü ilə əsrarəngizliyə qərq olan Cıdır düzündən, şəhərin hündürdə yerləşən müxtəlif guşələrindən başdan-başa quruculuğa bürünən, sanki yenidən doğulan Şuşanın təravətli simasını seyr edirik. Geri qayıdarkən yolüstü erməni ekoloji terroruna qarşı çıxaraq günlərdir, əzm göstərən, faydalı qazıntı yataqlarının qanunsuz istismarının dayandırılmasını, “Qızılbulaq” və “Dəmirli” yataqlarında monitorinqin keçirilməsinə icazə verilməsini tələb edən könüllü gənclərlə, ekoloqlarla görüşür, mənəvi dəstəyimizi, həmrəyliyimizi bildiririk... Zaman su kimi axıb gedir, Şuşadan ayrılmaq məqamı yavaş-yavaş yetişir artıq. Yuxarı Gövhər ağa məscidindən ucalan, ruha hüzur gətirən azan sədalarını dinləyir, doyumsuz gözəlliklərlə zəngin bu saf, müqəddəs şəhərə qəlbimdəki arzunun mükəmməl ifadəsi kimi İstiqlal marşının misralarını dodaqaltı zümzümə edirəm:

    Ruhumun səndən, İlahi, budur ancaq diləyi: 
    Dəyməsin məbədimin köksünə naməhrəm əli. 
    Bu azanlar ki şəhadətləri dinin təməli, 
    Əbədi yurdumun üstündə mənim inləməli.

    Qaranlıq ehmal-ehmal düşür, Şuşa axşamları başlayır. Düşünürəm ki, sanki ana təbiətin özü gecəsi də gündüzü qədər təravətli, qəlboxşayan olan bu yerdə doğulub, bu yerdə yaşayır. Azərbaycan və Türkiyə bayraqlarının ortasında, qəhrəman şəhidlərimizin al qanlarının rənginə boyanan, düşmənə gözdağı verən “Şuşa” tablosuna tamaşa edərək əyilməz, dağ vüqarlı şəhərimizlə sağollaşıram: Pənahəli xanın yadigarı, Üzeyirin musiqi dünyası, Vaqif poeziyası, Xan qızı Xurşidbanu Natəvanın şeir şövqü, ilham qaynağı, Bülbülün qəlbə yayılan xoş avazı ilə tanınan, sevilən Qafqazın sənət məbədi, Azərbaycanın qədim sivilizasiya mərkəzi, qəhrəmanlıq rəmzli, qələbə simvollu əziz Şuşam, nə yaxşı ki bizimsən, nə yaxşı ki, azadsan, nə yaxşı ki, səni görmək mənə də nəsib oldu, hər zaman belə saf, təmiz, gülərüzlü qalasan. Tezliklə Zəngəzur dəhlizindən keçib görüşünə gəlmək ümidiylə...

Nail ƏSGƏROV
Naxçıvan-Şuşa-Naxçıvan

Nəşr edilib : 08.03.2023 15:52