AZ EN RU

Vətənə məhəbbətin poetik, nəğməkar təsviri

    Uzun illər başqa sahələrdə çalışsa da, Naxçıvan ədəbi mühitində öz şeirlərilə tanınan bir müəllif də var: Alməmməd Eldaroğlu. O, Şərur rayonunun Dəmirçi kəndində dünyaya göz açıb. Ədəbiyyat, şeir-sənət vurğunu olması Alməmməd Eldaroğlunun uşaqlığından şair olacağına inam yaradıb. Hazırda şair bir neçə kitabın müəllifidir. Onun “Vətən əmanətdir” (2011), “Mənim gördüyüm dünya” (2013), “Niyə belədir dünya?” (2021), “Dağlar qartalı” (2022) kitablarında oxunaqlı şeir və poemaları toplanmışdır. Şairin yeni kitablarından biri də “Vətən harayı” adlanır. 

    Bir neçə kitabı ilə oxucularına özünü tanıtmağa müvəffəq olan müəllifin şeirlərində, həqiqi mənada, hər şeydən əvvəl, yaradıcılıq səmimiyyəti oxucunu özünə valeh edir. Alməmməd Eldaroğlu qələmində söz ərşə çəkilmiş tapılmaz tikə kimi zülmlə deyil, lap dilinin ucundan tökülən kəlmələr kimi yer alır. Onun şeiriyyəti axıcılığı, diləyatımlılığı, ahəngdarlığı ilə diqqəti cəlb edir. Vətən, el məhəbbəti, el-oba gözəlliklərinin tərənnümü Alməmməd Eldaroğlu yaradıcılığı üçün daha səciyyəvidir. Müəllifin “Vətən harayı” kitabı da maraqlı, sevilən şeir örnəkləri ilə zəngindir. Kitabın ilk səhifələri Azərbaycanın 2020-ci ilin noyabr ayında işğalçı və faşist Ermənistanın üzərində cəmi 44 günə qazandığı Böyük Qələbə sevincindən yaranan vətəndaşlıq duyğularının coşqulu örnəkləri ilə süslənib. “Azərbaycan”, “Baş Komandan, Milli Ordu”, “Günəşdən bir zərrə”, “Haqq yolu”, “Vətən oğlu” kimi şeirlərində Azərbaycan xalqının qələbə sevinci, zəfər məğrurluğu, milli qeyrət və qürur duyğuları yüksək poetik pafosla əksini tapmışdır:

        Qartalların vurur halay,
        Dağda-daşda bir samuray.
        Düşmən salıb imdad, haray,
        Baş Komandan, Milli Ordu!

    Bayraq uca, uğur zəfər,
    Qələbədi yürüş, səfər.
    O, müzəffər, bu, müzəffər,
    Baş Komandan, Milli Ordu.

    Müəllif Azərbaycana uğurla rəhbərlik edən, hər sahədə böyük qələbələr qazanan, 44 günlük Vətən müharibəsində özləri haqqında məğlubedilməzlik mifi uyduran Ermənistana qarşı Böyük Zəfər əldə edən müzəffər Ali Baş Komandan cənab İlham Əliyevə və hünəri, döyüş məharəti, bacarığı ilə tarixdə böyük ad qazanmış Müzəffər Milli Ordumuza zəfər nəğmələri qoşur, qürurlu vətəndaş minnətdarlığını ifadə edir. Şairin mənsub olduğu xalqın milli xarakter duyğularından irəli gələrək qabartdığı, nəğmə qoşduğu sülhə çağırış nidaları “Günəşdən bir zərrə” şeirində çox aydın əksini tapmışdır. Şair el-obasını, müzəffər ölkəsini, Böyük Qələbəyə hər cür töhfələr vermiş doğma torpağı Naxçıvanı sülhün beşiyi, vətəni hesab edərək hər ölkəyə sülh payı verməsinin arzusu ilə yaşayır:

    Günəşdən bir zərrə nur ələnəydi,
    Əlimi yuyaydım üzümə çəkib. 
    O nurun şux ətri gülə dönəydi,
    Aya göndərəydim buluda əkib.

    Qarabağ dünyaya çağırış meydanı,
    Xarıbülbül sülhün simvolu olsun.
    Dünyanın sülhsevər xalqları kimi,
    Bütün Yer kürəsi sülhə qoşulsun.

    Şeirdə Azərbaycan xalqının tolerant duyğuları, multikultural dəyərləri, sülhə, humanizmə verdiyi əhəmiyyət və bu yolda apardığı şərəfli mübarizə humanizmin təntənəsi kimi poetik ifadə tapmışdır. 
    Alməmməd Eldaroğlunun ana dilinə olan məhəbbəti, onun ecazkar qüdrəti və sehrinə olan məhəbbət və sədaqəti, ana dilinin qorunması, yad sözlərdən təmizlənməsi çağırışları “Dilin nəfsi” şeirində başlıca yer almışdır. Özünün səmimiyyəti, qəlbəyatımlılığı ilə fərqlənən bu şeirdə şairin bir vətəndaş kimi ana dili təəssübkeşliyi özünü qabarıq təcəssüm etdirmişdir. Məlumdur ki, ictimai bir hadisə olan dil hər millətin milli taleyi, hətta aqibətidir. Bizim də milli-ictimai taleyimiz kimi ana dilimizə qayğılı baxış bu şeirdə hakim olmuşdur.
    Ümumiyyətlə, özünün oxunaqlılığı, ürəyəyatımlılığı ilə seçilən “Qonur adam”, “Bu şəhər bizim deyil”, “Arazda batan Günəş”, “Dərdin paslanmış nəmi”, “Dəli könlüm”, “Bu axşam, Sarıdaş, səndə qalacam”, “Dərdli küçə” və başqa şeirləri poetik ahəngdarlığı ilə yaddaqalandır. Bu şeirlər insanın hiss və duyğularını dindirir, könlü ilə söhbətləşir, dərd, kədər, sevinci, qürur nostaljisi ilə oxucuya doğmalaşır. Xüsusilə “Bu axşam, Sarıdaş, səndə qalacam” şeiri daşa, torpağa qəribə bir bağlılıq duyğuları yaradır, insanı ötən şən-şaqraq uşaqlıq illərinə aparır. Şairin təsvir etdiyi Sarıdaş munis xatirələri ilə Vətənləşir və Vətənə məhəbbəti daş yaddaşına çevrilir. Sanki Vətənə yadırğamış, qəribsəmiş, nisgilinə çevrilmiş bir eloğlunun həsrət və nisgil dolu duyğuları, nostalji hissləri burada öz əksini tapmışdır: 

  Dedim, qonağınam, vallah gələcəm,
  Dərib güllərindən çələng hörəcəm.
  Sirli daşlarından bir-bir öpəcəm,
  Sarılıb boynuna ağrın alacam,
  Bu axşam, Sarıdaş, səndə qalacam.

    “Bu şəhər bizim deyil” şeirində də olduqca həzin bir nostalji, xatirələrlə zəngin bir yaddaş boy tutaraq adamın gözlərinə baxır, öz təəssüratları ilə qəlbə, ruha yayılır. Ümumiyyətlə, Alməmməd Eldaroğlu yaradıcılığında insanı bütün xarakterik cizgiləri ilə – istər bir vətəndaş, istər bir övlad, istər bir dost və sair kimi çox məharətlə təsvir edir. Şair “Qonur adam” şeirində daha böyük şairanəlik və səmimiyyət əks etdirir. 
    Şairin şeiriyyəti sözün obrazlı, məcazlı, poetik ifadəsi ilə pərvazlıdır. Olduqca maraqlı və orijinal bədii təsvir və ifadə vasitələri işlədən müəllif bədii mətləbini çox uğurla əks etdirməyə müvəffəq ola bilmişdir. Nəinki şeiriyyətində, şeirlərinin dilində, hətta sərlövhələrdə belə məcazlı ifadələr diqqəti cəlb edir. Məsələn, “Günəşdən bir zərrə” şeirindəki bədii təsvir və ifadə vasitələrinin mürəkkəbliyi, orijinallığı şairin sənətkarlıq məharətini və yaradıcılıq təbini uğurla nümayiş etdirir.  
     Şair şeirlərində xalq dilindən gələn, Naxçıvanda yerli əhalinin dilində tez-tez işlənən məhəlli sözlərdən, deyimlərdən də istifadə edərək şeirlərini daha da şirinləşdirmiş və oxunaqlı etmiş,  ana dilinin imkanlarından məharətlə faydalanmağı bacaran şair bütün şeir nümunələrində  təsirli, gözəl örnəklər ortaya qoymağa müvəffəq ola bilmişdir. 

Ramiz QASIMOV
AMEA Naxçıvan Bölməsinin əməkdaşı, dosent

Nəşr edilib : 12.08.2022 19:58