AZ EN RU

Vətənə məhəbbət olan yerdə qəhrəmanlığın yaşı olmur

     Vətən müharibəsində qazanılan Zəfər Azərbaycan tarixinin səhifələri ilə yanaşı, həm də azərbaycanlı kimi hər birimizin yaddaşına, ruhuna yazıldı. Bu tarixi dönəmin şahidləri olaraq 30 il yurd həsrəti çəkmiş, haqq etdiyimiz zəfər müjdəsini bir gün duyacağımız hissiylə yaşamışdıq, yaşlanmışdıq. Amma ümidimizi heç zaman itirməmişdik. Təməli ümummilli liderimiz Heydər Əliyev tərəfindən qoyulan ordumuzun günü-gündən gücləndiyinin, peşəkar zabit kadrları və vətənpərvər gənclərlə komplektləşdirildiyinin canlı şahidləri idik. 

    Ötən il dekabrın 24-də Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin  Ali Baş Komandanı cənab İlham Əliyev Xocavənd rayonunun Hadrut qəsəbəsində hərbi hissənin açılışı zamanı demişdir: “Bizim vətənpərvərlik ruhumuz, qəhrəmanlığımız, Vətənə olan bağlılığımız, fədakarlığımız bütün dünyada Azərbaycan Ordusu, Azərbaycan xalqı haqqında dəqiq təsəvvür yaratdı. Göstərdi ki, biz böyük xalqıq, göstərdi ki, biz özümüzə məxsus olan torpaqları nəyin bahasına olursa-olsun, azad edən xalqıq”.

    Əlbəttə, milli ruh olmadan hər hansısa fədakarlıqdan, qələbədən danışmaq olmaz. Nə qədər yüksək peşəkarlığa və güclü texnikaya sahib olsaq da, nəticədə, silah-sursatı, necə deyərlər, dilə gətirən insan faktorudur. 
    Vətənə bağlı fədakar insanları, hərb peşəsinə könül verənləri, müharibənin sərt üzünə rəğmən bir addım geri çəkilməyərək düşmən üzərinə yeriyən və bizə zəfər hissini yaşadan igidlərimizi tanımaq, tanıtmaqdan gözəl nə iş ola bilər ki?! Bu il 22 yaşı tamam olan, ömrünün yaşanmış kiçik bir hissəsinə böyük qəhrəmanlıq dastanı sığdıran, sağlamlığını qurban verən, Vətən torpaqlarının azad olunmasında pay sahibi olan Fərman Mirzəmmədovu birlikdə tanıyaq, tanıtdıraq. Bu gəncin sinəsini medallar bəzəyir. Qoy yetişən nəsil də  görsün ki, qəhrəmanlığın yaşı olmur Vətən məhəbbəti, xalq sevgisi, dövlətə sədaqət olan yerdə!
    Əsrimizin və yazımızın qəhrəmanı ilə telefon danışığımız olur. O bizi evinə dəvət edir – yeni mənzilinə. Məmnuniyyətlə dəvəti qəbul edir və Babək rayonunun Babək şəhərinə yol alırıq. Şəhərin mərkəzi küçələrinin birində ucalan yeddimərtəbəli binanın dördüncü mərtəbəsinə liftlə qalxırıq. Qapını həyat yoldaşı  Zivər xanım açır. Bizi mehribanlıqla içəri dəvət edir. İlk baxışdan mənzil işıqlı və geniş olması ilə diqqəti cəlb edir. “Mənziliniz mübarək!” – deyib söhbətə körpü salırıq. Müsahibim dərhal formasını əyninə alır. Sağ əlini yaxşı işlədə bilmədiyinə görə yoldaşı ona kömək edir. Medallarını sinəsinə taxır– həvəslə, sevgi ilə: – Hələ ikisi qalır, onu da verəcəklər, – deyir. Ordu sıralarından tərxis olunsa da, onun bizimlə adi ev geyimində deyil, hərbi formada cəsur döyüşçü obrazında dialoqa girmək istəyi nəzərimizdən yayınmır. Gəncin sevərək seçdiyi peşəsinə olan məhəbbətini, formasına olan sevgisini, sonu zəfərlə bitən müharibə xatirələrini bölüşmək həvəsini səmimi təbəssümlə qarşılayıb söhbətinə diqqət kəsilirik. 
    Naxçıvan Əlahiddə Ümumqoşun Ordunun xüsusi təyinatlılarında xidmət etmiş müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu Fərman Mirzəmmədov 2000-ci ildə Babək rayonunun Kərimbəyli kəndində dünyaya göz açıb. Hərbi xidmətini başa vurduqdan sonra ailənin ilk övladı olan Fərman ömrünü orduya bağlamağı qərara alıb. Onu hərb peşəsinə bağlayan düşmənin murdar ayağını torpaqlarımızdan təmizləmək, 20 Yanvar və Xocalı faciələrinin qisasını almaq idi. 2020-ci il ok­tyabr ayının 17-si Naxçıvandan yollanan qrupun tərkibində ölüm-dirim mübarizəsinə qatılan Fərmanın döyüş yolu Cəbrayıl, Füzuli, Xocavənddən keçir. 
    Vətən müharibəsi iştirakçısı kimi qələbənin qazanılmasına töhfə verdiyi üçün qürur duyan Fərman Mirzəmmədov “Vətən müharibəsi iştirakçısı”, “Xocavəndin azad olunmasına görə”, “Füzulinin azad olunmasına görə” və “Cəsur döyüşçü” medalları ilə təltif olunub. 
   – Lazım gələrsə, yenə də torpaqlarımızın müdafiəsində dayanmağa, döyüşməyə, canımı fəda etməyə hazıram. Zəfər xəbərini mən xəstəxanada eşitdim tibb bacılarından. İnanın, sevindiyimdən ağladım. Biz bu yolda çox şəhid verdik, nə qədər yaralılarımız oldu. Zəfər bizim haqqımız idi. O torpaqların sahibi kimi dönüşümüz də qəhrəmancasına oldu. Düşmən tərəfi kimi hiylə işlətmədən, səngərdən qaçmadan, döyüş meydanını tərk etmədən. Sonuna qədər döyüşdük alnıaçıq, üzüağ. Ölümün üzünə belə, dik baxdıq, əyilmədik, sınmadıq.  
    2021-ci il fevralın 8-də Vətən müharibəsi iştirakçıları ilə görüşən Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri cənab Vasif Talıbov demişdir: “Vətən müharibəsində Azərbaycanı qələbəyə aparan da milli ruh, milli iradə və vətənpərvərlik oldu. Bu səbəbdən də vətənpərvərlik tərbiyəsi daim diqqətdə saxlanılmalı, şəhidlərimizin, Vətən müharibəsi iştirakçılarının döyüş yolu gənc hərbi qulluqçular üçün nümunə olmalıdır”. 
    Vətənpərvərlik tərbiyəsi öncə ailədən başlayır. Valideynlərinin xeyir-duası ilə müharibəyə yollanan, sinəsi medallı qalib əsgər kimi dönüşündən ruhlanan Fərmanın kiçik qardaşı Azər bu il sənədlərini Hərbi Liseyə verib və kursant adını qazanıb. 
    Məlum olduğu kimi, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev 2021-ci il sentyabrın 23-də “Naxçıvan Muxtar Respublikası ərazisində yaşayan Vətən müharibəsi ilə əlaqədar şəhid ailəsi statusu almış, habelə müharibə ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslərin mənzil-məişət şəraitinin yaxşılaşdırılması haqqında” Sərəncam imzalayıb,               1 milyon manat vəsait ayrılıb. Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2020-ci il 14 dekabr tarixli Fərmanına əsasən isə Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar yaralananların və şəhid ailələrinin təminatına dəstək fondu yaradılıb. 2021-ci ildə ölkə Prezidentinin müvafiq Sərəncamı ilə ayrılan və dəstək fondunun vəsaitləri hesabına muxtar respublikada 23 şəhid ailəsi və qazi mənzillə, 18 Vətən müharibəsi iştirakçısı avtomobillə təmin olunub, müvafiq kateqoriyadan olan 23 şəxsin müalicə və müayinəsinə köməklik göstərilib, şəhid ailələri və qazilərdən 17-nin kredit borcu ödənilib, 25-nin isə mənzilləri təmir olunub.
    Görülən işlərin davamı kimi ötən il dekabrın 24-də 3 şəhid ailəsinə və 2 qaziyə mənzillər, 10 Vətən müharibəsi iştirakçısına isə avtomobillər təqdim olunub. Mənzil alan qazilərdən biri də Fərman Mirzəmmədovdur. Fərman yeni ili ailəsi ilə birlikdə yeni mənzilində qarşılayıb. Tezliklə mənzili körpə qığıltısı bürüyəcək, işıqlı mənzili daha da çıraqban edəcək. Xeyirli, uğurlu olsun!

Ruhiyyə RƏSULOVA
Naxçıvan Televiziyasının baş redaktoru

Nəşr edilib : 21.01.2022 21:10