AZ EN RU

Vətənə heyranlığın nümunəsi – İslam Səfərli

Daha çox “nəğməkar şair... dramaturq... gözəl insan...” kimi haqqında bəhs olunan İslam Səfərli özünün yaradıcılıq məzmunu, idealları və sənətkarlğı ilə Azərbaycan ədəbiyyatının ən gözəl səhifələrindən birini təşkil edir. Poeziyasının axıcılığı, qəlbə yatımlılığı və musiqililiyi ilə özünəməxsusluq ifadə edən İslam Səfərli yaradıcılığı, heç təsadüfi deyil ki, bir çox mahnıların mətninin də əsasında dayanır. Baxmayaraq ki, şeriyyəti xüsusi bir bədii təsir gücünə malikdir, bu görkəmli ədibin ədəbiyyatımızı zənginləşdirən qiymətli dramaturji əsərləri də ədəbi baxımdan olduqca diqqətəlayiqdir. Onun “Göz həkimi” əsəri ədəbi mühitdə qiymətləndirilən dərin məzmunlu əsərlərdən biridir. Ədibin “Göz həkimi”, “Ana ürəyi”, “Yol ayrıcı”, “Xeyir və Şər”, “Dədəgünəş əfsanəsi” və başqa əsərləri müxtəlif vaxtlarda, ayrı-ayrı bölgələrdə tamaşaya qoyulmuş, tamaşaçı rəğbəti qazanmış dramturji yaradıcılıq nümunələridir. Böyük sənətkar haqqında deyilən “nəğməkar şair” ifadəsi də olduqca haqlı ifadədir. Bir çox sevilən, gözəl mahnılarımız məhz İslam Səfərlinin yaradıcılıq nümunələri əsasında yazılmışdır. Sevə-sevə oxuduğumuz və Rəşid Behbudovun adamın qəlbini titrədən həzin, gözəl səsilə qulaq asdığımız “Ana” mahnısının sözləri də, “Bilmədin”, “Ay öpüşən dalğalar” və onlarla digər mahnılar da İslam Səfərlinin musiqililik əks etdirən gözəl əsərlərinin əsasında yazılmışdır.

İslam Səfərli yaradıcılığı özünün mövzu, məzmun və sənətkarlıq xüsusiyyətlərilə xüsusi əhəmiyyətə malikdir. Sadə bir insan kimi diqqəti cəlb edən İslam Səfərli bir şair kimi yaradıcılığında olduqca böyük, zəngin, məzmunludur. Fikrimizcə, bu böyüklük sənətkarın vətəninə hədsiz sevgisinin tamlığında, səmimiliyində, ölçüsündədir. Bütün Azərbaycan onun yaradıcılığında az qala qarış-qarış, yer-yer, şəhər-şəhər, kənd-kənd, insan-insan əks olunubdur. Vətənimiz Azərbaycanın böyüklüyü, bütün heyrətamiz gözəlliyi bu görkəmli ədibin yaradıcılığında bir vətəndaş qəlbindəki təəssürat ilə tərənnüm və təsvir olunub. Çox haqlı deyilib ki, İslam Səfərli vətəndaş şairdir. Onun şeirləri vətəndaşlıq ruhunun güclülüyü, doğma torpağa olan məhəbbəti ilə seçilir. Bu da tamamilə doğrudur ki, İslam Səfərlinin yaradıcılığında baş mövzu Azərbaycandır. Bu mənada şairin yaradıcılığında xüsusi yer tutan “Sənə qurban canım, Azərbaycanım!”, “Odlar vətəni”, “Azərbaycanım”, “Əbədi beşik” və sair kimi şeirləri şairin vətənə, torpağa, elə olan ən ülvi, əzəmətli, hüdudsuz sevgi duyğularının ifadəsidir. Bu şeirlərdə Azərbaycanın hüdudları nə böyüyür, nə də kiçilir, sadəcə, hər sətirdə vətənin ölçüsü vətən məhəbbətilə çırpınan bir qəlbin zəngin, həssas baxışları ilə biçilir, “xəritələnir”. Yalnız bu mənada bu sətirlərdəki Azərbaycan “coğrafı Azərbaycan”dan daha böyük, əzəmətli, gözəl və bənzərsiz təsir bağışlayır:

        Torpağın ətrini sinəmə çəkdim,

              dodağı gül açdı,

               ürəyim çiçək.

        Xəzər sahilində bir çinar əkdim,

              söyüdlər nazlandı

                gülümsəyərək.

        Dəniz mahnısını oxudu sanki,

             ətəyi ləpəli,

                 qırçınlı Bakı...

        Kükrədi ilhamım, qaynadı qanım,

       Sənə qurban canım, Azərbaycanım!

İslam Səfərli vətənə sevgi motivli şeirlərində özünəməxsus yol seçərək vətən gözəlliklərini, xalq adət-ənənələrini, milli dəyərlərini və sair tanıtmaq və təbliğ üslubu ortaya qoyur. Bu əsərlərdə sənətkarın vətəni Azərbaycanın gözəlliyi, barı-bərəkəti, zənginliyi öz əksini tapdığı kimi, həm də ədibin mənsub olduğu xalqın müdrikliyi və böyük mənəviyyatı təcəssüm olunur. İslam Səfərli öz yaradıcılığında gözünü açıb böyüdüyü, boya-başa çatdığı, havasını udduğu, suyunu içdiyi, çörəyini yediyi, duzunu daddığı, qızlarını sevdiyi Naxçıvanı da bütün ruhu, sevgi dolu qəlbilə vəsf edib, küçə-küçə, oba-oba, yaylaq-yaylaq, el-el, yol-yol gəzib yad edir:

Vüqarlıdır zirvələrin, daşların,

Üzü gülür qayaların, daşların.

Mən İslamam, öz səsimi quşların,

Nəğməsinə qata-qata gəlmişəm,

Mərcan gözlü Batabata gəlmişəm.

“Gəlmişəm”, “Naxçıvanım”, “Naxçıvan yadigarı”, “Batabat bulağı”, “Badamlı”, “Xal-xal meşəsi” və ədibin başqa şeirləri uşaqlığın, gəncliyin, eləcə də şöhrətli vaxtların xatirində qalan Naxçıvanın sözdən cızılmış təsviridir. Bu əsərlər içərisində “Naxçıvan yadigarı” şeiri ayrıca bir əhəmiyyətə, formaya malikdir. Müəllif “Naxçıvan yadigarı” şeirində sanki öz oxucusunun əlindən tutub Naxçıvanı gəzdirir, ona küçəbəküçə, evbəev bələdçilik, tanışçılıq edir. Şair təkcə vətənini yer-yer təsvir etmir, həm də elinin həyat tərzini, adət-ənənələrini də bədii təsvirin obyektinə çevirir. Ədib elinin qürub vaxtı “qoyun sürülərinin” kəndə gəlişindən tutmuş, “axşam qürubunun” düşməsinə qədər bütün həyat və yaşayış tərzini özünün söz qüdrətilə təsvir edir.

İslam Səfərli Azərbaycanı insan-insan da tanıdır, vəsf edir. O, Azərbaycanı böyük “qəlb şairi” Füzuli, Nəsimi, Mirzə Cəlil, Sabir, C.Cabbarlı, S.Vurğun, M.Müşfiq, F.Əmirov, Q.Qarayev, R.Behbudov və başqa nəhəng simaları ilə də tərənnüm edir, bu nəhəng, zirvə insanların şöhrət, istedad cilaları ilə Azərbaycanın nailiyyətlərini ifadə edir. İslam Səfərli yaradıcılığında Vətən “Azərbaycan”la, onun ayrı-ayrı “yurdlar”ı və “insanlar”ı ilə bütövləşir, “vətən, milli sevgi və vətəndaşlıq” çalarları ilə obrazlaşır. Onun geniş və zəngin yaradıcılığı “ana” və onun “laylası” ilə, “Vətən” və onun “dili” mahiyyətində birləşir, “ana-vətən”, “laylay-dil” vəhdətində, bütövlüyündə Azərbaycanı təqdim edir, onun zəngin mənəviyyat və əxlaq ucalığını göstərir. Şair:

Dilim – su kimi büllur,

Bal kimi şirindir.

Elim –

vətən adlı ilk sevgilimdir.

...Dilim –

dillər tacı olsun deyirəm,

Öz dilini sevməyənlər,

lal olub yerə girsin

bir kəlmə söz möhtacı olsun deyirəm,

– deyə milli dəyərlərə bağlılıq nümayiş etdirmişdir.

İslam Səfərli yaradıcılığının birinci səciyyəvi xüsusiyyəti, fikrimizcə, onun səmimiliyində, özünü qəlbən, daxilən necə varsa ifadə etməsindədir. Ədib heç bir hissini böyütmür, yaxşı desinlər deyə nəyisə artırmır, özünü şişirtməkdən, idealizə etməkdən kənar olur. O, bütün yaradıcılığı boyu həyatı, yaşayışı, düşüncəsi, hissi, heysiyyəti, fəlsəfəsi, sevgisi, niyyəti və sair ilə tam şəkildə əks olunan və necə varsa görünən bir adi insan, yeri gələndə vətəndaş, şair, vətən oğlu, əsgər, bir anaya oğul, nəvəyə baba, oğula-qıza ata, nənəyə nəvə, bir dost, yeri gələndə hətta mərdanə bir düşmən kimi yaradıcılığında əksini tapır. Bütün bu deyilənlər baxımından şair İslam Səfərli öz yaradıcılığında insanın bütün tərəflərilə düşüncə və duyğularını mükəmməl surətdə ifadə etdirməklə özünün mükəmməl lirik mənini yaratmışdır.

Ümumiyyətlə, düşünəndə ki, İslam Səfərli şeriyyətinin qüdrəti nədədir? Cavab tapırsan ki, fikrimizcə, onun sözünün, şeirinin təsirliliyi, axıcılığı, qəlbə, ruha doğmalığındadır. Sözünün təsirliliyi, axıcılığı, qəlbə, ruha doğmalığınin sirri nədədir? Diqqət edilsə, sənətkarın yaradıcılıq dilinin ana dilinə bağlılığında, bütün incəliyi ilə ədibin ana dilinə bələdçiliyndə, xalq ifadə üslubuna yaxınlığında, ana dilinin bütün imkanlarını bilmək və onlardan maksimum istifadə bacarığında, sintaksisinin sadəliyindədir. Biz İslam Səfərli yaradıcılığında Səməd Vurğun, Məmməd Araz və başqa nəhəng ədəbi simaların yaradıcılığından duyduğumuz təsiri duyuruq. Fikrimizcə, bu sirr ondadır ki, İslam Səfərli də, adlarını qeyd etdiyimiz və etmədiyimiz Azərbaycan şairlərinin yaradıcılıqlarının nüvəsində dayanan şirin Azərbaycan dilinin zəngin imkanlarından maksimum istifadə cəhdini nümayiş etdirmişdir. Ədib ən incə, mənəvi fikirlərini ifadə edərkən ana dilimizin zəngin imkanları şairin sənətkarlıq qüdrətinin sayəsində dolğun ifadə vasitəsinə çevrilir. Maraqlıdır ki, təsadüfən üslubu və məzmunu böyük şairimiz Bəxtiyar Vahabzadəninki ilə üst-üstə düşən fikirlərindən birində belə deyilir: “İslam Səfərlinin... mahnıları bu gün də xalqın dilindən düşmür, sevilə-sevilə oxunur. Bunun səbəbi nədir? Dilində saflıq, duruluq, səmimiyyət, bir də poetiklik” (B.Vahabzadə). Necə ki şairin özü də sanki bu sirri açaraq “Heca vəznliyəm mən” şeirində belə deyirdi:

Musiqi kimi incə,

Zərif bir bəstədir söz.

Nə vəzndə-hecada,

Nə də sərbəstdədir söz.

Layla sevən körpətək,

Qulağı səsdədir söz.

Azərbaycan şeiritək

Qoca vəznliyəm mən.

Min bir bulaq axarlı

Heca vəznliyən mən.

  İslam Səfərli məhz belə təbli, belə sənətkar qüdrətli söz adamıdır. O, cəmi 51 il yaşasa da, Azərbaycan boyda ömür meydanında öz gözəl, yaddaqalan əsərləri, qəlbləri dilə, riqqətə gətirən şeirlərilə özünə əbədi bir heykəl, unudulmaz ad qoydu. Naxçıvanda doğulub boya-başa çatan ədəbi sima kimi Azərbaycan ədəbiyyatını zənginləşdirən gözəl şairimiz İslam Səfərli öz sözlərilə sanki insanlığın, şairliyin və vətəndaşlığın fəaliyyət fəlsəfəsinə tərif verərək mövcudluğun və varolmanın həqiqətini özünəməxsusluqla belə ifadə etmişdir:

        Günlər keçir birəm-birəm,

        Bir uğurlu yol gedirəm.

        Yurdumuzu vəsf edirəm

       Əldə qələm, dizdə varaq...

         Mənə qalan bu olacaq.

   Düz demişdi böyük şairimiz. Elə onu da əbədiləşdirən məhz gözəl, məna dolu şeirləri və şairliyi oldu.

Ramiz QASIMOV

AMEA Naxçıvan Bölməsinin şöbə müdiri, filologiya üzrə fəlsəfə doktoru, dosent

 

 

 

 

 

 

Nəşr edilib : 12.02.2024 00:01