AZ EN RU

Vətənə əmanət oğul

Əli Abbas oğlu Məmmədov

06.12.1997-23.10.2020

Əli çox sakit uşaq idi. Həm də çox mehriban, çox da səliqəli idi. Balaca vaxtından idmana meyil göstərirdi. Kəndin uşaqları ilə oynamaqdan yorulmurdu. Saatlarla idman edərdi. Dəfələrlə yarışların qalibi olub.

Qonşumuz Novruz Həsənli şəhid olmuşdu. O, Əlinin dostu idi. Novruz şəhid olanda Əli İstanbuldaydı. Oradan gəldikdən sonra Novruzun məzarına getmişdi. Məzarın şəklini çəkmişdi. Altında da yazmışdı ki, narahat olma, qardaşım, mən də sənin yanına gələcəyəm. Elə də oldu. Sanki ürəyinə damıbmış. Əli müharibəyə getdi. Müharibədə əsgər yoldaşlarına deyib ki, öləndə məni Novruzun yanında dəfn edərsiniz. Biz ona görə Əlini Şərur Şəhidlər xiyabanında deyil, şəhid Novruzun yanında dəfn etmişik.
Sonuncu danışığında dedi ki, ana, biz dağa gedirik. On beş günə gələcəyəm. Düz on beşinci gün balamın şəhid xəbəri gəldi. Döyüşdə olduğu vaxt tez-tez danışırdı. Hər dəfə danışdıqca deyirdi ki, Təhminə sizə əmanət. Sonuncu dəfə dedi ki, ata, müharibədir, hər şey ola bilər. Özünüzdən muğayat olun.  
Ata olacağını şəhid olmamışdan iki gün əvvəl bilmişdi Əli. Eşidəndə çox sevinib. Döyüş yoldaşlarına deyirmiş siz əmi olacaqsız, dayı olacaqsız.
Düzdür, Əli bizim başımızı uca edib. Torpaqlarımızın azad olunmasında igidlik göstərib. Ölümün gözünə dik baxıb. Sonda da şəhidliyə yüksəlib. Amma ayrılığı çox çətindir. Dözmək olmur. Birdən ürəyim Əlini elə istəyir ki, heç olmayan kimi. Əli şəhid olduqdan sonra bir oğlu dünyaya gəldi. Atasının adını vermişik nəvəmizə. O da balaca qəhrəman Əlidir. Balaca Əli atasına o qədər oxşayır ki. Bütün hərəkətləri ilə tamamilə atasıdır. İnşallah, atasına layiqli övlad olar. Atası kimi igid, qəhrəman oğul olar.
Allah bütün şəhid balalarımızın məkanını cənnət, ruhunu şad etsin. Biz övladımızı böyüdüb Vətənə əmanət etdik. Vətən sağ olsun!

 

Nəşr edilib : 06.05.2024 11:06