AZ EN RU

Vətəndən uzaq olsaq da...

    Mən Rusiyanın İrkutsk şəhərində, Azərbaycan ailəsində dünyaya gəlmişəm. 2002-ci ildə Bakıya, 2011-ci ildə isə İspaniyanın Torrelaveqa şəhərinə köçmüşəm. Ailəliyəm, 3 övladım var. Hər üçü İspaniyada dünyaya gəlib və hazırda burada təhsil alır.
    Vətəndən kənarda yaşamaq, yeni ölkəyə, yeni insanlara və yeni adətlərə adaptasiya olmaq, həqiqətən də, çətindir. Lakin insan təbiəti hər bir mühitə öyrəşməyə qadirdir. 
    Onu da deyim ki, Vətəndən uzaqlarda da milli dəyərlərimiz bizimlədir.
    Biz hər nə qədər fərqli ölkədə olsaq da həmişə milli bayramlarımızı qeyd edir, tez-tez burada yaşayan həmvətənlərimizlə görüşüb Vətəndəki günlərimizi yad edirik. Azərbaycanın həm sevincinə, həm də kədərinə şərik oluruq. Bunun ən bariz nümunəsi isə 44 günlük Vətən müharibəsidir. 
    Həmin dövrdə bizim də qəlbimiz xalqımızın, əsgərlərimizin yanında idi. Ön cəbhədə ola bilməsək də, informasiya cəbhəsində fəal idik. Buradakı ispanları məlumatlandırır, sosial şəbəkələrdə ölkəmizi layiqincə təmsil etməyə çalışırdıq. Bu gün isə bir azərbaycanlı olaraq öz övladlarıma bu dəyərləri aşılayır, onları vətənpərvər ruhda böyütməyi özümə borc bilirəm.

Emiliya Aslanova
İspaniya, Torrelaveqa

Nəşr edilib : 30.12.2023 19:50