AZ EN RU

Vətəndən pay olmayır

    Vətən – ana, yəni həyat, yəni hər şey.
    Vətən – şəhid qanı ilə yoğrulmuş torpaq.
    Vətən – qeyrət, namus, şərəf, ləyaqət.
    Bəs elə isə, Vətəndən pay olarmı?!

    Dörd bir tərəfi yalçın qayalarla, başıqarlı, vüqarlı, dəyanətli dağlarla əhatə olunmuş bir yurd yerində yaşamaq fərqli duyğular, mənalar yükləyir taleyimizə. Hər dəfə əlimə qələm alıb doğma el-obamdan yazarkən belə bir diyarın övladı olduğum üçün fəxr edirəm, qürur duyuram. Haqqında danışdığım məmləkət qəlbində “Vətən daşı” daşıyan hər bir kəsin canı qədər sevdiyi Azərbaycandır. Onun hər qarış torpağı, hər dağı, hər dərəsi, hər çayı bizim üçün əzizdir, dəyərlidir. Vətən sənsən, mənəm, ey mənim həmvətənim, soydaşım. Vətən bizik. Vətən gənc yaşında, ömrünün ən gözəl çağında yurdunun səsinə səs verib, xalqını qaranlıq günlərdən aydın çağlara çıxaran, son nəfəsində “təki Vətən sağ olsun!”, – deyən şəhid qardaşlarımın ən gözəl arzusu, namusu, qeyrətidir. Çünki şəhidlik “mən Vətənimi sevirəm”, – deyənlərə Vətəni necə sevməyin ən gözəl nümunəsidir. Şəhidlik ən uca zirvədir, şəhidlər isə əbədiyyət yolunun yolçuları. Bunu heç kim inkar etmir, edə də bilməz. Onları bu ucalığa aparan nə idi bəs? Hər birimizə məlumdur o illər... Birinci Qarabağ müharibəsinin başlanması ilə nə az, nə çox 30 ilə yaxın bir müddətdə çapıldı, talandı doğma yurdumuz, isti ocağımız. Hər nəfəsdə, hər baxışda, hər gündüz-gecədə hiss etdik Qarabağ yaramızın ağrısını. Necə keçdi illər, sanki 28 il deyil, əsrlər oldu, Qarabağsız keçən hər gün illərə bərabər oldu... Amma pis günün ömrü az olur, – deyiblər. Xatırlayaq həmin günləri, tariximizin səhifələrinə al-qanla yazılan 44 günlük haqq mübarizəmizi. Başda Ali Baş Komandanın sarsılmaz əqidəsi, ardınca rəşadətli ordumuzla birgə xalqımızın “Dəmir yumruq” kimi birləşib əsl vətənpərvərlik, hünərvərlik nümayiş etdirməsi 44 gündə sevgi və qəhrəmanlıq boylarından ibarət ibrətamiz bir dastan yaratdı. Nə idi bizlərin qəlbində sevgi alovunu bu qədər körükləyən? Nə idi bizi bir anın içində qələbəyə ruhlandıran? Tək bir cavab, tək bir söz : Vətən, Vətən, Vətən!
    Qəlbimizdə düşmənə bəslədiyimiz intiqam hissi idi bizi aydın sabahlara çıxaran. Heç vaxt ümidimizi itirməmişdik, ruhdan düşməmişdik. Vətən oğullarını sevinc içində cəbhəyə aparan, ölümün üzünə gülümsədən, günlərlə ac-susuz, yuxusuz qalmağa məcbur edən, öz yaralı əsgər yoldaşını çiyninə alaraq onu təkrar həyata qaytaran, yaralansa belə, geri çəkilməyən Azərbaycan əsgərini güclü edən həmin intiqam atəşi idi. Bu atəş 28 il idi ki, bizi içdən yandırırdı. Qoy indi məkrli niyyəti ilə öz həyatını belə zülmətə çevirən düşməni kül etsin! Böyük Qarabağ zəfərindən sonra ömrümüzdən keçən hər bir gün yeni-yeni uğurlarla düşmənə haqqın, ədalətin kimin tərəfində olduğunu yaxşı başa salır. Elə bu gün də olduğu kimi... Ali Baş Komandanın öz şəxsi saytında və ölkəmizin bütün xəbər portallarında yayımlanan “Bu gün, avqustun 26-da biz – azərbaycanlılar Laçın şəhərinə qayıtmışıq. Azərbaycan Ordusu Laçın şəhərinə yerləşdi. Zabux və Sus kəndləri nəzarətə götürüldü” sözləri yenidən qəlbimizi qürurlandırdı, bütün elimizə sevinc, xoşbəxtlik bəxş etdi. Qədim diyarımız Laçın şəhərindən aldığımız o xoş xəbər bir daha təsdiq etdi ki, Azərbaycan güclü dövlətdir və onun güclü ordusu var!
    Biz intiqamımızı 44 günlük II Qarabağ savaşında aldıq, Xocalıda, Qaradağlıda, Laçında, Kəlbəcərdə, bir sözlə, Qarabağın hər qarışında layiqincə aldıq. Biz ötən əsrin qanlı-qadalı illərində Azərbaycanın hər yerində öldürülən körpələrin, qadınların, anaların, düşmən əlinə keçməmək üçün özünü dağdan atan qız-gəlinlərimizin intiqamını aldıq. Biz azadlığımızı, müstəqilliyimizi, yəni layiq olduğumuz hər şeyi aldıq:

            Bilir ərlər, ərənlər
            Vətənə tay olmayır,
            Ömürdən pay verərlər,
            Vətəndən pay olmayır!

    Dəyərdi haqqın, ədalətin qələbəsi üçün canından keçməyə, dəyərdi azğın, murdar düşməni əzmək üçün çəkilən bütün əziyyətlərə, itkilərə. Təki Vətən sağ olsun! Üçrəngli bayrağım yenə dalğalansın Qarabağımda, təki Vətənimizin yarası sağalsın. Təki Vətən sağ olsun! 

Zeynəb XƏLİLOVA
Naxçıvan Dövlət Universitetinin
Jurnalistika ixtisası üzrə III kurs tələbəsi

Nəşr edilib : 26.08.2022 20:19