AZ EN RU

Vətəndaşlarla görüş

    Naxçıvan Muxtar Respublikası kənd təsərrüfatı nazirinin müavini, kənd təsərrüfatı naziri vəzifələrini müvəqqəti icra edən Xəyalə Dadaşova Kəngərli Rayon İcra Hakimiyyətinin başçısı Kamal Ələkbərovun iştirakı ilə rayonda fəaliyyət göstərən təsərrüfat sahibləri ilə görüşüb.
     Görüşdə Kənd Təsərrüfatı Nazirliyinin dəvəti ilə Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) Naxçıvan Muxtar Respublikasındakı nümayəndəsi Aygün Quliyeva da iştirak edib.
    Kəngərli Rayon İcra Hakimiyyətinin başçısı Kamal Ələkbərov keçirilən görüşün əhəmiyyətindən və rayonda aqrar sahədə görülmüş işlərdən danışıb.
   Görüşdə Xəyalə Dadaşova dövlət başçısı cənab İlham Əliyevin Sərəncamı ilə təsdiq edilmiş “2023-2027-ci illərdə Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafına dair Dövlət Proqramı” haqqında danışaraq qeyd edib ki, Dövlət Proqramında aqrar sahənin inkişafı istiqamətində bir çox məsələlər qarşıya hədəf kimi qoyulub. Bu məsələlərin icrası aqrar sahənin müasir dövrün tələblərinə uyğun innovasiyayönümlü inkişafının təmin edilməsinə, bitkiçiliyin və heyvandarlığın təşkilində yeni yanaşmanın tətbiqi ilə məhsuldarlığın yüksəldilməsinə, innovativ suvarma metodlarının genişləndirilməsinə öz töhfəsini verəcək. Nazir müavini gələcəkdə bitkiçilik sahəsində rayonlaşmış kənd təsərrüfatı bitkilərinin əkilib-becərilməsinə, heyvandarlığın inkişafında isə süni mayalanma tədbirlərinin aparılmasına üstünlük verilməsinin vacibliyini vurğulayıb.
    KOBİA-nın Naxçıvan Muxtar Respublikasındakı nümayəndəsi Aygün Quliyeva təsərrüfat sahiblərinə təsərrüfatların inkişaf etdirilməsi, onların kiçik və orta sahibkarlara çevrilmələri üçün güzəştli şərtlərlə kreditlərin verilməsinə köməkliklərin göstərilməsi istiqamətində işlər həyata keçirəcəklərini bildirib.
    Müzakirələr zamanı təsərrüfat sahibləri tərəfindən meyvə bağlarına subsidiyanın verilməsi, keyfiyyətli toxum, kənd təsərrüfatı texnikalarının ehtiyat hissələri ilə təminatı və suvarma suyunun təmin olunmasına köməklik göstərilməsi məsələləri gündəmə gətirilib. 
    Tədbirin sonunda Kəngərli rayonunun Qıvraq qəsəbəsində və Xıncab kəndində meyvə bağlarına, o cümlədən biçin həyata keçirilən taxıl sahələrinə baxış keçirilib.

Naxçıvan Muxtar Respublikası Kənd Təsərrüfatı 
Nazirliyinin mətbuat xidmət

Nəşr edilib : 05.07.2023 20:45